U-21 yığmamızın Türkiyə toplanışı zamanı keçirdiyi yoxlama oyunları fiaskoyla nəticələndi.
Komanda Macarıstana 0:3, İsveçə 0:8 hesabı ilə uduzdu. Baş məşqçi Samir Əliyev isə dolayı yolla uğursuzluqda premyer-liqa klublarının da “pay”ının olduğunu söylədi. Onun fikrincə, dəvət etdiyi futbolçuların əksəriyyətinin əsas komandada forma geyməməsi güclü rəqiblərlə görüşlərdə özünü göstərir. Yəni əvəzedicilərin heyətində 1-ci divizionda oynayanlar ustalıq baxımından “axsayır”. Biz də bunu nəzərə alaraq premyer-liqa klublarına müraciət etdik. Yalnız “Qarabağ”, “Kəpəz” və “Sumqayıt” sorğumuzu cavablamadı.
Elnur Həmidov (Sabah):
"U-21 millisinə dəvət alan futbolçularımızdan Yusif İmanov komandanın əsas heyət üzvlərindəndi. Ötən mövsümün son 8 turunda və cari “futbol ili”nin bütün matçlarında sona kimi meydanda olub. Əsas qapıçı Yusif olduğundan, U-21 millimizə dəvət alan digər qolkiperimiz Rüstəm Samiqullinin şans qazanmamasını başa düşmək olar. Digər dəvət alan futbolçumuz Camal Cəfərov isə müntəzəm olmasa belə, əsas komandanın heyətində şans qazanır. Yəni "Sabah"dan milliyə cəlb olunan futbolçuların zəif olduqlarını düşünmürəm".
Ayxan Abbasov (Turan Tovuz):
"U-21 millimizin baş məşqçisinin açıqlamasına münasibət bildirməyi düzgün saymıram. Klubumuzun strategiyası fərqli olduğu kimi, millinin də öz strategiyası var".
Elmar Baxşıyev (Qəbələ):
"Samir Əliyevin sıxıntısını başa düşürük. Amma bir fakt da var ki, hazırlıqsız gənc futbolçunu daim start heyətində oynada bilmərik. Hazırda gənclərdən Emil Səfərova müntəzəm şans veririk. Rauf Rüstəmli, Mehrac Baxşalı, Gülağa Əsədov və başqa gənclər xeyli vaxtdı əsas komandaya cəlb olunub, həmçinin əvəzedicilərin oyunlarında da çıxış edirlər. Biz gənclərimizin inkişafında maraqlıyıq. Əsas heyətdə oynamağa layiq bütün gənclərə vaxtı gələndə şans verəcəyik".
Vüqar Əsgərli (Şamaxı):
"Samir müəllimin narahatlığını anlayırıq. Əksər gənclər premyer-liqada oynamaq şansı qazanmayıb və böyük futbolun həyəcanını yaşamayıb. Belə olanda da Macarıstan və İsveç kimi daha hazırlıqlı heyətə malik yığmalarla oyunlarda futbolçularımız psixoloji və fiziki cəhətdən geri qalır. Bizdən cəmi üç futbolçu U-21-də çıxış edir: Abdulla Rzayev, Mirəli Əhmədov və Qurban Səfərov. Sonuncu heç Türkiyə toplanışı zamanı milliyə dəvət olunmadı. Çalışdığımız qədər gənc futbolçulara şans veririk. Son oyunlar xaric, qalan qarşılaşmalarda Qurban Səfərov əsas heyətdə yer alırdı. Abdullaya bəzi matçlarda güvənmişik, hələ ki şans qazanmayan Mirəlidi. Buna baxmayaraq, Abdulla ilə Mirəliyə inamımız böyükdü. Hər iki futbolçu formadan düşməmək üçün həm bizimlə məşq edir, həm də əvəzedici komandamızda oynayır. Çempionat marafonu uzundu, qarşıdakı görüşlərdə bütün futbolçularımızın potensialından istifadə edəcəyik. U-21 millimizə də uğurlar arzulayıram".
Rəşad Sadıqov (Zirə):
“Açığı, 21 yaşadək futbolçulardan ibarət millimizin heyətindən, seleksiyasından məlumatsızam. Çünki hazırda başımız əsas komandamıza qarışıb və işlərin çoxluğundan nəzər yetirə bilmirəm. Digər tərəfdən, mən 3-4 il əvvəl demişdim ki, aşağı yaş qrupu üzrə millilərdə müəyyən problemlər var və bu özünü qarşıdakı illərdə daha qabarıq göstərəcək. Samir müəllimin hazırda yaşadığı çətinlikləri başa düşürəm. İstərdim ki, yaxın vaxtlarda U-21, U-19 və qalan aşağı yaş qruplarına namizədlər daha da “artırsın”, inkişaf etsin və millinin gücünə güc qatsın”.
Mahmud Qurbanov (Səbail):
"U-21-in iki yoxlama matçında uduzması üzücüdü. Nəticədən xəbərdar olsaq da, oyuna baxmaq fürsətim olmayıb. Ona görə millinin necə oyun nümayiş etdirdiyini deyə bilmərəm. Milliyə çağrılan futbolçuların zəif çıxış etməsinə gəlincə, mən “Səbail”in futbolçularının adından danışa bilərəm. Bizdən U-21-ə yalnız Samir Abdullayev dəvət almışdı. Fiziki hazırlığı yaxşıdı. Oyun təcrübəsinin olmamasından narazılıq varsa, qeyd edim ki, biz Samirə müntəzəm şans yaradırıq. Gənc futbolçu istər star heyətində, istərsə də sonradan meydana çıxmaqla premyer-liqa matçlarında iştirak edir. Samir Əliyev əlinin altında olanların hazırlıq səviyyəsindən narazıdısa, bu bizim futbolçuya aid deyil".
Rüstəm Allahverdiyev (Neftçi):
"Samir Əliyevin açıqlaması haqda qısaca onu deyərdik ki, "Neftçi" daim yetirməsi olan gənclərə şans verməkdə maraqlıdı və bunu əməldə də göstərir. Çempionat oyunlarının statistikasına baxa bilərsiz. O zaman görəcəksiz ki, "Neftçi" premyer-liqada gənc futbolçulara ən çox şans verən komandadı".
ABDULLA İSMAYILOĞLU