Atamanın komandası Avropada atamanlıq etməlidi

17.08.2023 21:30 206
İdman
Qadın voleybolu ölkəmizdə şanlı keçmişə və zəngin ənənələrə malikdi.

"Football-plus.az" xəbər verir ki, bu üzdən yığmanın ardıcıl 10-cu dəfə qitə çempionatının final mərhələsinə qatılması təsadüfi deyil. 33-cü Avropa çempionatına avqustun 15-də start verilib. Sentyabrın 3-dək davam edəcək turnirin final mərhələsinin oyunları İtaliya, Almaniya, Belçika və Estoniyanın ümumilikdə 8 şəhərində keçirilir.

Yığmalar hər birində 6 komanda olmaqla 4 qrupa bölünüb:
A qrupu: Belçika, Sloveniya, Serbiya, Polşa, Ukrayna, Macarıstan;
B qrupu: İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Bosniya və Hersoqovina, İsveçrə;
C qrupu: Almaniya, Türkiyə, Azərbaycan, Çexiya, İsveç, Yunanıstan;
D qrupu: Estoniya, Finlandiya, Niderland, Fransa, Slovakiya, İspaniya.

Bir dövrədən ibarət mübarizənin sonunda qruplarda ilk 4 pillədə qərarlaşan yığmalar 1/8 finala vəsiqə qazancaq. Bu mərhələdən etibarən isə uduzanlar ölkələrinə dönmək üçün bilet sifariş verə bilər. Yığmamızın da yer aldığı qrupun oyunları Almaniyanın Düsseldorf şəhərindəki “Castello Düsseldorf” arenasında keçiriləcək. İdman qurğusu 3160 azarkeş tutumuna malikdi. Yığmanın qrup oyunlarının təqvimi belədi:
18 avqust. Azərbaycan - Çexiya
19 avqust. Azərbaycan - Almaniya
20 avqust. Türkiyə - Azərbaycan
22 avqust. Azərbaycan - Yunanıstan
23 avqust. İsveç – Azərbaycan

Dünən yığmanın final mərhələsinə qatılacaq heyəti bəlli olub: 2. Yana Doroşenko, 3. Yelizaveta Ruban, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova (k), 7. Alyona Xarçenko, 9. Nikalina Başnakova, 10. Anastasiya Mertsalova, 11. Aynur İmanova, 14. Kristina Besman, 16. Yuliya Kərimova, 17. Polina Rəhimova, 19. Bəyaz Quliyeva, 20. Marqarita Stepanenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk.

Yığmanın baş məşqçisi Ataman Güneyligil turnirin startı ərəfəsində Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Yoxlama oyunlarında bütün oyunçuları yoxladıq. Bu oyunlarda öz taktikalarımız üzərində çalışdıq. Eyni zamanda rəqiblərimizin son çıxış etdikləri beynəlxalq yarışlardakı oyunlarını tətlil etdik, onlar üzərində də çalışdıq. Əsas heyətdə yaxşı fiziki formada olan, taktikaları daha yaxşı yerinə yetirə biləcək oyunçular oynayacaq. Matç-matç düşünəcəyik. Konkret olaraq bu yerə qədər gedəcəyik demirik. Hər oyun bizim üçün bir final kimidi. Son Avropa çempionatındakı uğursuzluğu unutdurmağa çalışacağıq. Hər matçın, hər anın, hər xalın qiymətini bilərək oynamalıyıq. İlk oyundan son oyuna qədər. Bu cür davam edəriksə, yolumuz açıq olacaq”.


Yığma indiyəqədərki Avropa çempionatlarında
2005 - 4-cü yer
2007 - 12-ci yer
2009 - 12-ci yer
2011 - 9-cu yer
2013 - 15-ci yer
2015 - 14-cü yer
2017 - 4-cü yer
2019 - 10-cu yer
2021 - 24-cü yer

Siyahıdan göründüyü kimi, yığma indiyə kimi medal həsrətinə son qoya bilməyib. Maraq üçün onu da bildirək ki, 50 oyunun 15-də qələbə, 35-də məğlubiyyət qeydə alınıb. Setlərin fərqi də ürəkaçan deyil – 60:115.