Bilindiyi kimi bir müddət öncə ''Konyaspor'' sürpriz şəkildə İlhan Palutla yollarını ayıraraq onu serbiyalı Aleksandar Stanoyeviç ilə əvəzləmişdi.
Football-plus.az xəbər verir ki, klubla məşqçi hələ də qarşılıqlı şəkildə bir-birini günahlandırmaqda davam edir.
''Konyaspor'' tərəfindən səsləndirilən bütün ittihamları Palut rədd etmişdi. Amma Konya təmsilçisinin prezidenti Fatih Özgöçken bu məsələni yenidən gündəmə gətirərək Palutun yanlışlarını sadalayıb:
"Rəhbərliyi dinləməyib kənardan, başqalarından təlimat almağı, klub daxilində baş verənləri başqalarına danışmağı biz heç cür qəbul edə bilmərik. ''Konyaspor''un problemləri kənar şəxslərlə yox, rəhbərliklə həll olunmalıdı. Sadəcə baxışlar, prinsiplər üst-üstə düşmədi. Biz heç vaxt prinsiplərimizdən vaz keçmərik. Şəxsi hədəflər ön planda ola bilməz. Gənclərimizi və öz yetirmələrimizi itirirdik. Bu mövsüm superliqada 2000-ci il və onda sonra doğulanlara ən az şans verən klub biz idik. Geridə qalan 20 turda gənclər cəmi 2 dəqiqə forma geymişdi. Halbuki bu durumdan narazı olduğumuzu dəfələrlə bildirmişdik. Amma heç nə dəyişmədi. Yalnız 11 futbolçunu müəyyənləşdirib meydana buraxmaq məşqçilik deyil. Biz heç bir oyunçumuzu itirmək istəmirik. Sağlam rəqabət yaradılmalı və bütün oyunçular doğru şəkildə idarə olunmalıdı''.