21 yaşadək futbolçulardan ibarət milli komandamız Antalyada təlim-məşq toplanışı keçdi.
Football-plus.az xəbər verir ki, komanda 2 yoldaşlıq oyununda gücünü sınadı. Öncə Macarıstanla qarşılaşan yığma 3 cavabsız qolla məğlub oldu. İkinci qarşılaşmada isə isveçli həmyaşıdlarına 1:8 hesabı ilə yenildi.
Darmadağından sonra U-21-in baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq. Mütəxəssisin oyun barədə fikrini bölüşərkən bu sözləri diqqətimizi cəlb etdi:
“Nə qədər ki milliyə dəvət alan futbolçular 1-ci divizionda çıxış edəcək, bizim belə rəqiblərlə oyunlarda şansımız olmayacaq. Bu səbəbdən futbolçuları da qınamaq istəmirəm. Divizionun səviyyəsi hamıya bəllidi”.
Baş məşqçinin bu iradını nəzərə alıb kiçik araşdırma apardıq. Və məlum oldu ki, premyer-liqada çıxış edən komandalarda 35 nəfərin yaşı U-21-ə dəvət üçün uyğundu: “Qəbələ” (9), “Şamaxı” (5), “Neftçi”, “Sabah”, “Sumqayıt” (hərəyə 4), “Kəpəz” (3), “Turan Tovuz”, “Səbail”, “Qarabağ” (hərəyə 2).
Göründüyü kimi, premyer-liqa klublarının iştirak ərizəsində yer alan futbolçuların sayı az qala iki heyət üçün yetərlidi. Sadəcə, onların böyük əksəriyyəti əvəzedicilərin heyətində birinci divizion oyunlarında meydana çıxır. Samir Əliyev də əslində məhz bu məqama diqqəti çəkir.
ŞAİR ABDULLA