Bildiyiniz kimi, “Futbol+” hər ilin sonunda ən yaxşı futbolçunu müəyyənləşdirmək məqsədi ilə ümummilli sorğu keçirir.
Qəzetimizin ötən sayında kollektivin müəyyənləşdirdiyi 10 nəfərlik namizəd siyahısını təqdim etmişik. Ümummilli sorğuya respondent kimi qatılacaq futbol ictimaiyyətinin ən müxtəlif təbəqələri məhz bu 10 nəfər arasından ilin ən güclüsünü seçəcək. Əvvəlcə “10-luq”la tanış olaq:
Aleksey İsayev (Sabah)
Bəhlul Mustafazadə (Qarabağ)
Eddi İsrafilov (Neftçi)
Elvin Cəfərquliyev (Qarabağ)
Emin Mahmudov (Neftçi)
Mahir Emreli (Dinamo)
Ramil Şeydayev (Qarabağ)
Renat Dadaşov (Tondela/Qrasshopper)
Riçard Almeyda (Qarabağ)
Şahruddin Məhəmmədəliyev (Qarabağ)
Respondentlərə seçim zamanı yardım etmək üçün hər futbolunun il ərzindəki göstəricilərini bir daha xatırladırıq.
Aleksey İsayev
Namizədliyini şərtləndirən səbəblər
“Sabah” ötən mövsüm heç bir turnirdə uğur qazana bilmədi. Komanda premyer-liqanı 4-cü yerdə başa vurdu, kubokda isə 1/4 finalda “Neftçi”yə məğlub oldu. Lakin komanda bu mövsüm olduqca iddialıdı. “Bayquşlar” premyer-liqada 2-ci pillədə qərarlaşıb. Komandanın heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Aleksey İsayevdi. Yarımmüdafiəçi 2022-ci ildə 39 oyuna çıxıb. Bu qarşılaşmalarda 5 qol vurub, 7 məhsurdar ötürmə verib ki, bu da aşağı göstərici sayılmır.
Premyer-liqa
Aleksey İsayev çempionatda 2021/22 mövsümünün ikinci yarısında 14 matçda meydanda olub. Bu görüşlərdə 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 2022/23 mövsümündə isə 16 qarşılaşmada meydanda olub. Yarımmüdafiəçi bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Çempionatda 30 görüşdə 7 sarı vərəqə ilə cəzalanmasını qənaətbəxş saymaq olar.
Kubok
Yuxarıda qeyd etdiyimiz kimi, “Sabah” 2021/22 mövsümündə 1/4 finalda mübarizəni dayandırdı. Bu səbəbdən İsayev bu turnirdə meydana çıxmayıb. 2022/23 mövsümündə isə “Səbail” “bayquşlar”ın qarşısını kəsdi. Cəmi 2 matçda meydanda olan yarımmüdafiəçi heç nə ilə fərqlənməyib.
Avrokubok - oynamayıb
Yığma
Alekseyin millidəki builki çıxışını yaxşı saymaq olar. Milli komanda ümumilikdə 10 matç keçirib. İsayev isə 7 qarşılaşmada top qovub. 361 dəqiqə meydanda olan yarımmüdafiəçi 1 qol vurub, vərəqə ilə cəzalanmayıb.
Bəhlul Mustafazadə
Namizədliyini şərtləndirən səbəblər
Müdafiəçi ilin əvvəlində “Qarabağ”ın əsas heyət üzvü deyildi. Lakin yeni mövsümdən Qurban Qurbanov ona güvənməyə başladı. Bu da onun inamlı çıxışına şəriat yaratdı. Daha çox Bədavi Hüseynovla anlaşması futbol ictimaiyyətinin gözündən qaçmadı. Bəhlulun bu il 40 qarşılaşmada meydana çıxması və cəmi 7 sarı vərəqə ilə cəzalanması diqqəti çəkən məqamlardandı.
Premyer-liqa
Qurban Qurbanov 2021/22 mövsümünün ikinci yarısında cəmi 5 görüşdə Bəhlula şans verib. Bu görüşlərdə fərqlənə bilməsə də, 3 dəfə sarı vərəqə ilə cəzalanıb. Cari “futbol ili”ndə isə 13 qarşılaşmada komandasına kömək edib. Bu görüşlərdə cəmi 2 sarı vərəqə ilə cəzalanıb.
Kubok
İl ərzində 3 kubok oyununda şans qazanıb, bunların heç birində fərqlənə bilməyib.
Avrokubok
25 yaşlı müdafiəçi 2021/22 mövsümündə Konfrans Liqasının pley-offunda “Marsel”ə qarşı görüşdə şans əldə etmədi. Lakin cari “futbol ili”ndə Avropada özünü yaxşı tərəfdən göstərə bildi. Qurban Qurbanov həm ÇL-in təsnifat, həm də AL-in qrup mərhələsində ona güvəndi. 11 matçda meydana çıxan müdafiəçi 2 sarı vərəqə ilə cəzalanıb.
