İtaliya futbolunda 2006-cı ildən sonra ən böyük qalmaqal başlayıb.
Və yenə də ittiham olunan əsas klub rolunda “Yuventus”du. Deyəsən, bu dəfə məsələ daha ciddidi. Artıq istefaya yollanan rəhbərlik həbs olunmaq, komanda isə 16 il əvvəl olduğu kimi, B seriyasına göndərilmək təhlükəsi ilə üzləşib.
Nə baş verib?
Qətərdə keçirilən dünya çempionatının startından 8 gün sonra – noyabrın 28-də sensasiyalı xəbər yayıldı: “Yuventus”un rəhbərliyində kütləvi istefa qərarı verildi. Klubun prezidenti Andrea Anyelli, vitse-prezident Pavel Nedved və baş direktor Mauritsio Arrivabene də daxil olmaqla direktorlar şurasının tam tərkibdə vəzifəsindən ayrıldığı bəyan edildi. Başqa sözlə, “Yuventus”un bütün rəhbərliyi tam yenidən təşkil olunacaq. Arrivabene yeni direktorlar şurası elan olunana qədər vəzifəsində qalacaq.
Klubun idarə heyətinin son iclasında son üç illə bağlı maliyyə sənədlərində nöqsanlar aşkar edilib. “Yuventus”un 216 milyon avro ziyana düşdüyü məlum olub. Rəhbərlik bu itkini gizlətməkdə ittiham olunub. Bu səbəbdən Anyelli, Nedved və Arrivabene iclasdaca istefa veriblər. Hazırkı direktorlar şurası gələn il yanvarın 18-nə qədər fəaliyyətini davam etdirəcək. Yeni idarə heyəti klubun səhmdarlarının həmin gün keçiriləcək iclasında müəyyənləşəcək.
Əlbəttə, Anyellinin istefası çox səs-küylü hadisədi. Axı klub onun təxminən 12 illik prezidentliyi dövründə böyük uğurlara nail olub: İtaliya çempionatında ardıcıl 9 dəfə çempion olan “qoca sinyora” 5 dəfə ölkə kubokunu qazanıb, 2 dəfə isə Çempionlar Liqasının finalında oynayıb. Özünə stadion tikən “Yuventus” rebrendinq və marketinq planında böyük işlər görüb. Anyellinin əfsanəvi prezident Umberto Anyellinin nəvəsi və kluba uzun müddət sahiblik edən məşhur sülalənin davamçısı olduğunu da xüsusi vurğulamalıyıq.
Kütləvi istefaya nələr səbəb olub?
İtaliya KİV-i noyabrın son günlərində kütləvi istefanın həm də rəhbərliyin 2020-ci ildə pandemiyanın ilk mərhələsində futbolçulara gizli ödənişlər etməsi və 34 milyon avroluq borcu gizlətməsi ilə bağlı olduğunu iddia etmişdi. Hətta Anyelli ilə Nedvedin klubu həbsdən qaçmaq üçün tərk etdikəri də vurğulanmışdı. İstənilən halda məsələ klubun ali rəhbərlərinin cinayət məsuliyyəti ilə bağlıdı. Belə məsuliyyəti hazırda “Tottenhem”də eyni vəzifəni icra edən sabiq idman direktoru Fabio Paratiçi də daşıyır.
Bir il əvvəl – 2021-ci ilin noyabrında da qalmaqal baş vermiş və onda da episentrdə “Yuventus” qərarlaşmışdı. Turin klubu futboçuların qiymətinin artırılması hesabına 282 milyon avroluq sərmayə artımında, boslar isə “pulların yuyulmasında” şübhəli bilinirdi. İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyinin xüsusi orqanı olan Maliyyə qvardiyası Şirkətlər və Birja üzrə Milli Komissiya (Consob) və Peşəkar Futbol Klublarına Nəzarət üzrə Komissiyanın (Covisoc) da iştirakı ilə “Yuventus”un 2018-21-ci illəri əhatə edən fəaliyyəti ilə bağlı təhqiqata başlamışdı.
