Bellingem varsa, narahat olmağa dəyməz! - TURUN ŞƏRHİ

6.09.2023 20:35 282
Dünya futbolu
La Liqada yığmaların oyunları ərəfəsində keçirilən son tur yarımçıq alındı.

“Football-plus.az” xəbər verir ki, Çempionlar Liqasının iştirakçılarının – “Atletiko” ilə “Sevilya”nın dueli baş tutmadı. İş ondadı ki, sinoptiklər Madriddə qasırğa təhlükəsi ilə “qırmızı” həyəcan səviyyəsi elan etmişdi. Oyun təxirə salınsa da, nə vaxt keçiriləcəyi bəlli deyil. Ən yaxın “pəncərə” dekabrın sonunda olacaq. Turun ilk oyunları əsl İspaniyanın qayıdışı ilə bağlı ümidlər yaratdı: 4 qol, 5, 8, 3... Amma ardından “quruluq” başladı. Növbəti 4 oyunda biz cəmi 3 qolun vurulduğunu gördük və yalnız “Osasuna”nın “Barselona”nı qəbul etdiyi oyunda normal məhsuldarlıq qeydə alındı. Komandalar birlikdə üç qol vurdu. Sırf nəticələrdən danışırıqsa, demək olar ki, bütün yerli favoritlər gözlənilmədən büdrədi: “Vilyarreal” Kadisdə uduzdu, “Atletik” Balear adalarında qol vura bilmədi, “Rayo Valyekano” Sevilyada “Betis”lə bacarmadı. Mövsümə ardıcıl iki qələbə ilə başlayan “Valensiya” indi də məğlubiyyətləri sıralayır.

Turun ən məhsuldar oyununda “Real Sosyedad” “Qranada”nın qapısından 5 top keçirdi. Qonaqlar bunlardan yalnız üçünün əvəzini çıxa bildi. Lider “Real” “Xetafe” ilə ev oyununda fenomenal problemlər yaşasa da, Bellingem komandanı xal itkisindən xilas etdi. Evdə “Las-Palmas”a minimal hesabla qalib gələn “Jirona” turnir cədvəlində “Atletiko”nu arxada qoydu. “Barselona” ilə yanaşı, məhz “Jirona” Madrid nəhənginin əsas izləyicisidi.

4-cü tur
Osasuna – Barselona 1:2
Avila, 76 – Kunde, 45+1. Levandovski, 86-p. (21966)
Barselona: Ter Ştegen, Balde, Kristensen (Martines, 90+1), Kunde, Roberto (Kanselo, 59), Gündoğan, Romeu (Feliş, 80), De Yonq, Qavi, Yamal (Torres, 59), Levandovski (Rafinya, 90+1).
Real – Xetafe 2:1
Xoselu, 47. Bellingem, 90+5 – Mayoral, 11. (66747)
Real: Kepa, Qarsiya (Naço, 46), Alaba, Rüdiger, Karvaxal (Vaskes, 76), Kamavinqa (Kroos, 46), Çuameni (Valverde, 80), Modriç (Dias, 77), Bellingem, Rodriqo, Xoselu.
Real Sosyedad – Qranada 5:3
Kubo, 9; 44. Subimendi, 59. Barreneçea, 67. Boş, 76-öz qapısına – Le Norman, 35-öz qapısına. Boye, 83. Saraqosa, 90+9. (27808)
Real Sosyedad: Remiro, Tirni (Munyos, 69), Le Norman, Subeldiya, Traore, Barreneçea (Zaxaryan, 79), Merino (Turryentes, 82), Subimendi, Mendes, Kubo (Şo, 79), Oyarsabal (Sadik, 79).
Kadis – Vilyarreal 3:1
Ramos, 18. Maçis, 30-p.; 50 – Sörlot, 10. (18557)
Almeriya – Selta 2:3
Akyeme, 54. Arribas, 68 – Nunyes, 24. Strand Larsen, 33. Svedberq, 87. (14196)
Jirona – Las-Palmas 1:0
Portu, 88. (11619)
Alaves – Valensiya 1:0
Özkaçar, 46-öz qapısına. (16641)
Betis – Rayo Valyekano 1:0
Villian, 53. (50619)
Malyorka – Atletik 0:0
(17043)
“Atletiko” – “Sevilya” oyunu hava şəraitinə görə təxirə salınıb.
1. Real 4 4 0 0 8-2 12
2. Jirona 4 3 1 0 7-2 10
3. Barselona 4 3 1 0 8-4 10
4. Atletiko 3 2 1 0 10-1 7
5. Atletik 4 2 1 1 6-4 7
6. Kadis 4 2 1 1 5-4 7
7. Betis 4 2 1 1 5-5 7
8. Real Sosyedad 4 1 3 0 7-5 6
9. Osasuna 4 2 0 2 5-5 6
10. Alaves 4 2 0 2 5-5 6
11. Valensiya 4 2 0 2 4-4 6
12. Rayo Valyekano 4 2 0 2 4-8 6
13. Selta 4 1 1 2 4-6 4
14. Xetafe 4 1 1 2 2-5 4
15. Vilyarreal 4 1 0 3 6-9 3
16. Qranada 4 1 0 3 7-12 3
17. Malyorka 4 0 2 2 3-5 2
18. Las-Palmas 4 0 2 2 1-3 2
19. Almeriya 4 0 1 3 4-9 1
20. Sevilya 3 0 0 3 5-8 0
Bombardirlər: Bellingem (Real) – 5, Villian (Betis), Kubo (Real Sosyedad), Morata (Atletiko) – 3.
Növbəti turun oyunları sentyabrın 15-18-i aralığında keçiriləcək: Rayo Valyekano – Alaves, Atletik – Kadis, Real – Real Sosyedad, Selta – Malyorka, Barselona – Betis, Xetafe – Osasuna, Vilyarreal – Almeriya, Sevilya – Las-Palmas, Valensiya – Atletiko, Qranada – Jirona.

Turun rəqəmi
100 – Qavi “Barselona”nın heyətində 100 oyun həddinə hamıdan tez çatdı. “Osasuna” ilə oyun günü o, 19 yaş 29 günlük idi. Buna qədər “blauqrana”nın heyətində 100 oyun həddinə hamıdan tez çatan futbolçu Boyan Krkiç idi (19 yaş 85 günlüyündə).

Turun ulduzu
Takefusa Kubo (Real Sosyedad) – yaponiyalı yarımmüdafiəçi “Qranada” ilə oyunun taleyini, demək olar ki, təkbaşına həll etdi. O, iki qol vurmaqla yanaşı, Boşu da topu öz qapısına göndərməyə məcbur etdi.

Turun sitatı
Robert Levandovski, “Barselona”nın hücumçusu: “La Liqa hücum futbolu baxımından yetərincə cəlbedici deyil. Hakimlər onu öldürür. Onlar bəzi hallrda müdafiə oyunçularına hədsiz çox azadlıq verirlər. Və qəfil mən fol etsəm, yeni təfsir işə düşür: mənə sarı vərəqə göstərirlər ki, problem olmasın. La Liqa hücum futbolunu inkişaf etdirmək istəmir. La Liqa hakimlər üzündən cəlbedici deyil. İspaniyalı hakimlər bu çempionatı öldürür. Bu da qəribədi. Ona görə ki, hakimlər futbol oynamaq istəməyən, daim futbolçuları özünü yerə atan, simulyasiya edən, təxribata çəkən komandaların olduğunu bilirlər”.

Faktlar
* Ançelotti “Real”la qazandığı qələbələrin sayını 172-yə çatdırdı. Bu göstəricidə Zinəddin Zidana çatan italiyalı mütəxəssis onunla 2-ci yeri bölüşür. “Real”ın tarixində qələbə sayına görə rekord (357) Migel Munyosa məxsusdu. “Real” Ançelottinin rəhbərliyi altında La Liqada 111, Çempionlar Liqasında 36, İspaniya kubokunda 17, klub dünya çempionatında 4, Avropa Superkubokunda 2, İspaniya Superkubokunda 2 qələbə qazanıb.
* Bellingem ardıcıl 4-cü oyunda fərqləndi. 20 yaşlı ingiltərəli ilk üç turun hər birində qol vurmuş, “Almeriya” ilə oyunda dubl etmişdi. İspaniya çempionatında ilk 4 oyunun hamısında qol vuran sonuncu “Real” futbolçusu Kriştiano Ronaldo olmuşdu. Portuqaliyalı 2009/10 mövsümünün analoji zaman kəsiyində 5 qol vurmuşdu. 5-ci oyunda onun seriyası qırıldı. Portuqaliyalıya qədər isə yalnız Pepilyo 1960-cı ildə ardıcıl 4 oyunda fərqlənmişdi.
* “Real” İspaniya çempionatında ardıcıl 2-ci mövsümə 4 qələbə ilə başlayıb. Ançelottinin komandası “Xetafe”yə qədər “Selta” (1:0), “Almeriya” (3:1) və “Atletik”i (2:0) də məğlub etmişdi. Madridlilər yalnız bir dəfə ardıcıl iki mövsümə 4 qələbə ilə başlayıb. Belə uğurlu start 1961-62-ci illərdə qeydə alınıb.

Oyundan sonra

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Rəqib müdafiədə əla oynadı. Topa nəzarət etdiyimiz zaman kəsiyində yetərincə qol vəziyyəti yarada bilmədik. Ancaq hər kəsin çətinlik çəkəcəyi stadionda vacib 3 xal qazandıq. Daha effektli oynamalıyıq. 2-ci hissədə topla daha yaxşı işləməliydik. Cinahlardan da lazımi səviyyədə yararlana bilmədik. Qələbədən məmnun olsam da, irəli addım atmaq lazımdı. “Kadis”lə oyunda da problemlərimiz var idi. Nümunə kimi “Vilyarreal”la oyunun ikinci hissəsini göstərərdim. Onda rəqibə mərkəzi keçməyə imkan vermirdik. Mümkün 12 xaldan 10-nu toplamaq yaxşı nəticədi”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Çətin oyun idi, biz rəqibə qol “bağışlayandan” sonra bir qədər də çətinləşdi. İlk yarıda təhlükəli vəziyyətlərimizin sayı o qədər də çox olmadı. Çünki “Xetafe” intensiv şəkildə müdafiə olunurdu, rəqib qapısına yaxınlaşmağımız çətin idi. 2-ci hissədə hər şey fərqli oldu. Qol vəziyyətləri yaratdıq, nəticədə Bellingemin qolu sayəsində haqq etdiyimiz qələbəni qazandıq. Düşünürəm ki, Cudun çıxışı ustalıq baxımından heç kimi təəccübləndirmir. Yalnız hər oyunda fərqləmməsi adamları təəccübləndirir”.