Cordan Hendersonun “Liverpul”dan “Əl-İttifaq”a keçidi yayın ən təzadlı tarixçələrindən biri oldu.
"Football-plus.az" xəbər verir ki, premyer-liqa çempionluğunu və Çempionlar Liqasını qazanan kapitanın Səudiyyə Ərəbistanına gedişi heç də birmənalı qarşılanmadı. Çoxları belə hesab edir ki, İngiltərə yığmasının oyunçusu ərəblərin təklif etdiyi böyük pulları mənəvi məsələlərdən üstün tutdu. Henderson bu keçid haqda indiyə qədər danışmamışdı. Nəhayət, “sükut buzunu qıraraq” “The Athletic”in əməkdaşlarıyla söhbətdə ilk dəfə qərarını şərtləndirən səbəbləri izah edib, ünvanına yönələn tənqidlərə cavab verib.
- Sənin bütün mövsümöncəsi hazırlığının “Liverpul”a dönüşə, premyer-liqada çıxış etməyə hesablandığı görünürdü...
- Məhz elə belə idi. Ötən mövsümün sonunda baş məşqçi ilə qarşıdakı mövsüm, heyətə cəlb etmək istədiyimiz oyunçular, onun planları haqda söhbətimiz oldu. Yayda intensiv məşq dönəmi keçdim ki, “Liverpul”a qayıdanda ən yaxşı formada olum.
- Sən “Liverpul”un kapitanı olmusan, premyer-liqanın və Çempionlar Liqasının kubokunu başın üzərinə qaldırmısan. Bütün bunlar nə vaxt dəyişməyə başladı? Səudiyyə Ərəbistanı liqasından göz dikənlər var idi? Bəlkə Yürgen Klopp sənə planlarına daxil olmadığını demişdi?
- Həyəcan doğuran bəzi məqamlar var idi. Yürgenlə münasibətlərim həmişə yaxşı olub, mənlə səmimi davranıb. Aramızdakı söhbətin təfərrüatına varmayacam, çünki özəl söhbətdi, ancaq baş məşqçi məni elə vəziyyətə qoydu ki, çox oynamayacağımı anladım. Bildim ki, mövqeyimə yeni oyunçular gələcək. Hamı, xüsusən də baş məşqçi yaxşı bilir ki, oynamamaq mənim üçün çətindi. Özü də belə uzun müddət komandada qalandan, kapitan sarğısını taxandan sonra. Xüsusən də İngiltərə yığmasında oynamaq mənim üçün belə vacib olanda. Axı Avropa çempionatı burnumuzun ucundadı. Sonra isə “Əl-İttifaq” kluba müraciət etdi ki, mənim ora keçə bilib-bilməyəcəyimi öyrənsin. Klubun reaksiyası yenə də “yox” deməkdən ibarət deyildi. Həmin məqamda hiss etdim ki, mənim dəyərim və ya bu məşqçi və klub ilə qalmaq istəyim bəlkə də dəyişib. Belə anın nə vaxtsa yetişəcəyini bilirdim. Ancaq məhz indi olacağını düşünmürdüm. Və bu reallığı qəbul etmək lazım gəldi. Həm Klopp, həm də klubun sahibləri ilə münasibətlərim yaxşıdı. Həmişə də belə olacaq. Son 12 ildə birgə nail olduğumuz uğurlar qeyri-adidi. Ancaq eyni zamanda yeni durumu qəbul etmək mənə çətin idi.
- Bəlkə də qəlbinin dərinliklərində onlara deyirdin ki, “mən, sadəcə, sizin bir qədər mənim uğrumda mübarizə aparmağınızı istəyirəm”, “qalmağım üçün mübarizə apararsızmı?”
- Bu adamlardan hansısa mənə desəydi ki, “sənin qalmağını istəyirik”, yəqin indi həmsöhbət olmazdıq. Və beləcə mən karyeramın sonrakı bölümü ilə bağlı düşünməyə məcbur idim. Bu o anlama gəlmir ki, onlar məni klubdan getməyə məcbur etdilər və ya getməyimi istədiklərini dedilər. Ancaq heç bir halda hiss etmədim ki, klub və ya bir başqası qalmağımı istəyir.