Məsələnin mahiyyəti nədən ibarətdi? Oyunçuların satış qiyməti ilə onların balans dəyəri arasındakı fərq şübhəli məqamlara yol açmışdı. Məsələn, klub 10 milyon avroya aldığı hansısa futbolçu ilə 5 illik müqavilə bağlayıb. İki ildən sonra onu 7 milyon avroya satıb. İdeyaya əsasən klub bu əməliyyatdan 1 milyon avro ziyan görüb. Ancaq transferin məbləği bərabər səviyyədə müqavilənin müddətinə amortizasiya edilir. Və həmin oyunçunun satışı zamanı transfer qiyməti artıq 10 milyon deyil, 6 milyon avroya bərabər olur. Nəticədə klub 1 milyon avro irəli düşür. Ona görə ki, əldə edilən 7 milyon avro dərhal maliyyə hesabatına salınır.
Bu sxem o qədər də unikal sayılmır. Adi mühasibatlıq hiyləsidi. Avropa klubları bu fənddən həm də “maliyyə feyr-pleyi” ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün yararlanırlar.
“Yuventus”a yönələn irad klubun oyunçuların qiymətini süni şəkildə artırması ilə bağlıdı. Məsələn, 2019-cu ildə turinlilərin əsas heyətində yalnız bir oyun keçirən Emil Audero 20 milyon avroya “Sampdoriya”ya satılıb. Doğrudu, o, əvvəlki mövsümü icarə əsasında başqa komandada keçirmiş və orda əsas qapıçı statusu daşımışdı. “Corriere della Sera” qəzetinin xatırlatdığı digər fakt da araşdırma obyektinə düşüb. 2020-ci ilin iyununda 20 yaşlı Pablo Moreno “Mançester Siti”yə satılıb, əks tərəfdən isə Feliks Korreyya alınıb. “Yuventus” bu əməliyyatdan 9,5 milyon avro əldə edib.
“La Gazzetta dello Sport”un yazdığına görə, Turin klubu bu planda daha çox “Sampdoriya”, “Udineze”, “Atalanta”, “Sassuolo” və “Empoli” ilə əməkdaşlıq edib. Təhqiqat obyektinə 2018-21-ci illərdə reallaşan 42 keçid düşüb. 2018/19 mövsümündə “Yuventus”un kapital artımı 131,5 milyon avro təşkil edib. Bu planda 2019/20 mövsümündəki göstərici 119,7 milyon, 2020/21 mövsümündə isə 30,9 milyon avro olub.
Problem ondadı ki, bunların hamısı kağız üzərində - mühasibatlıq sənədlərində qeyd edilib. Daha real hesablarda göstərilməyib. “Yuventus” isə ictimai səhmdar şirkətidi. Klubun səhmləri birjada alınıb satılır, bu əməliyyatlar müvafiq maliyyə qurumlarının nəzarəti altında baş verir.
“Calcio e Finanza”nın yazdığına görə, Consob-un əməkdaşları yoxlamaların gedişində oyunçuların dəyərinin müəyyən edildiyi meyarlarla bağlı sualına klubun menecerlərindən “praktikaya uyğun”, “adi qiymətləndirmə proseduruna görə” və “qəbul edilən meyarlara əsasən” cavablarını alıblar. Bu sual maliyyə direktoru Stefano Çerratoda böyük narahatlıq doğurub. Və onun telefon danışıqları böyük istintaqa cəlb olunub: “Onlar on milyonlarla avroluq keçidləri reallaşdırarkən bizim bir qədər yelbeyin olduğumuzu düşünə bilərlər. Və bu düşüncənin təhqiqatçılarda klubumuzla bağlı pis fikirlər oyatması qaçılmazdı”.
