30-cu turun mərkəzi qarşılaşması, heç şübhəsiz, Masazırda keçirilən “Sabah” – “Qarabağ” matçı idi.
Bu dəfə stadiona 14-cü turdakı kimi 10 min azarkeş gəlməsə də, gələnlər çox maraqlı, gərgin qarşılaşma izlədi. Meydan sahibləri tarixində ilk dəfə, Qurban Qurbanovun da etriaf etdiyi kimi, Ağdam təmsilçisi üzərində layiq olduğu qələbəyə sevindi. Bu, “köhlən atlar”ın cari mövsümdə ilk məğlubiyyəti kimi tarixə düşdü. Yeri gəlmişkən, “tələbələr” bu qələbə sayəsində rəqibin erkən çempionluğunu bir qədər ləngitməyi bacardı. Sona 6 tur qalmış liderlə xal fərqini 9-a endirən Murad Musayevin komandası eyni zamanda 3-cü pillədəki “Neftçi”dən 8 xal aralandı.
“Neftçi”dən söz düşmüşkən, Konfrans Liqasına vəsiqəni təmin edən “ağ-qaralar” 30-cu oyun həftəsinin ilk günündə öz meydanında avrokuboklara sonuncu vəsiqə uğrunda mübarizə aparan “Qəbələ” ilə üz-üzə gəldi. Artıq ilk dəqiqələrdən görünürdü ki, heç bir komanda müdafiədə oturmaq fikrində deyil. Eyni zamanda nə meydan sahibləri, nə də qonaqlar böyük qüvvə ilə irəli atılıb müdafiəni unutmaq istəyirdi. “Bakcell Arena”dakı matç bir daha Laurentsiu Regekampfın komandasının müdafiəsinin nə qədər “ağır” olduğunu göstərdi. “Ağ-qaralar”ın mərkəz müdafiəçiləri “ikinci mərtəbə”də nə qədər inamlı olsalar da, yer toplarında bir o qədər “axsayırlar”. Qonaqlar da “Neftçi”nin məhz zəif cəhətindən yararlanaraq artıq ilk hissədə matçın taleyini həll edən iki qol vurmağı bacardı. Fasilədən sonra Elmar Baxşıyevin komandası qapısında qol görsə də, qələbə hesabını əldən vermədi.
“Zirə” üçün “Səbail”lə oyunu iki hissəyə bölmək olar: yaxaladığı qol şanslarını boşa verdiyi ilk və demək olar ki, hər şeyin alındığı ikinci yarı. “Qartallar” “dənizçilər”lə görüşdə böyük oyun üstünlüyünə yiyələnməklə autsayderə, demək olar ki, nəfəs almağa imkan vermədi. Şahin Diniyevin komandası isə son dəqiqədə vurduğu təsəlli qolundan başqa, demək olar, heç nə ilə yadda qalmadı. Qələbə sayəsində “Zirə” “Qəbələ”nin uzaqlaşmasına imkan vermədisə, “Səbail” sonuncu pillədəki yerini bir qədər “möhkəmləndirdi”.
Məlum səbəbdən mövsümün son qərb derbisində “Kəpəz” “Turan Tovuz”u Qəbələdə qəbul etdi. Məhz bu səbəbdən tribunalarda anşlaq olmayacağı bəlli idi. Buna baxmayaraq, gəncəlilərin “sarı-göylər”i Qəbələdə yalqız buraxdığını da söyləmək olmaz. Az da olsa, Tərlan Əhmədovun komandasının dəstəyi var idi. Oyunun taleyini mövsümün kəşfi Abdulahi Şuaybunun vurduğu erkən qol həll etdi. Onu da qeyd edək ki, tovuzlular ilk yarının sonuna yaxın azlıqda qaldı və bu da ümumi nəticəyə təsirsiz ötüşməyə bilməzdi. Qələbə sayəsində “sarı-göylər” Tovuz təmsilçisi ilə aradakı xal fərqini 1-ə endirdi. Xatırladaq ki, bu, Tərlan Əhmədovun komandasının son 8 oyunda 4-cü qələbəsidi. “Turan Tovuz”da isə əksinə, “qara zolaq” davam edir. Ayxan Abbasovun çalışdırdığı kollektiv artıq 7 oyundu 3 xala həsrətdi.
Şamaxıda eyniadlı komanda turnir cədvəlində qonşu olduğu “Sumqayıt”ı qonaq etdi. O qədər də maraqlı alınmayan matçda qalib müəyyənləşmədi. 90 dəqiqənin ədalətli nəticəsi bəlkə də heç-heçə idi ki, məhz belə də oldu. Onu da qeyd edək ki, Samir Abasovun çalışdırdığı “kimyaçılar” bu il ilk dəfə heç-heçəyə razılaşdı. “Kimyaçılar” ardıcıl 14 oyunda meydanı ya qalib, ya da məğlub tərk edib. 30-cu turdan sonra turnir cədvəlində dəyişiklik olmadı. Bombardirlərin siyahılsında yer alanlardan isə yalnız Coy-Lens Mikels dubl etməklə qollarının sayını 17-yə çatdırıb. Almaniyalı artıq Ramil Şeydayevlə 2-ci pilləni bölüşür.
Misli premyer-liqası
4-cü dövrə, 30 tur
14 aprel
Zirə - Səbail 3:1
Neftçi – Qəbələ 1:2
15 aprel
Kəpəz – Turan Tovuz 1:0
16 aprel
Şamaxı – Sumqayıt 0:0
Sabah – Qarabağ 2:1
1. Qarabağ 30 24 5 1 75-18 77
2. Sabah 30 21 5 4 65-23 68
3. Neftçi 30 18 6 6 55-27 60
4. Qəbələ 30 11 9 10 38-37 42
5. Zirə 30 11 8 11 35-40 41
6. Turan Tovuz 30 7 8 15 24-40 29
7. Kəpəz 30 6 10 14 30-52 28
8. Sumqayıt 30 6 7 17 20-56 25
9. Şamaxı 30 4 10 16 24-45 22
10. Səbail 30 5 6 19 23-51 21
Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 20, Ramil Şeydayev (Qarabağ), Coy-Lens Mikels (Sabah) – 17, Emin Mahmudov (Neftçi) – 15.
Növbəti turun oyunları: 21 aprel - Şamaxı – Kəpəz, Qarabağ – Zirə; 22 aprel – Turan Tovuz – Sabah, Səbail – Neftçi; 23 aprel – Sumqayıt – Qəbələ.
RƏŞAD
Yerindən tərpənən olmadı – TURUN ŞƏRHİ
Premyer-liqa / Reportaj