Yığma
Bəhlul bu il millidə çox oyunmaq şansı əldə edənlərdəndi. Canni de Byazi ona 8 dəfə güvənib. 25 yaşlı müdafiəçi bu görüşlərdə 698 dəqiqə meydanda olub. Fərqlənə bilməsə də, 1 sarı vərəqə ilə cəzalanıb.
Eddi İsrafilov
Namizədliyini şərtləndirən səbəblər
Eddi dayaq yarımmüdafiəçisi mövqeyində ölkənin ən yaxşılarından biridi. Yığmada əsas rəqibi Qara Qarayevi üstələməyi bacarıb. Ümumilikdə 39 qarşılaşmada meydana çıxan İsrafilov 5 qol vurub, 2 məhsuldar ötürmə verib. Olduqca aqressiv oyun sərgiləyən yarımmüdafiəçi 16 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.
Premyer-liqa
Ötən mövsümün ikinci yarısında komandaya cəlb olunsa da, tez uyğunlaşdı. 12 matçda meydana çıxması da bunun sübutudu. O, bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə verib, 7 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb. Eddi bu mövsüm çempionatda o qədər də çox oynamır. Zədələnməsi bu məsələdə problem yaradıb. Laurentsiu Regekampf ona 10 görüşdə güvənib. Yarımmüdafiəçi bu qarşılaşmalarda 2 qol vurub. Ötən illə müqatisədə bu mövsüm daha az vərəqə ilə cəzalınıb - 4 sarı.
Kubok
“Neftçi” 2021/22-də kuboku yarımfinalda tərk edib. Eddi 3 matçda meydana çıxsa da, heç nə ilə yadda qalmayıb. Flaqman bu mövsüm də adını yarımfinala yazdıra bilib. Eddi isə 1/4 finalda “Zirə”yə qarşı hər iki oyunda meydanda olub. O, bu görüşlərdə 1 məhsuldar ötürmə də verib. Bu il kubok matçlarında 1 sarı vərəqə ilə cəzalanıb.
Avrokubok
Konfrans Liqasının təsnifat mərhələsi “Neftçi” üçün tez bitdi. Flaqman 3-cü turda mübarizəni dayandırdı. Buna baxmayaraq, Eddi 4 görüşün hamısında meydanda oldu. Yarımmüdafiəçi bu görüşlərdə 1 məhsuldar ötürmə verməyi də bacardı, 1 dəfə sarı vərəqə ilə cəzalandı.
Yığma
Canni de Byazinin sevimli futbolçularındandı. 2022-ci ildə millidə 8 qarşılaşmada meydana çıxıb. 627 dəqiqə meydanda olsa da, qol vura bilməyib. Lakin 3 sarı vərəqə ilə cəzalanıb.
Elvin Cəfərquliyev
Namizədliyini şərtləndirən səbəblər
Bu ilin ən parlaq oyun sərgiləyən futbolçularından biri Elvin Cəfərquliyevdi. Gənc müdafiəçi sol cinahda göstərdiyi oyunla futbol ictimaiyyətinin könlünü fəth edib. Qurban Qurbanov bu il 43 matçda şans veribsə, artıq danışmağa gərək yoxdu.
Premyer-liqa
2021/22 mövsümündə zədədən çox əziyyət çəksə də, ikinci dövrədə toparlandı. Hətta 14 matçda meydana çıxaraq 1 qol vurub, 1 məhsuldar ötürmə də verdi. Cəmi 1 dəfə sarı vərəqə ilə cəzalandı. Cari mövsümdə də 14 görüşdə meydanda olub. Lakin bu dəfə göstəriciləri daha yaxşıdı - 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Kubok
Ötən mövsüm kubokda 3 görüşdə oynamaq şansı əldə etdi. Bununla da karyerasında ilk dəfə bu turnirdə çempionluq sevinci yaşadı. Cari “futbol ili”ndə isə kubokda 2 görüşdə meydana çıxsa da, heç nə ilə yadda qalmadı.
Avrokubok
“Marsel”lə pley-off matçında Qurban Qurbanov ona şans vermədi. Lakin bu mövsüm avrokuboklarda 10 qarşılaşmada top qovması böyük göstəricidi. Bu görüşlərdə fərqlənməsə də, 3 dəfə sarı vərəqə ilə cəzalanıb.
Yığma
Təbii ki, “Qarabağ”dakı çıxışı millidəki yerinə də təsir edib. Artıq o, komandanın əsas üzvlərindəndi. Bu il 4 görüşdə meydana çıxıb, 1 qol vurmağı bacarıb.
