Brayan Klaf deyirdi ki, heç bir futbolçu milyon dollara dəyməz.
"Football-plus.az" xəbər verir ki, onun rəhbərlik etdiyi “Nottingem Forest” yüksək diviziona vəsiqə qazanandan az sonra çempion oldu və hücum xəttini gücləndirməyə ciddi ehtiyac duydu. Klaf avtobioqrafik xarakterli kitabında yazır ki, yeni forvard alarkən məhz prinsipə gedib “Birmingem”lə danışıqlarda 999999 funt üzərində dayandım. Ancaq dahi məşqçi bir qədər yalan danışırdı: liqanın hesabına köçən 15 faizlik vergini də nəzərə alsaq, transferin faktiki qiyməti 1 milyon 150 min funt idi. Beləcə 1979-cu ilin fevarlında 25 yaşlı Trevor Frensis İngiltərə futbolu tarixində dəyəri 7 rəqəmlə ölçülən ilk futbolçu oldu.
Rekord məbləğə baxmayaraq, Klaf debütantı maksimal dərəcədə laqeyd şəkildə mediaya təqdim etdi. Brayan tennis oynamağa tələsirdi, bu üzdən mətbuat konfransına al-qırmızı idman formasında, üstəlik əlində raketka qatılmışdı.
Həmin vaxt Frensis artıq parlayan ulduz idi. Hələ 16 yaşı olarkən het-trik edən ən gənc futbolçu kimi bütün ölkədə məşhurlaşmışdı. 1976-cı ildə isə Trevor artıq yığmada oynayırdı və hədsiz çox qol vurmaqla “Birmingem”i təkbaşına elitada saxlayırdı (təsadüfi deyil ki, Trevor satılandan dərhal sonra çempionatda ən az qol vuran komanda aşağı dəstəyə yuvarlandı).
Heç şübhəsiz, zəmanəmizdə bu çaplı futbolçu belə kiçik və kasıb klubda uzun müddət qalmazdı. 1978-ci ildə Frensis hətta qısa müddətə qazanc dalınca Şimali Amerikanın NASL liqasına – indiki MLS-in sələfi olan çempionata da yollandı. İngiltərəli forvard yarımillik icarə dövründə “Detroyt Ekspress”in heyətində 19 oyuna 22 qol vurdu, Frants Bekkenbauer və Corco Kinalya ilə birgə Ulduzların oyununda da iştirak etdi.
Ancaq əsas hadisələr irəlidə idi. 1970-ci illərdə “transfer pəncərəsi” qaydası indi öyrəşdiyimiz kimi işləmirdi. Futbolçunu fevralda alan Klaf risk edirdi: Trevor çempionatda klubun şərəfini qorusa da, Çempionlar Liqasında yalnız finalda oynaya bilərdi. Ancaq Klaf ən vacib məqamda risk etməsəydi, onda tarixin ən dahi məşqçilərindən biri olmazdı. Komanda debütantsız da finala qədər irəlilədi. 1979-cu il mayın 30-da Münhen Olimpiya stadionunun ağcınacan dolan tribunaları önündə Frensis hesabı açdı – bu qol “Malmö” ilə oyunda yeganə oldu və “meşəçilər”ə tarixindəki ilk Çempionlar kubokunu qazandırdı. Topa başla həlledici zərbəni vuran Frensisin nəhəng fotosu indiyə qədər Nottingemdəki stadionun əsas girişinin önündə qalmaqdadı.
Sonradan Frensisin karyerasında “Atalanta”, “Reyncers”, KPR və nəhayət, “Şeffild Uensdey” dönəmi oldu, veteran-forvard bu klubda da tarix yazdı, şeffildlilərə 50 ildəki ilk qəniməti – Liqa kubokunu qazandırdı. Frensis məhz “Uensdey”də oyunçu karyerasını bitirdi və paralel şəkildə məşqçiliyə başladı. Bu klubun tarixindəki sonuncu yüksəliş onun adı ilə bağlıdı: 1991/92 mövsümündə 3-cü yer, iki dəfə 7-ci yer, həmçinin “Arsenal”a uduzulan iki kubok finalı. 1994/95 mövsümündəki 13-cü yeri rəhbərlik uğursuzluq kimi dəyərləndirdi və Frensis istefaya göndərildi. Tarix göstərdi ki, problem onunla bağlı deyilmiş. Əfsanə gedəndən sonra komanda elitada qalmaq uğrunda mübarizə aparmağa məhkum oldu və 2000-ci ildə premyer-liqanı tərk etdi. Frensis isə doğma “Birmingem”i və “Kristal Pelas”ı da çalışdırandan sonra istirahətə çəkildi.
Əfsanəvi forvard formasını geydiyi bütün komandalarda xarüqələr göstərəndən sonra İspaniyanın Marbelya şəhərinin yaxınlığındakı evində sakit qocalığını yaşayırdı. Və iyulun 24-də dahi Trevor Frensis dünyaya göz yumdu...