Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətini gücləndirmək niyyətindədi.
“Football-plus.az” xəbər verir ki, sabah turnirin 2-ci təsnifat mərhələsində səfərdə “Rakuv”la qarşılaşacaq komanda oyunçu axtarışlarını davam etdirir. “Köhlən atlar” daha bir futbolçu ilə maraqlanır. Söhbət Qrecon Kyeidən gedir. Mərkəz hücumçusu “Klermon”da çıxış edir. 27 yaşlı forvardın dəyəri 2,5 milyon avrodu. Qana əsilli fransalının Liqa 1 təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatacaq.
Qrecon karyerası ərzində “Reyms”, “Lans”, Servett” kimi klublarda çıxış edib. Ümumilikdə 246 matçda meydana çıxan futbolçu 60 qol vurub, 40 məhsuldar ötürmə edib. Onunla “Qarabağ”dan başqa Türkiyə “Sivasspor”u da yaxından maraqlanır.
Maraq üçün bildirək ki, Qrecon “Neftçi”nin yeni transferi Filip Ozobiçin də əməkdaşlıq etdiyi TTMA menecerlik şirkətinin üzvüdü.
İLKİN SULTANLI