Ötən mövsüm yekunlaşan kimi Bafetimbi Qomisin “Qalatasaray”dakı ikinci macərası başa çatdı.
"Football-plus.az" xəbər verir ki, daha öncə 2017/18-də “Cim-Bom”un şərəfini qorumuş təcrübəli fransalı forvard 2021/22-nin qış fasiləsində yenidən bu kluba qayıtmışdı. Qomis ötən mövsüm yanvardan sonra qola həsrət qalsa da, əslində qazanılan çempionluqda heç də az rol oynamadı. Çünki mövsümün əvvəlində bir çox vacib qollar vurdu. 38 yaşlı futbolçu 2023/24-ü 28 rəsmi oyun 10 qol, 3 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı. Hələ ki özünə yeni klub tapa bilməyən Qomis “Tivibu Spor” kanalına verdiyi müsahibədə ötən mövsümdəki çempionluqdan, Okan Burukla yaşadığı münaqişədən, Arda Gülərin “Real”a yollanmasından və başqa məqamlardan danışıb.
- “Qalatasaray” üçün uğurlu sonluqla bitən geridə qoyduğumuz mövsüm haqda nə demək istərdin?
- Əla komandamız var idi. Uğurun sirri kollektivdə çox yaxşı ab-havanın olmasında idi. Dursun Özbək, Ərdən Timur və Okan Buruk həqiqətən gözəl atmosfer yaratdılar. Heyət də yaxşı idi. Muslera, mən, Kərəm Aktürkoğli, Serxio Oliveyra önəmli işlər gördük. Təbii ki, ən başda İkardini qeyd etmək lazımdı. Mata bəlkə də çox oynamadı. Amma məsuliyyətdən heç vaxt qaçmadı. Mertens də onun kimi. Kərəm mövsümün gedişində göz görə-görə inkişaf edirdi. Bəzən kapitan kimi davranırdı.
- İkardi ilə ünsiyyətin davam edirmi?
- Bəli. Arada danışırıq, mesajlaşırıq. Həqiqətən böyük oyunçudu. Ötən mövsümü “Qalatasaray”da keçirdiyi üçün çox şanslıyıq. Yenidən geri dönüb bizi sevindirsə, əla olar. Mən artıq bir azarkeşəm və bu sözləri “Qalatasaray”ın fanatı kimi söyləyirəm. Bu aslanı komandanın önündə görməyi çox istəyirəm!
- Bəs öz performansın barədə nə düşünürsən? Çıxışından razı qaldınmı?
- İlk dövrədə 8 qol vurdum. İkinci dövrədə də çox oynayacağımı və qollarımın sayının artacağını güman edirdim Həmin vaxt belə desək, 1-2 dəqiqəlik oyunçu olmadığımı düşünürdüm. Amma İkardi amilini unutmaq olmaz. Mövsüm irəlilədikcə əla forma yığdı. İstənilən halda “Qalatasaray”a xidmət etmək mənim üçün önəmli idi. Bu üzdən yaranmış vəziyyətlə barışmalı oldum. Təcrübəli oyunçu, böyük qardaş kimi başqalarını dəstəklədim. Məsələn, bir matçın son anlarında penalti qazandıq. Mən penaltini yerinə yetirsəydim, 9-cu qolumu vuraraq İkardiyə çatacaqdım. Amma bir böyük kimi hərəkət edərək zərbə vurmaq hüququnu Zanyoloya verdim. Düşündüm ki, sürətli uyğunlaşması üçün bu qol ona yardım edəcək. Bu addımım kluba yaxşı xidmət etməyimin göstəricisidi.
- İkinci dövrənin gedişində Okan Burukla aranızda münaqişə oldu…
- Sadəcə, gözləyirdim ki, Okan Buruk heyətlə bağlı verdiyi qərarları mənə də izah edəcək. Bunu etmədi. Hərçənd zaman göstərdi ki, onun qərarları doğru idi. Okan Buruk hələ məşqçiliyə başlamamış bir-birimizi yaxşı tanıyırdıq. İlk dövrədəki “Fənərbaxça” ilə oyunda məni ehtiyatda saxlayıb Barış Alpər Yılmazı start heyətində oynatması xoşuma gəlməmişdi. Amma həmin an üçün doğru qərar idi. Çünki “Fənər”in müdafiəçiləri ağır idi və Barış cəldliyi ilə onlara problem yaşada bilərdi. Sonra “Alanyaspor”la oyunda da bənzər hadisə oldu. Fasilədə İkardinin yerinə Barış girdi və mən meydana çıxmadım. Az öncə dediyim kimi ilk dövrədə 8 qol vurduğum üçün 2-ci dövrədə daha çox oynayacağıma ümid edirdim. Sadəcə, Okan Burukla bir-birimizi düzgün başa düşmədik. Normal şəkildə dialoq qurub məsələni çözməliydik. Həmin vaxt onun qərarına hörmətlə yanaşmalıydım və mən də məhz belə etdim.