- Bəs niyə Səudiyyə Ərəbistanından gələn təklifi seçdin? Başqa imkanlar var idi? İndi bu suallar çoxlarını düşündürür.
- Karyeramın son mərhələsini yaşayıram və futbol oynayarkən xoşbəxt olmaq istəyirəm. Mən oynamaq istəyirəm. Ehtiyat oyunçular skamyasında əyləşib 10 dəqiqəliyə meydana çıxmaq niyyətim yoxdu. Və onu da bilirdim ki, bu məqam İngiltərə yığmasında oynamaq şansıma təsir edəcək.
- “Liverpul” əvvəllər də sən klubda olduğun müddətdə yarımmüdafiəçilər alıb – Tyaqo Alkantara, Nabi Keyta. Və həmişə yeni çağırışlara cavab vermisən. Mən belə anlarda düşünürdüm ki, doğrudanmı, Cordanın problemləri olacaq? Və sən hər dəfə daha güclü təsir bağışlayırdın. Bəs bu dəfə ürəyindən belə hiss keçdimi, yəni öz-özünə dedinmi ki, yaxşı, bunlar məni istəmir-istəməsin, ancaq mən qalacam və gücümü sübut edəcəm?
- 100 faiz. Yaydakı intensiv məşq rejiminin mahiyyəti də elə bundan ibarət idi. O qədər çox işlədim ki, adamlar klubun düşərgəsinə hansı formada döndüyümü gördülər. Ancaq məhz dönəndən sonra gördüyüm mənzərə məni bir daha bu mövzuda düşünməyə məcbur etdi: belə vəziyyətdə etdiklərimin bir mənası varmı?
- Başqa variantları gözdən keçirdinmi, yoxsa ancaq “Əl-İttifaq” variantı var idi?
- Düşünürəm ki, bir çox klub “Liverpul”dan ayrılmağımın mümkünlüyünü bilirdi. Axı yay boyunca bu haqda çox danışılırdı. İstərdim ki, sizin önünüzdə oturanda ərklə dünyadakı hər klubun məni istədiyini deyim. Ancaq reallıq bundan ibarətdi ki, heç də belə deyildi. Liverpul uşaqlarımın dünyaya gəldiyi, çox şeyə nail olduğum yerdi. Mən klubu, azarkeşləri sevirəm, onlara qarşı oynamaq yeni çağırış olsa da, bunun mənim üçün düzgün yol olduğunu düşünmürəm.
- “Brayton” və ya “Brentord” səviyyəsində kub müştəri düşsəydi, nə olacaqdı ki? Yoxsa sənin fikrin belə idi: “Avropa futbolunda qalmaq istəyirəmsə, yalnız top-səviyyədə oynamaq istəyirəm”.
- Məni həyəcanlandıran nəsə istəyirdim. Dediyim o anlama gəlməsin ki, bu klublar məni həyəcanlandırmazdı. Bunlar həqiqətən böyük klublardı. Sadəcə, mənə elə yer lazım idi, hansısa dəyər əlavə etdiyimi hiss edim, yeni nəyisə sınayım. Və belə imkanı Stiven Cerrardın (“Əl-İttifaq”ın baş məşqçisi – red.) yanında tapdım. Tam fərqli liqa, fərqli mədəniyyət, qarşıya qoyulan layihənin həyəcanlandırıcı yönləri, təcrübəmdən yararlanmaq istəkləri, adamların bunu dəyərləndirdiyini hiss etməyim... Özünü arzulanan biri kimi hiss etmək çox xoşdu. Stivinin gerçəkdən məni yanında görmək istədiyini bilirdim. Onu da bilirəm ki, klub həqiqətən xidmətimdə maraqlıdı. Rəhbərlik istəyir ki, nəsə qalıcı bir şey yaradaq, yaxşı kluba çevrilək.
- Bu dəyər pul vahidlərində də əksini tapırmı? Bilirsən ki, sənin yeni layihə, çağırış, Stivi və həyəcan haqda dediklərinə inanmayanlar da tapılacaq, dərhal düşünəcəklər ki, yalan deyir, pulun ardınca gəlib.