Daha hansı qanun pozuntuları olub?
Təhqiqatın gedişində başqa şübhəli faktlar da ortaya çıxıb. Məsələn, 2020-ci ilin yazında oyunçuların maaşı ilə bağlı məsələdə də nöqsan tapılıb. Rəhbərlik onda futbolçuların koronavirus pandemiyasının qızğın çağında 4 aylıq məvacibindən imtina etdikləri ilə bağlı rəsmi məlumat yaymışdı. Ancaq araşdırma nəticəsində bütün maaşların sonradan ödənildiyi məlum olub, bəzi obyektlərdə aparılan axtarışlar isə klubla oyunçular arasında imzalanan əlavə sənədlərin aşkar edilməsi ilə nəticələnib. Həmin sənədlər maliyyə hesabatlarında qeyd olunmayıb.
Nəticədə prokurorluq “Yuventus”un ali rəhbərləri Anyelli, Nedved, Arrivabene və Çerrato da daxil olmaqla 13 şəxsə ittiham irəli sürüb. Onların ümumilikdə 15 cinayət əməlinə əl atdıqları qeyd edilir.
- İtaliyanın fond birjasında fəaliyyətdə olan adi səhmin qiymətində dəyişməyə yol aça biləcək səhmdar kapitalı, şirkətlərin iqtisadi və maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaq;
- Consob-un nəzarət funksiyalarına qarşı çıxa bilən yalan korporativ məlumat yaymaq;
- həqiqətəuyğun olmayan faktların ifadə edilməsi, həmçinin bəyanı qanula tələb olunan mövcud faktların gizlədilməsi;
- tam və ya qismən mövcud olmayan əməliyyatlarla bağlı hesab-fakturadan istifadə etməklə saxta passiv elementlərin ifadə edilməsi;
- əlavə dəyər vergisi ilə bağlı bəyannamədə əsassız olaraq göstərilən vergidən çıxmağa şərait yaradan saxta passiv elementlərin ifadə edilməsi;
Bundan sonra nə baş verəcək?
Təhqiqat sona çatıb və iş məhkəməyə göndəriləcək. Burda iki xətt var. Birinci xətt adi vətəndaş məhkəməsidi ki, orda maliyyə cinayətlərinə baxılacaq. Və bu instansiyada qərarların qısa zamanda veriləcəyini gözləməyə dəyməz. “Tuttosport” qəzetinin məlumatında cinayət işinin məhkəmədə gələn il fevralın ikinci yarısında baxılmağa başlaya, əsas prosesin isə yayda reallaşa biləcəyi qeyd edilir. Amma “Yuventus”un hüquqşünasları Romadakı Baş Kassasiya Prokurorluğundan materialların Turin Prokurorluğundan İtaliya fond birjasının yerləşdiyi Milana ötürülməsini xahiş ediblər. Bu xahiş müsbət cavablanarsa, milanlı müstəntiqlərə işlə bağlı materiallarla tanış olması üçün bir neçə ay lazım gələcək. Başqa sözlə, proses daha da uzanacaq.
Tanınmış jurnalist Canluka Di Martsionun məlumatına görə, bu cinayətdə ittiham irəli sürülən şəxsər 20 mindən 5 milyon avroya qədər cərimələnə və ya 1 ildən 8 ilədək həbs cəzasına məhkun oluna bilərlər.
Prosesdəki ikinci xətt idman xarakterlidi ki, burda “Yuventus”a münasibətdə mümkün sanksiyalar verilə bilər. “Calcio e Finanza”nın baş redaktoru olan idman hüquqşünası Flavi Tortorellonun fikrincə, kluba müxtəlif sanksiyalar – cərimə, hesabından xal silinməsi və ya aşağı diviziona göndərilmə ilə bağlı cəzalar kəsilə bilər. Digər idman hüquqşünası Mattia Qrassani isə sonuncu variantı daha real hesab edir: