İyulun 26-27-də Azərbaycanın futbol həvəskarları tarixi anların şahidi oldu. Belə ki, “Qarabağ” Çempionlar Liqasının, “Sabah”, “Neftçi” və “Qəbələ” isə Konfans Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri ilə üz-üzə gəldi.
Görəsən, əcnəbi həmkarlarımız bu matçları necə işıqlandırıb, hansı məqamlara xüsusi diqqət yetirib?
“Rakuv” – “Qarabağ” (3:2) görüşü Polşadanın aparıcı idman nəşri “Pilka Nojna”nın maraq dairəsində olub. Reportajda “köhlən atlar”ın futbolçusu Julio Romaonun məyus dayandığı şəkil yer alıb, arxa fonda isə “Rakuv”un qələbəni qeyd edən oyunçuları dayanıb. Elvin Cəfərquliyevin 55-ci dəqiqədəki avtoqolu lağ obyekti olub. Həmkarlarımız buraxılan 2 qola görə “Rakuv”u tənqid etməkdən də çəkinməyib. Üstəlik yazıda matçın isveçrəli baş hakimi Lukas Fendrixin səhv qərarlar verdiyi və oyunun taleyini ciddi təhlükə ilə üz-üzə qoyduğu yazılıb: “Referi xüsusilə ilk hissədə meydanda yaşanan hadisələrə nəzarət etmir və aşkar qayda pozuntularına göz yumurdu”.
Latviyanın “Sportacentrs.com” saytı RFŞ – “Sabah” (0:2) oyununun reportajını “Xain dirəklər “Sabah” qalasını keçməyə imkan vermədi” sərlövhəsi ilə tirajlayıb. RFŞ-nin ən güclü heyətlə Azərbaycan təmsilçisinə məğlub olmasından təsirləndiyini yazıb: “RFŞ 20-ci dəqiqədən sonra rəqibin ciddiliyini anladı. Komanda təlaşa düşmək üçün çox gecikmişdi. Standart vəziyyətdə “Sabah”ı sıxışdırmağı bacarsalar da, qol epizodları xoşbəxt sonluqla bitmədi. Bizim qapıçı isə topu iki dəfə torda gördü və buna inana bilmədiyi jestlərindən bəlli idi. Davit Volkov, Boyan Letiç və Yusif İmanov çox yaxşı idi. RFŞ-nin şansı azdı, amma Yurmalada buraxılan səhvlər avqustun 3-də Bakıda “sığortalanmalıdı”. Komandamızın qalib gələ bilməsi üçün 30 dəqiqədən daha az vaxtı var. Çünki “Sabah” meydana çıxandan yarım saat sonra rəqibini sıxışdırır. RFŞ qalib gəlməsə, Latviya futbol tarixinə xoşagəlməz iz düşəcək”.
“Jelezniçar” – “Neftçi” (2:2) qarşılaşmasını Bosniya və Hersoqovina mediasından araşdırdıq. “Sportsport.ba” nəşri “Neftçi”nin hücum futbolu oynamaq niyyətininin yaxşı fikir olmadığını yazıb. Həmkarımızın fikrincə, “Jelezniçar”ın müdafiəçilərini araşdıran istənilən futbol mütəxəssisi bu planın işə yaramayacağını anlamalıymış. Bosniyalı idman yazarları “Neftçi”nin oyunboyu təmsilçilərinə ciddi təhlükə yaratmadığını qeyd edib: “Bakıdan gələnlər qələbəsiz geri döndü. Onlar məğlub olacaqdılar. İrfan Yaşareviç zədə səbəbindən oyunu tərk etməsəydi, “Neftçi” evə məyus dönəcəkdi”. Nəşr qolkiper Edis Mulaliçin gülünc səhvlərə yol verdiyini, “ağ-qaralar”ın bu məqamları belə düzgün dəyərləndirə bilmədiyini yazıb. Yazının sonuncu cümləsi isə belədi: “Rəhman Hacıyevin qolu, sadəcə, möhtəşəm idi!” “Sport1.oslobodjenje.ba” portalı Bakıda keçiriləcək cavab oyunu üçün həyəcan təbili çalıb. Dünən dərc edilən xəbərdə “Jelezniçar”ın güvənilən futbolçularının zədəsi üzündən məğlubiyyətin qaçılmaz olduğu bildirilib: “Nermin Başiçə (baş məşqçi – red.) bəd xəbər var. Amar Drina, Cozef Amoa və İrfan Yaşareviç sənə kömək edə bilməyəcək. Deyəsən, matçın nəticəsi artıq bəllidi”. Saytda “Qrbavitsa” stadionunda ən yaxşı ab-hava” sərlövhəli yazı da yer alıb. Həmkarımız bildirir ki, “Jelezniçar” tərəfdarları indiyə qədər belə rəqabətli oyun izləməyib. “İndex.hr” portalının əməkdaşı Stepan Mati isə oyun haqda bunları deyib: “Bəli, “Jelezniçar” qələbə istəyirdi. Lakin qəlb danışsa da, ayaqlar dinmədi, bəxt isə sonuncu dəqiqədə tükəndi. Deyərdim ki, “Neftçi” rəqibini evində məğlub etdi. Bakıda isə hər şey daha çətin olacaq. “Jelezniçar” azarkeşləri tədbirli olmalıdı. Ən yaxşısı budu ki, klubunu sevən hər kəs avqustun 3-də Bakıda olsun”.
KƏNAN BAHADIR hazırladı