- Karyeranı harda davam etdirəcəyinə qərar vermisənmi?
- Təkliflər var. Hələ qərar verməmişəm. Türkiyədən də təkliflər almışam. “Qalatasaray”dan sonra Türkiyədə başqa klubda oynamaq çətin olacaq. Digər tərəfdən məni qane edəcək təklif almasam, karyeramı bitirəcəyimi istisna etmirəm. Psixoloji cəhətdən futbolla vidalaşmağa hazıram. Amma yenə də düşünüb özüm və ailəm üçün ən yaxşı qərarı verəcəm.
- Belə çıxır ki, artıq bu yay karyeranı bitirə bilərsən?
- Bunun üzərində çox düşünmüşəm və hələ də düşünürəm. Qərar vermək çətindi. Əslində davam edib-etməməyim o qədər də önəmli deyil. Həyatda əsas odu ki, xoşbəxt olasan. Yəni mən futbolla vidalaşsam belə, yenə də xoşbəxt olacam. Çünki ailəmlə, uşaqlarımla daha çox vaxt keçirməyə başlayacam. Amma məni xoşbəxt edəcək və diqqətimi çəkəcək bir layihə olsa, futbol oynamağa davam edəcəm.
- Türkiyədəki ilk məşqçin olan Fatih Terim haqda nə deyərdin?
- Mənim üçün ata kimidi. Tək mənim üçün yox, başqaları üçün də. Terim oyunçuya sevgi verməyi bacarır. Olduqca təcrübəlidi. Nə vaxt oyunçularına 2 günlük istirahət verməyi, nə vaxt məşqdə oyunçuları yükləmək lazım olduğunu gözəl bilir. Bir də görürsən ki, hansısa oyunçunu söhbət etmək üçün axşam öz evinə - şam yeməyinə çağırır. Onunla çox şeyi birlikdə paylaşdıq və uğurlu dönəm keçirdik. Karyeramın ilk çempionluğunu məhz onunla qazandım.
- Arda Gülərin “Fənərbaxça”ya transferi barədə nə düşünürsən?
- Arda çox böyük istedaddı. Fransalı, ingiltərəli və ya braziliyalı olsaydı, indikindən çox daha böyük pullar qarşılığında satılardı. Çox saf bir istedaddı… Önümüzdəki bir neçə ildə adından söz etdirəcəyinə inanıram. “Real” kimi klubdasansa, nə yediyinə, vaxtında yatmağına fakir verməli və əlavə məşqlər etməlisən. Ətrafındakı insanlar da səni düzgün yönəltməlidi. Arda çox şanslıdı. Çünki “Real” belə gənc istedadları necə idarə etmək lazım olduğunu çox gözəl bilən bir klubdu. Arda işinə ciddi yanaşsa, dünyanın ən böyük oyunçuları arasına daxil olacaq. “Real”da yaxşı tanıdığım Çuameni, Kamavinqa, Mendi kimi oyunçular var. Mendi hətta mənim qohumumdu. Ona zəng vuraraq “Ardaya yaxşı baxın” dedim.
- Bizə özün haqda heç kimin bilmədiyi bir şeyi söyləyə bilərsənmi?
- Pişiklərdən qorxuram. Ümumiyyətlə, pişikləri sevmirəm. Uşaq vaxtı bir dəfə pişik üstümə atılmışdı. Həmin vaxtdan pişiklərə qarşı daxilimdə pis hisslər var. Amma İstanbulda pişik çoxdu. Son iki ildə İstanbulda artıq pişiklərə alışdım.
- Karyeranda sənə ən çox çətinlik yaşadan müdafiəçilər kim olub?
- Pepe və Serxio Ramos.
- İdealın kimdi?
- Uşaq vaxtı Corc Vea idi. Amma sonra Samuel Eto`O və Didye Droqba bütün afrikalılar üçün kumirə çevrildi.
- Ən son qəlbin nə vaxt qırılıb?
- Qızımın səhhəti ilə bağlı problemi olanda.
- Karyeran ərzində ən çox hansı klubda oynamaq sənə xoşbəxtlik yaşadıb?
- “Qalatasaray”da.
- Gücün olsaydı, futbolda nəyi dəyişərdin?
- İrqçiliyi.