Emin Mahmudov
Namizədliyini şərtləndirən səbəblər
Emin Mahmudov haqda çox məlumat verməyə ehtiyac yoxdu. Yarımmüdafiəçi həm milli, həm də klub səviyyəsində bütün matçlarda start heyətində meydana çıxıb. 2022-ci ildə 52 oyunda top qovan futbolçu 28 qolun vurulmasında iştirakçı olub.
Premyer-liqa
Pleymeyker 2022-ci ildə premyer-liqada 32 matçda meydana çıxan yeganə oyunçudu. Bu görüşlərdə 13 qol vurub, 7 ötürmə verib. Mahmudov intizamı ilə də diqqəti çəkir. Çempionat matçlarında bu il cəmi 6 dəfə sarı vərəqə ilə cəzalanıb.
Kubok
Bu turnirdə də komandasının əsas oyunçusu Emin Mahmudov olub. O, 2021/22 mövsümündə 4 görüşdə meydana çıxıb. Bu matçlarda 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanıb. Bu mövsüm isə “Zirə” ilə 1/4 final görüşlərinin hər ikisində meydanda olub, 1 qol da vurmağı bacarıb.
Avrokubok
“Neftçi”nin burda macərası uzun çəkmədi. Emin 4 oyunun hamısında meydanda oldu və 2 məhsuldar ötürmə ilə diqqəti çəkdi.
Yığma
Canni de Byazinin ən sevimli futbolçusu Emin Mahmudovdu desək, yanılmarıq. 10 matçda meydana çıxan yarımmüdafiəçi 1 qol vurmağı da bacarıb, 1 sarı vərəqə alıb.
Mahir Emreli
Namizədliyini şərtləndirən səbəblər
Mahir Emreli bu il özünü yaxşı tərəfdən göstərə bilmədi. Lakin meydana çıxdığı matçlarda fəal idi. Həm bu səbəbdən, həm də legioner olduğu üçün builki siyahıda yer aldı.
Xorvatiya çempionatı
Millimizin üzvü Xorvatiya çempionatında 14 oyunda meydanda olub. 2021/22-də 6 qarşılaşmada meydana çıxıb və 2 qol vurub. Cari “futbol ili”ndə isə 8 görüşdə 3 dəfə fərqlənməyi bacarıb.
Kubok
“Dinamo”da hələ ki kubok matçlarında oynamayıb.
Avrokubok
2021/22-də Avroliqanın pley-offunda “Sevilya” ilə matçlarda meydanda olsa da, qol vura bilməyib. Cari “futbol ili”ndə isə Çempionlar Liqasının həm təsnifat, həm də qrup mərhələsində 3 görüşdə meydana çıxıb.
Yığma
Millidə də özünü göstərə bilməsə də, Canni de Byazi ona 7 oyunda şans verdi. Hücumçu bu görüşlərdə 1 qol vurub, 3 dəfə sarı vərəqə ilə cəzalanıb.
Ramil Şeydayev
Namizədliyini şərtləndirən səbəblər
“Qarabağ”ın üzvü bu il əla performans sərgiləyib. Siyahıda yer alanlar arasında ən çox oyun keçirən futbolçudu. O, bu il 64 matçda meydana çıxıb.
Premyer-liqa
2021/22 mövsümünün 2-ci yarısında 12 görüşdə top qovub. Bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Hakimlər onu 1 dəfə sarı vərəqə ilə cəzalandırıb. Cari “futbol ili”ndə isə 17 matçda meydana çıxıb. 13 qolla hazırda premyer-liqada bombardirdi. 4 məhsuldar ötürməsi də var.
Kubok
“Qarabağ”ın kubokda qalib olmasının əsas səbəbkarlarından biri Ramil Şeydayevdi. O, 5 qarşılaşmada 4 qol vuraraq komandasına fayda verib. Bu matçlarda 1 dəfə sarı vərəqə ilə cəzalanıb. Cari mövsümdə isə “Qəbələ”yə qarşı 1/4 final qarşılaşmalarının hər ikisində meydanda olsa da, heç nə ilə yadda qalmadı.
Avrokubok
“Qarabağ” bu il 18 avrokubok matçı keçirib. Ramil bu görüşlərin hamısında meydanda olub. 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Hakimlər onu 3 dəfə sarı vərəqə ilə cəzalandırıb.
Renat Dadaşov
Namizədliyini şərtləndirən səbəblər
Avropada bu mövsüm özünü yaxşı tərəfdən göstərməyi bacardı. İsveçrə çempionatında adından tez-tez bəhs etdirdi. Həm Portuqaliyada, həm də İsveçrədə sabit oyun sərgilədi. Renatın 44 oyunda meydana çıxması da diqqəti çəkən məqamlardandı.
Portuqaliya birinci liqası, İsveçrə superliqası
Renat il ərzində iki klubda çıxış etdi. O, 2021/22 mövsümündə Portuqaliyada “Tondela”nın uğurları üçün tər tökdü. “Futbol ili”nin 2-ci yarısında Renat birinci liqada 17 matçda meydana çıxdı. O, bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qaldı. Bu mövsümün əvvəlində komandasını dəyişdi - “Qrasshopper”ın uğurları üçün tər tökməyə başladı. Hücumçu cari “futbol ili”ndə superliqada 15 görüşdə 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Bu matçlarda 5 dəfə sarı vərəqə ilə cəzalanıb.
Kubok
Renat bu il ancaq Portuqaliya kubokunda meydana çıxdı. “Tondela” ilə finala qədər irəliləsə də, komandası həlledci matçda “Porto”ya məğlub oldu. Millinin üzvü 4 görüşdə 1 dəfə fərqlənə də bildi.
Avrokubok - oynamayıb.
Yığma
De Byazinin sevimli futbolçularından biri də Renat Dadaşovdu. 9 görüşdə millinin uğurları üçün top qovdu, bu matçlarda 1 qol vurmağı bacardı. Hakimlər onu 2 sarı vərəqə ilə cəzalandırdı.
Riçard Almeyda
Namizədliyini şərtləndirən səbəblər
Almeyda “Qarabağ”da “ikinci gəncliyini yaşayır” desək, yanılmarıq. “Milliləşdirilən” futbolçu bu mövsüm özünü yaxşı tərəfdən göstərərək yenidən milli komandaya dəvət olunmağa başladı.
Premyer-liqa
2021/22 mövsümünün 2-ci yarısında cəmi 7 görüşdə meydana çıxan Riçard 3 dəfə sarı vərəqə ilə cəzalanıb. Cari “futbol ili”ndə isə çempionatda 14 görüşdə meydanda olub. 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kubok
Qurban Qurbanov ötən mövsüm yarımmüdafiəçiyə kubokda şans verməyib. Cari “futbol ili”ndə isə Almeyda “Qəbələ” ilə 1/4 final mərhələsinin hər iki görüşündə meydanda olub. 1 sarı vərəqə almaqla diqqəti çəkib.
Avrokubok
Konfrans Liqasında “Marsel”ə qarşı pley-off matçında meydanda olmadı. Lakin cari “futbol ili”ndə avrokuboklarda Qurban Qurbanov ona çox güvəndi. 13 matçda meydana çıxan Riçard 4 dəfə sarı vərəqə ilə cəzalandı.
Yığma
De Byazinin sevimli futbolçularındandı. Hətta italiyalı onu daha əvvəl milliyə çağırmadığı üçün üzr də istədi. Bunun müqabilində Almeyda yığmada 7 oyunda meydanda çıxsa da, 2 sarı vərəqə aldı.
Şahruddin Məhəmmədliyev
Namizədliyini şərtləndirən səbəblər
Səhvləri oldu, amma həm milli, həm də “Qarabağ” üçün “1 nömrə”di. Məhz bu səbəbdən builki siyahımızda Şahruddin də yer aldı.
Premyer-liqa
2021/22 mövsümünün ikinci yarısında zədədən dönmüşdü. Bu səbəbdən də baş məşqçi onu çox yükləmədi. Buna baxmayaraq, meydana çıxdığı 8 matçda 3 qol buraxdı. 5 qarşılaşmada qapısını toxunulmaz saxladı. 1 dəfə isə sarı vərəqə ilə cəzalandı. Cari “futbol ili”ndə də 7 oyunda meydana çıxıb. Bu görüşlərdə 1 qol buraxıb. 6 matçda isə qapısını toxunulmaz saxlayıb. 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Kubok
2021/22-də “Qarabağ” kubokda qalib olanda Şahruddin 3 qarşılaşmada meydana çıxaraq qapısından 2 top buraxdı. Bu mövsüm isə “Qəbələ” ilə oyunların 1-də meydanda oldu. Həmin görüşdə də 1 qol buraxdı.
Avrokubok
“Marsel”lə Konfrans Liqasının pley-off matçlarında zədə səbəbindən oynamadı. Lakin bu mövsüm avrokubokarda çıxdığı 14 matçda 15 qol buraxdı. 4 qarşılaşmada “clean sheet” etdi. 1 dəfə sarı vərəqə ilə cəzalandı.
Yığma
De Byazi ilə arası soyuq olsa da, italiyalı ona güvənir. Millidə 8 matçda meydana çıxıb, 6 qol buraxıb, 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
İLKİN SULTANLI
“İlin futbolçusu” 10 namizəd: kimlər və hansı xidmətlərinə görə?
Ölkə futbolu / Manşet





