“Xəmsə” “Kəpəz”in Gəncədən perik düşməsini istəmir

11.04.2023 11:13 649
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 28-ci turunun “Kəpəz” – “Səbail” oyununda ağır tablo ilə qarşılaşdıq. Artıq həmin gündən bəri Gəncə şəhər stadionunun rəzil durumu heç kimə sirr deyil.

Şəkillər yayıldı, tənqidlər yağış kimi yağdı və günahkarlar axtarıldı. Acı mənzərə ictimailəşəndən dərhal sonra aidiyyatı şəxslər və qurumlar əl-ayağa düşdü, açıqlamalar verildi. Sanki əvvəlcədən durumdan xəbərləri yox imiş. Bəlkə də onlar da bir çoxları kimi oyunu televiziyada izləyəndən sonra məsələdən agah olublar...

Görəsən, “Kəpəz” tərəfdarlarının qəzəbindən deyil də, hansısa rəsmi qurumlardan çəkinirmiş kimi açıqlama verən tərəflər Gəncə futbolunu yaşadan azarkeşlərin fikirlərinə önəm verir? “Kəpəz”in ən böyük fanklubu “Xəmsə” bu mövzuda nə düşünür?

"Football-plus.az" xəbər verir ki, bu suallarla azarkeş qrupunun idarəçilərindən Müşfiq Məmmədova müraciət etdik:

“Gəncə şəhər stadionunun vəziyyəti bizi çox qayğılandırır. Digər problemlər azmış kimi, indi də meydan bərbad durumdadı. Elə bil bu mövsüm hər şey biz azarkeşlərə qarşıdı. Biz komandanın ev oyununu səfərdə keçirməsini istəmirik. Bu bizə çox böyük mənfi təsir göstərir. Yeni stadionun inşasının hansısa fəlakət olmadan başlayacağına inanmaq istəyirik. Bu söhbət illərdi Gəncə futbolunun gündəmini zəbt edib. Ortada isə heç nə yoxdu”.


KƏNAN BAHADIR