“Trabzonspor”un yeni qol ümidi 9 aylığa sıradan çıxdı!

26.07.2023 23:51 219
Dünya futbolu
Yeni mövsüm üçün avrokuboklara vəsiqə qazana bilməyən və digər iddialı klublardan fərqli hələ də ölkə xaricində - Sloveniyada toplanışda olan “Trabzonspor”da Mislav Orşiç şoku yaşanır.

"Football-plus.az" xəbər verir ki, təcrübəli vinger bir müddət öncə böyük ümidlərlə 2,4 milyon avro qarşılığında “Sauthempton”dan transfer edilmiş və onunla “2+1” illik müqavilə imzalanmışdı. Son illərdə Zaqreb “Dinamo”sunda məhsuldarlığı ilə diqqət çəkən 30 yaşlı futbolçunun Türkiyə çempionatındakı çıxışı böyük maraqla gözlənilirdi. Amma xorvatiyalı futbolçudan bəd xəbər gəlib. Srağagün məşqdə ikitərəfli oyun zamanı Orşiç Hakan Yeşil ilə mübarizədə zədələnərək oyunu davam etdirə bilmədi. Tibbi müayinədən sonra isə onun zədəsinin çox ciddi olduğu üzə çıxdı. Bir futbolçunun başına gələ biləcək ən şanssız zədə ilə qarşılaşan Orşiçin diz bağları qopub. Bu ilin sonuna qədər oynamayacağı dəqiqləşən Xorvatiya yığmasının üzvü təxminən 8-9 aylığa sıradan çıxıb! Türkiyə mətbuatının yazdığına inansaq, 16 yaşından bəri, yəni 14 ildi peşəkar səviyyədə futbol oynayan Orşiç buna qədər yalnız 4 dəfə zədələnmişdi. Onların arasında ən uzunmüddətlisi isə 8 günlük olmuşdu. Orşiç “Trabzonspor”a gələnə qədər 16 il ərzində zədə üzündən ümumilikdə cəmi 16 gün futboldan ayrı qalmışdı. Qaradənizlilərin baş məşqçisi xorvatiyalı Nenad Byelitsa dünənki məşqin ardından jurnalistlərlə söhbətdə bunları deyib:
“Bu xəbər hamımızı çox üzdü. Orşiçi 5-6 ildi yaxından tanıyıram. Bu müddət ərzində o, bir dəfə də ciddi zədə almamışdı. Çox böyük bir bəxtsizlikdi. Təəssüf ki, futbolda belə şeylər olur və zədə bu işin ayrılmaz bir parçasıdı. Həmin epizodda Orşiçlə birlikdə yer alan gənc oyunçumuz Həmid Yeşil ilə bağlı da bir-iki söz demək istəyirəm. Onun özünü günahkar saymasını istəmirəm. Hər birimiz onu dəstəkləyirik. Heç bir futbolçu komanda yoldaşına və ya rəqibə bilərəkdən ağır xəsarət yetirmək istəməz. Sadəcə, az öncə dediyim kimi böyük bir bəxtsizlik yaşandı. Bundan heç kim “sığortalanmayıb”. Ümumiyyətlə hazırlıq dönəmində bir sıra bəxtsizliklər yaşadıq. Digər yeni oyunçumuz Xoakin Fernandes də dirəklə toqquşaraq bir neçə həftəliyə sıradan çıxmışdı. İndi də Orşiçi bir neçə aylığa itirdik. Orşiçin əvəzinə yeni oyunçu almalıyıq. Fevralda onun durumunu bir daha nəzərdən keçirəcəyik. Trezeqe də yanvarda Afrika Millətlər Kuboku üzündən bir neçə oyunda bizə yardım edə bilməyəcək. Bu üzdən transferlər etməliyik. Bizim sistemimiz ya 4-3-3, ya da 4-1-4-1 olacaq. Bizə bir hücumçu, bir sol vinger və bir “8” nömrə lazımdı. Aramızdan ayrılan oyunçular da olacaq”.