David Silva karyerasını başa vurmağa məcbur olub.
“Football-plus.az” xəbər verir ki, 2020-ci ildə vətəninə qayıdaraq “Real Sosyedad”a qoşulan yarımmüdafiəçi bir neçə gün əvvəl aldığı ağır zədə üzündən 37 yaşında yaşıl meydanı tərk etmək qərarına gəlib. Onun klub karyerasına nəzər salarkən “Mançester Siti”dəki çıxışının daha parlaq olduğunu görərik. Ümumiyyətlə, premyer-liqada Daviddən başqa yaxşı mənada fərqlənən ispaniyalı futbolçuların sərgüzəştlərinə nəzər salacağıq. Cüzeppe Reyna, İvan Kampo, Luis Qarsiya, Xose Reyes, Miçu, Xerard Pike və Fernando Yerro kimi məşhurlar da İngiltərə futbolunda az-çox iz qoyublar. İspaniyalıların “Dumanlı Albion”da futbolu daha parlaq simaya bürüməsi danılmaz faktdı. Onlardan bəzilərinin çıxışını yada salaq.
Santi Kasorla
Klub: Arsenal (2012-18)
Yarımmüdafiəçi 2012-18-ci illərdə formasını geydiyi “Arsenal”da top qovarkən bir neçə dəfə təhlükəli əməliyyata məruz qalıb. İnfeksiyaya yoluxması onun vətərlərini zəiflətmişdi. Amma həkimlərin Santinin əlilə çevrilə biləcəyi ilə bağlı ehtimalı doğru çıxmadı. Xarakter göstərən futbolçu yaşıl meydana qayıtdı. Lakin zədələrə görə “topçular”ın formasını yalnız 6 il geyə bildi. “Ovyedo”nun yetirməsi və “Vilyarreal”ın ulduzu olan Santinin istənilən halda premyer-liqada bir neçə uğurlu mövsüm keçirdiyini vurğulamalıyıq.
London klubunu tərk edəndən sonra iki il “Vilyarreal”da oynayan yarımmüdafiəçi son üç mövsümdə “Əl-Sədd”in formasını geyib. Karyerasına bu il 38 yaşında Qətər klubunda son qoyub.
Mikel Arteta
Klublar: Everton (2005-11), Arsenal (2011-16)
Son illər “Arsenal”ı çalışdıran Arteta Böyük Britaniya futbolunda çıxışına 2002-ci ildə “Reyncers”də başlayıb. İki il Şotlandiya nəhənginin formasını daşıyandan sonra vətəninə (Real Sosyedad) qayıdıb. 2005-ci ildə İngiltərəyə - Liverpula üz tutub. “Everton”da keçirdiyi 6 il ərzində bu komandanın premyer-liqanın ortababları sırasından daha yüksək səviyyəyə qalması üçün əlindən gələni edib. Mikel titullar qazana biləcəyi klubu daha əvvəl axtarsaydı, karyerasına görə bir qədər təəssüf hissi keçirməzdi. Bəxtsizliyi onda oldu ki, onun imkanları daha əvvəl “Barselona” və PSJ-də layiqincə dəyərləndirilmədi. İspaniya nəhəngində yalnız əvəzedicilərdən ibarət komandada oynamaq imkanı qazandı, Parisdə isə yalnız bir mövsüm top qovdu. Nəhayət, 2011-ci ildə “Arsenal”a qoşulmaqla, heç olmasa, kubok turnirlərinin mükafatlarını başı üzərinə qaldırmaq sevincini yaşadı. 41 yaşlı Arteta hazırda futbolçu kimi qazana bilmədiyi titullara baş məşqçi rolunda sahib çıxmağa çalışır.
Dieqo Kosta
Klublar: Çelsi (2014-17), Vulverhempton (2022-23)
Braziliyaəsilli futbolçu “Çelsi”də uzun müddət oynamadı, paytaxt klubunu qalmaqallı şəkildə tərk etdi. Bunlara baxmayaraq, iki dəfə çempion oldu. Lakin Dieqonun son mövsümdə “Vulverhempton”un ulduzu olmaq üçün etdiyi cəhdlər uğursuz alındı. Bu komandada premyer-liqada keçirdiyi 23 oyunda yalnız bir qol vura bilməsi iyunda rəhbərliyin onunla vidalaşmaq qərarına çox təsir etdi.
34 yaşlı Kosta istənilən halda “Çelsi”nin çempionluqlarında böyük rol oynayıb. Üç il ərzində “zadəganlar”ın hücum xəttində amansız bombardir kimi yadda qalıb. O, ən yüksək səviyyəli forvard sayılmasa da, özünü mübarizələr və hiylələr ustası kimi tanıdıb.
Fernando Torres
Klublar: Liverpul (2007-11), Çelsi (2011-14)
Avropa və dünya çempionunun 2011-ci ildə “Liverpul”dan “Çelsi”yə keçməklə səhvə yol verdiyini əminliklə iddia etmək olar. Amma transfer məbləği (40 milyon funt sterlinq) Fernandoya seçim imkanı qoymamışdı. Onu Londonda sözün həqiqi mənasında dəyişdilər. Torres artıq qapı qarşısında əvvəlki kimi qatil instinktinə malik deyildi, sevimli zonasında komplekslər yaşamağa başladı. Vaxtının çoxunu yeni komandaya uyğunlaşmağa sərf etdi. Əvəzində əvvəlki bombardirliyini göstərə bilməsə də, göy futbolkada Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) qalibi oldu. Amma premyer-liqada çempionluq sevincini yaşaya bilmədi. “El Nino” ləqəbli Fernando rekord göstəriciyə malik olmasa da, premyer-liqanın tarixinə ən mahir hücumçulardan biri kimi düşüb.
Xuan Mata
Klublar: Çelsi (2011-14), Mançester Yunayted (2014-22)
İspaniyalıların “qızıl” nəslinə kifayət qədər yüksək səviyyəli oyunçular daxil olduğundan, Xuan ikinci planda qalıb. Halbuki Mata Torreslə birlikdə eyni zamanda Avropa və dünya çempionatının, ÇL və AL-in qalibi olub. “Real”ın yetirməsi olan yarımmüdafiəçi İspaniya nəhəngində möhkəmlənə bilməyib, əvəzində “Valensiya”da 4 il ərzində özünü ən yaxşı tərəfdən göstərib. “Çelsi”də də it-bata düşməyib, Xuan yalnız MY-nin sıralarında olarkən müəyyən çətinliklər yaşayıb.
Söhbət premyer-liqada 11 il keçirən ispaniyalıdan gedir. O, bu liqada saya-hesaba gəlməyən qədər ağıllı ötürmələrin müəllifi olub.
Rodri
Klub: Mançester Siti (2019-...)
Rodrinin karyerası son illər yalnız yüksələn xəttlə inkişaf edir. Hazırda premyer-liqanın ulduz futbolçularından sayılır. Bu liqada bir neçə dəfə çempion olan dayaq yarımmüdafiəçisi son mövsümdə ÇL kubokunu da başı üzərinə qaldırdı. İngiltərənin elit çempionatında yüksək səviyyəli futbolçular kifayət qədərdi, amma 27 yaşlı Rodri ən yüksək qiymətlərə layiq bilinir. Xosep Qvardiola onun meydanın mərkəzindəki oyununu eksperimentlərlə bir qədər dəyişməyə nail olub, yarımmüdafiəçi indi müdafiəçi Con Stounz ilə daha yaxşı əlaqəyə malikdi.
O, tezliklə start götürəcək yeni mövsümdə daha vacib oyunçuya çevriləcək. Axı “Barselona”ya yollanan İlkay Gündoğanın itkisini “sığortalamaq” lazımdı, həm də Kevin de Bruynenin bir qədər yaşlanacağı da nəzərə alınmalıdı.
