Bilindiyi kimi Çempionlar Liqasında 1/8 finalın cavab oyununda ''Mançester Siti'' Erlinq Holannın inanılmaz performansı sayəsində ''Leyptsiq''i 7:0 hesabı ilə darmadağın etdi.
"Football-plus.az" xəbər verir ki, 57 dəqiqəyə 5 qol vuran norveçli qoleador 63-cü dəqiqədə əvəzləndi. Halbuki o, 6-cı qolu vursaydı, tarixə düşə bilərdi. Çünki ÇL-də indiyə qədər bir oyuna 6 top vuran olmamışdı! ''Siti''nin çalışdırıcısı Xosep Qvardiola Holanna nə üçün 6-cı qolu vurmağa imkan verməməsi barədə suala belə cavab verib:
''O, 22-23 yaşında bu göstəriciyə nail olsaydı, yəni bir oyuna 6 top vursaydı, sonradan ona futbol oynamaq maraqsız olardı. Belədə gələcək üçün heç bir hədəfi qalmayacaqdı. Bu üzdən onu əvəzlədim. Həm də adətən oyunun taleyi həll olunanda mən digər futbolçulara da şans verirəm. Holann bu cür performansla üzərindəki təzyiqi və ondan gözləntiləri bir qədər də artırır. Bundan sonra o, 2-3 qol vurmadığı hər qarşılaşmadan sonra tənqid olunacaq. Reallıq məhz bu cürdü. Holannın 60-65 dəqiqə ərzində het-trik etdiyi demək olar bütün qarşılaşmalarda onu əvəzləmişəm. Özü də son oyunda topa cəmi 30-35 dəfə toxunmaqla 5 qol vurdu. Ondan tələb etdiyimiz də məhz budu. Bəzən Holann lazımi qədər hərəkətli olmur. Məsələn, ''Kristal Pelas''a qarşı səfər oyununda belə idi. Matçdan sonra ona ''bu gün yaxşı oynamadın'' dedim. Erlinq zəif təsir bağışladıqda günah bəzən onda, bəzən də bizdə olur. Məsələn, ''Leyptsiq''lə ilk görüşdə günah bizdə idi. Çünki Holannı lazımi qədər topla təmin edə bilmədik. Vaxt ötdükcə bu çətinlikləri aradan qaldıracağıq''.