Başıbəlalı “Beşiktaş” – “Antalyaspor” oyunu ilə bağlı xəbərlər var.
Football-plus.az xəbər verir ki, 14-cü tura təsadüf edən bu görüş ötən il noyabrın 13-də baş tutmalı idi. Amma həmin vaxt İstanbulda baş vermiş terror aktı üzündən oyun təxirə salımışdı. 2-ci dəfə bu qarşılaşma fevralın 14-də oynanılmalı idi. Bu dəfə isə məlum olduğu kimi, zəlzələ matçın keçirilməsinə mane oldu. 3-cü cəhdin bu həftəsonu, fevralın 26-da olacağı gözlənilir.
Əvvəlcə qeyd edək ki, bu oyunda da zəlzələdən əziyyət çəkənlər unudulmayacaq. “Beşiktaş”ın məşhur “Çarşı” fanat qruplaşması futbolsevərlərdən bu matça şərf, papaq, əlcək və yumşaq oyuncaqlar gətirməyi xaiş edib. Qarşılaşmanın 04.17-ci dəqiqəsində hər kəs əlində gətirəcəyi ləvazimatı meydanın kənarına atacaq. “Çarşı” daha öncə 2011-də Van şəhərində yaşanan zəlzələdən əziyyət çəkənlərə də bu şəkildə yardım etmişdi.
Bazar günü “Vodafon Park”da keçiriləcək oyunla bağlı ən diqqətçəkən məqam isə matçı buraxacaq futbolçuların sayıdı. Çünki Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən oyun noyabrın 13-dəki şərtlərə uyğun keçiriləcək. Yəni yalnız həmin vaxt meydana çıxmaq ixtiyarı olan futbolçuların oynamaq şansı olacaq. Bu da o deməkdi ki, “Qartal”ın 5 yeni transferi – Əmir Hadziahmetoviç, Omar Kolli, Onur Bulut, Vensan Abubakar və Aleksandru Maksim oyunu buraxmalı olacaq. Təbii ki, bu qış klubdan ayrılanlar da meydanda olmayacaq. Söhbət Jozef De Souza, Vout Veqhorst, Xavi Montero və Əmrəcan Uzunhandan gedir. Əvəzində həmin vaxt zədəli olan Rəşid Gezzal bu dəfə oynaya biləcək. Bənzər durum “Antalyaspor”da da yaşanır. Nur Şahinin çalışdırdığı kollektivdə itkilər daha da çoxdu. Bu qış transfer edilən 8, klubu tərk edən 4 və cəzalı olan 1 futbolçu meydana çıxmayacaq. Bundan başqa, antalyalıların əsas qol silahı Haci Rayt da zədəlidi və böyük ehtimalla komandasına kömək edə bilməyəcək.
Başqa sözlə desək, 9-u “Beşiktaş”da, 13-ü “Antalyaspor”da olmaqla qarşıdakı görüşü 22 futbolçu məcburiyyətdən buraxmalı olacaq. Hələ bu rəqəmə zədəlilər daxil deyil.