Bu yay heyətini ulduzlarla dolduran “Qalatasaray”, deyəsən, əsas “bomba”nı sona saxlayıb.
"Football-plus.az" xəbər verir ki, Serxio Ramos hər ötən gün İstanbul nəhənginə keçməyə bir qədər də yaxınlaşır. Rəhbərlik bu həftəni camiə və fanatlar üçün bayrama çevirmək arzusundadı. Hər şey plan üzrə getsə, komanda bu həftə həm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, həm də əfsanəvi ispaniyalı müdafiəçinin keçidi rəsmən açıqlanacaq. “Cim-Bom” ÇL-in qrupuna vəsiqə qazanacağı təqdirdə ən azı 25 milyon avro irəli düşəcək. Ramosun transferinin şərtlərinə gəlincə, futbolçu əvvəlcə illik 10 milyon avro tələb etsə də, sonradan 5 milyon avroya qədər enib. Türkiyə mətbuatının yazdığına inansaq, 37 yaşlı futbolçu ilə 4,5 milyon avroya anlaşmaq mümkün olub! Tərəflər arasında “1+1” illik müqavilə imzalanacaq. İndi əsas sual odu ki, Ramos Türkiyəyə nə vaxt gələcək? “Trabzonspor”la ev oyununda stadionda Hakim Ziyeş sürprizi yaşanmışdı. Oyunu tribunadan izləyən tanınmış futbolçu final fitindən sonra fanatları salamlamışdı. “Qalatasaray” yenə belə bir sürprizi Ramosla etmək istəyir. Amma “Molde” ilə oyunun artıq bu gün olacağını nəzərə alsaq, bu plan çətin ki, baş tutsun. “Real” və İspaniya yığması ilə saysız-hesabsız uğurlar qazanan dünyaca ünlü müdafiəçinin ən gec cümə günü İstanbulda olacağı gözlənilir. Şayiələrə inansaq, “4” nömrəli forma məhz onun üçün ayrılıb. Ramosun İstanbulda yaşayacağı villa da dəqiqləşib.
“Qalatasaray”dan söz düşmüşkən, bir xəbəri də diqqətinizə çatdıraq. Rəqəmsal platforma olan “Tviç”də açdığı canlı yayınlarla populyarlıq qazanan Yaren Çakar adlı xanım son davranışı ilə nifrət obyektinə çevrilib. Canlı yayın açaraq izləyiciləri ilə söhbət edən və onlarla əsasən müxtəlif oyunlar barədə danışan Çakar son canlı yayınında gözlənilmədən “Qalatasaray”ın baş məşqçisi Okan Burukun oğlu Əli Yiğiti xarici görünüşünə görə ələ salmağa başlayıb: “Okan Burukun oğlunu yəqin siz də görmüsüz. Həyatımda gördüyüm ən çirkin uşaqdı. Üstəlik saçlarını da sarı rəngə boyayıb. Çirkin insana elə “çirkin” demək lazımdı. Burda ayıb bir şey yoxdu. O uşaq heç mənə xoş gəlmir. Sanki 30 yaşındakı kimi görünür”. Yaren Çakar bu sözləri ilə “Qalatasaray” fanatlarının inanılmaz qəzəbinə tuş gəldi. Bir andaca “tvitter”də Trend Topic olan bu xanım təzyiqlərin artması üzündən növbəti dəfə canlı yayın açaraq üzr istəməli oldu: “Okan Burukun oğlu haqda nə üçün bu cür sözlər dediyimi özüm də bilmirəm. Psixoloji cəhətdən mənim üçün çətin bir gün idi və nə dediyimin fərqinə varmadım. Tam axmaq sözlərdi. Mənim və ya başqa birinin uşağa və ya böyüyə qarşı bu cür sözlər deməyə haqqı yoxdu. Hər kəsdən və özəlliklə də Okan Burukla oğlundan üzr istəyirəm”.
Fanatların təzyiqindən sonra məşhur bir yemək sifarişi şirkəti də Çakarla sponsorluq anlaşmasının ləğv edildiyini açıqladı. Qeyd edək ki, Okan Burukun 2009-cu il təvəllüdlü oğluna bir neçə il öncə leykemiya diaqnozu qoyulmuşdu. Həmin vaxt məqşçi karyerasında fasilə götürən Buruk oğlunu Fransaya apararaq müalicə etdirmişdi. Həmin malicə effekt vermiş və Əli Yiğit xəstəlikdən qurtulmuşdu. 14 yaşlı Əii Yiğit tez-tez “Qalatasaray”ın ev oyunlarını izləməyə gəlir və fanatlar arasında çox sevilir. Yaren Çakar bu hadisədən sonra təzyiqlər üzündən sosial şəbəkədəki bütün səhifələrini bağlamalı olub.