- Bu, məsələnin ən mürəkkəb tərəfidi. Adamlar görür ki, bu klub pul kisəsi ilə gəlir, mən isə deyirəm ki, yaxşı, getdik. Baxmayaraq ki, əslində belə olmayıb. Adamlar mənə inana və ya inanmaya bilər. Ancaq həyatımda və karyeramda pul heç vaxt əsas motivasiya olmayıb. Heç vaxt! Məni yanlış anlamayın, sən bir yerdən başqasına köçürsənsə, məsələnin işgüzar tərəfi sərfəli olmalıdı. Sənin maliyyən olmalıdı, kiməsə lazım olduğunu, dəyərləndirildiyini hiss etməlisən. Və pul da bunun bir hissəsidi. Ancaq bu yeganə səbəb deyildi. Heç pul məsələsi danışılmamış layihə haqda söhbətlər öndə idi.
- Açıq danışaq. Həftədə 700 min funt və ya “Liverpul”dakından dörd dəfə artıq qazanacağın haqda söhbətlər geniş yayılıb. Deyilənlər doğrudu?
- Yox. Məhz elə belə olmasını istərdim (gülür). Yox, səmimi deyirəm ki, rəqəmlər, sadəcə, gerçəkliyi əks etdirmir. Ancaq yenə də deyirəm, layihə məni həm də maliyyə planında razı salmalıydı. Demirəm ki, vəziyyət pisdi, onu da demirəm ki, aha, mənə yaxşı maaş ayırmayıblar. Heç bir halda yazdığız rəqəmlərdən söhbət getmir.
- Yəni demək istəyirsən ki, Stiven Cerrard sənlə söhbətlərdə heç vaxt pul məsələsinə toxunmayıb?
- Ümumiyyətlə, Stivi puldan danışmayıb. Onunla söhbətlərimiz yalnız futbol və layihə ətrafında olub. Həm də Stivi mənə deyib ki, heç bir pul söhbətinə qarışmaq istəmirəm. Bizim aramızda söhbət yalnız ondan gedirdi ki, xüsusi bir şey yarada, nəyəsə nail ola, klubu yenidən qura bilərikmi?
- Bəs səni bu yolda nə inandırdı? Nə sakitləşdirdi?
- Düşünürəm ki, tənqid həmişə olacaqdı. “Liverpul”da qalmağımdan və ya getməyimdən asılı olmayaraq. Odu ki, mahiyyətcə bu yöndə qərar verməliydim – mən və ailəm üçün hansı variant daha yaxşıdı? Məsələnin futbol yönü də öz yerində. Harasa gedib özüm üçün yeni variant sınaya bilərəmmi? Çox sevdiyim futbolun sayəsində bu liqanı dünyada ən yaxşılardan birinə çevirə bilərəmmi? Bu məqam məni həyəcanlandırır. Ona görə ki, bütün dünyada idmanı inkişaf etdirmək istəyirəm. Və bu hiss həqiqətən məni irəli addım atmağa məcbur edir.
- Daha bir xüsusi sual vermək istəyirəm. Müqavilən çərçivəsində Səudiyyə Ərəbistanı Krallığını sosial şəbəkələrdə reklam etməklə bağlı hansısa paylaşımlar müqabilində pul almağın nəzərdə tutulubmu?
- Yox. Müqavilədə nəzərdə tutulanlar yalnız futbolla bağlıdı. Ancaq sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində çox şeydən danışırlar. Və bütün bu illər ərzində anladım ki, nəyin gerçək, nəyin yalan olduğunu sən bilmirsən. Odu ki, belə şeyləri sən həm də öz üzərində təcrübədən keçirməlisən. Məsələn, mənim maaşımla bağlı deyilənlər gerçəkliyə uyğun deyil. Sadəcə, öz haqqımda həqiqətlə yaxından-uzaqdan əlaqəsi olmayan çox şey görürəm. Biz, sadəcə, Böyük Britaniyada oturur və Yaxın Şərqdə baş verən hər şeyi pisləyirik, amma bir çox məsələlər göründüyü kimi deyil. Və son həftələrdə mən özüm üçün müəyyənləşdirdim ki, vətənimdə kütləvi informasiya vasitələrinin çatdırdığı mətləblər reallıqla üst-üstə düşmür.