David De Xea
Klub: Mançester Yunayted (2011-23)
Ona İker Kasilyasın davamçısı gözü ilə baxılırdı, lakin buna nail ola bilmədi. Davidin qapıçı kimi göstəriciləri diqqətəlayiqdi. Ser Aleks Ferqyuson 12 il əvvəl onu təsadüfən “Yunayted”ə gətirməmişdi. Peter Şmeyhel ilə Edvin Van der Sar qapıda döyüşçü kimi ad çıxarmışdılarsa, De Xeada çempion xarakteri çatmadı. Hazırkı baş məşqçi mövsüm sona çatan kimi onunla vidalaşmağı lazım bildi. Artıq MY-nin əsas qapıçısı Andre Onanadı. “İnter”dən alınan kamerunlu təhlükəli oyun tərzi ilə seçilsə də, özünə dəmir inamı ilə də tanınır. Son mövsümdə bir neçə kobud səhvə yol verən David isə indi özünə yeni komanda axtarır.
Sesar Aspilikueta
Klub: Çelsi (2012-23)
Bask futbolçu heç də ən istedadlılardan sayılmır. Amma uzun müddət premyer-liqada top qovması ona xüsusi dəyər verir. İnadkarlığı və zəhmətkeşliyi ilə tanınan Aspilikuetanın bəxti İngiltərədə ona ən uyğun komandaya düşməsində gətirib. İngiltərədə bir neçə dəfə çempion olan müdafiəçi ÇL və AL-də kubokları qazanmağın sevincini də yaşayıb. Müafiənin sağında və mərkəzindəki faydalı oyunu ilə “Çelsi”yə çox köməyi dəyən 33 yaşlı futbolçu komandanın kapitanlıq sarğısını da daşıyıb. Londonlular bu yay onu “Atletiko”ya buraxsalar da, Sesar əfsanə kimi “zadəganlar”ın tarixində böyük iz qoyub.
Xabi Alonso
Klub: Liverpul (2004-09)
İndi “Bayer-04”ü çalışdıran 41 yaşlı Alonso bir çox həmyerliləri ilə müqayisədə İngiltərədə çox oyun keçirməyib. Buna baxmayaraq, onun unikallığını anlamaq üçün 143 matç da kifayət edir. Xabi İstanbuldakı məşhur finalda “Liverpul”un “Milan” üzərindəki əzmkar qələbəsində rol oynayıb. Öz dövrünün ən ağıllı futbolçularından sayılan yarmmüdafiəçi bunu “Real” və “Bavariya”dakı çıxışı ilə də sübut edib. Deyilənə görə, qarşıdakı mövsümü uğurla başa vuracağı halda “Real”da Karlo Ançelottiyə xələf olmaq şansını artıracaq.
Fransesk Fabreqas
Klublar: Arsenal (2003-11), Çelsi (2014-19)
“Barselona” vaxtilə inanılmaz dərəcədə istedadlı xavbekini “Arsenal”a verdi. Fabreqas bu komandada uzun illər çıxış etməklə premyer-liqanın tarixinə ən yaxşı futbolçulardan biri kimi düşdü. “Çelsi”yə keçməklə iki dəfə İngiltərə çempionu olmaq imkanı qazandı. “Barselona” onu 2011-ci ildə geri qaytarmaqla səhvini düzəltdi. Amma Fransesk doğma klubunda yalnız üç mövsüm çıxış edərək premyer-liqaya qayıtdı. Onun “Barselona” və İspaniya yığmasında böyük titullar qazandığını da qeyd edək.
David Silva
Klub: Mançester Siti (2010-20)
David Silva İngiltərə çempionatının dördqat çempionu və bir çox digər daxili yarışların qalibidi. Premyer-liqada keçirdiyi 309 oyunda 60 qol vurub. Anası yaponiyalı olduğu üçün “Çinli” ləqəbi ilə də tanınan bəstəboy yarımmüdafiəçi “Dumanlı Albion”da əfsanəvi futbolçuların siyahısına düşə bilib. “Mançester Siti”nin premyer-liqada hökmranlığının başlamasında onun böyük rolu olub. Meydandakı mövqeyini asanlıqla dəyişə bilən Davidin İngiltərə karyerasında təəssüf doğuran yeganə fakt ÇL-in qalibi ola bilməməsidi.
Əlbəttə, Silvanın karyerasını məşqdə aldığı ciddi zədəyə görə başa vurması da məyusedicidi...