“Lans” ÇL-ə vəsiqəyə çox yaxındı – TURUN ŞƏRHİ

4.05.2023 17:34 244
Dünya futbolu
Çempionlar Liqasına birbaşa vəsiqə uğrunda mübarizə aparan “Lans” səfərdə ölkə kubokunun yeni qalibini məğlub etməklə hədəfinə bir addım da yaxınlaşdı.

“Qan-qızılılar”ın belçikalı ulduzu Openda “Tuluza”nın müqavimətini 33-cü dəqiqədə qırdı. Xatırladaq ki, “Lans” qitənin ən nüfuzlu klub turnirinin qrupunda sonuncu dəfə 2002/03 mövsümündə oynayıb. Ölkə çempionatında keçirdiyi son 7 oyunun 6-da qələbə qazanan komanda 3-cü yerdəki mövqeyini bir qədər də möhkəmlətdi. “Monako” “Lans”dan artıq 8 xal geri qalır.

33-cü turun oyunları
Tuluza – Lans 0:1

Openda, 33.

Lans: Samba, Medina, Danso, Qradit, Tomasson (Füljini, 71), Onana (Poreba, 82), Fofana, Aydara, Frankovski, Sotoka, Openda (Labo, 82).
1. PSJ – 75, 2. Marsel – 70, 3. Lans – 69... 13. Tuluza – 41... 16-17. Nant - 32, Brest – 32...
Bombardir: Mbappe (PSJ) - 23.

Turun rəqəmi
6 – PSJ-nin cari mövsümdə aldığı məğlubiyyətlərin sayı bu həddə çatdı. Parislilər sonuncu dəfə 2020/21 mövsümündə bu qədər çox oyunda uduzub və onda 2-ci yeri tutub.

Turun ulduzu
Andre Qomeş (Lill) – “şimallı itlər”in cari mövsümdəki uğurlarının əsas memarı 21 qol vuran Devd olsa da, “Ayaçço” ilə oyunda portuqaliyalı yarımmüdafiəçi ön plana çıxdı. Onun ilk 33 dəqiqədə vurduğu iki qol oyunun taleyini həll etdi.

Turun sitatı
Markinyos, PSJ-nin müdafiəçisi:

“Titulu qazanmaq istəyirik, mövsümün sonuna gəlib çatmışıq, bu məqamı bəzi oyunlarda gözdən qaçırmamalıyıq. Oyunla bağlı planımız işləmədi, “Loryan” zəif yerlərimizi tapdı. Özümüzü dəyərləndirməyi bacarmalıyıq. Yox, motivasiya ilə bağlı problem yaşamırıq. Hər şeyi detallar həll etdi, fasilədən sonra oyunumuzu yaxşılaşdıra bilmədik. Azlıqda qalanda bunu etmək çətindi. Bu mövsüm yüksəliş və eniş dövrlərimiz olub, “Trua” ilə növbəti oyun titul baxımından həlledicidi”.