- Səudiyyə Ərəbistanı liqasının indiki infrastrukturunda nə səni heyran etdi, nələri daha da yaxşılaşdırmaq olar?
- Düşünürəm ki, çox şeyin yaxşılaşmağa ehtiyacı var – infrastruktur, obyektlər baxımından. Ancaq iş gedir. Müxtəlif məşq meydançalarını, idman zallarını görürəm... Bunları daha yüksək səviyyəyə çatdırmaq lazımdı. Bunların üzərində necə həvəslə çalışdıqlarını görürəm, yaxşı əlamətdi.
- Əminəm ki, sən və bura gələn bir çox başqaları üçün əvvəlcə havaya, obyektlərə uyğunlaşmaq çətin olub. Axı bura premyer-liqanın zirvəsindən gəlmisən. Ancaq bura gəlişindən razısanmı?
- Mən bütün bunları qəbul etməyə çalışıram. Mədəniyyət, həyat, axşam məşqləri, gec yatmaq, gündüz oyanmaq – hər şey fərqlidi...
- Səni burda tanıyırlarmı?
- Hə, bir qədər! Düşünürdüm ki, nəzərə çarpmayacam, ancaq adamlar yaxınlaşırlar. Bəzən heç şəkil çəkdirməyi də xahiş etmirlər, sadəcə, deyirlər ki, “Səudiyyə Ərəbistanına xoş gəlmisən, buranı bəyənəcəyinə ümid edirəm”. Çoxlu belə təcrübəm var. Düzünə qalsa, adamlar münasibət baxımından hələ ki möhtəşəmdi.
- Son bir neçə ayda başverənləri nəzərə alsaq, “Enfild”ə qayıdacağın təqdirdə neqativ reaksiya ilə üzləşmək baxımından hansısa qorxun varmı?
- Düzünü desəm, mənə elə gəlir ki, neqativ reaksiya əsasən sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrindədi ki, mən də bunlara bağlı deyiləm. Adamlarla canlı görüşəndə hər biri mənə hər şeyin ən yaxşısını arzuladı. Hətta “Liverpul”ın çılğın azarkeşləri də. Mən kluba 12 ilimi həsr etmişəm, hər şeyimi vermişəm. Və qayıda bilsəydim, yenidən belə edərdim. Düşünürəm ki, adamlar bunu bilirlər, bunu dəyərləndirirlər. “Enfild”ə dönmək imkanım olsaydı və ya onlar vidalaşmaq üçün məni qəbul etsəydilər, qətiyyən narahat olmazdım. Azarkeşlərlə lazımi qaydada vidalaşa bilmədiyimə görə özümü bir qədər pis hiss edirəm.
- Vida oyunun olmadı...
- Yox. Nəsə etmək imkanım olsaydı – istər vida oyunu olsun, istərsə adi bir “hələlik” demək imkanı - , düşünürəm ki, yaxşı, mənim üçün də xoş olardı. Ona görə ki, belə imkanın olmaması adamı ağrıdır.
- Transferlə bağlı qərar verəndən sonra İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytlə danışdınmı? “Liverpul”un ehtiyat oyunçular skamyasında qalmağın yığmada yer almaq şansına təsiri ilə bağlı narahatlığını ona çatdırdınmı? Bəzi adamlar düşünə bilər ki, Səudiyyə Ərəbistanına yollanmaq da bu yöndə problem yaradacaq.
- Baş məşqçi ilə danışmışam və söhbət çox yaxşı keçib. Düzdü, ünsiyyətimiz o qədər uzun sürmədi. Onu elə vəziyyətdə qoya bilmərəm ki, mənə İngiltərə yığmasında yer təminatı versin. O, bunu edə bilməz. Mənim üzərimə düşən fiziki hazırlığımı qaydasında saxlamaq, formamı qorumaq və yeni çağırışlara hazır olmaqdı.
ORXAN