Komandası darmadağınla qələbə qazanan baş məşqçi narazıdı - AÇIQLAMA

27.10.2022 16:51 495
I liqa / Manşet
Dünən 1-ci divizionda 9-cu tura yekun vuruldu.
 
Maraqlı qarşılaşmalardan biri "Zaqatala" ilə "Şamaxı-2" arasında baş tutdu. Meydan sahibləri cari mövsümdə ilk böyükhesablı qələbəsini (4:0) rəsmləşdirdi. Bununla bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovun fikrini öyrəndik. Mütəxəssisin “Football-plus.az” saytına açıqlaması belə oldu:  
 
"Böyükhesablı qələbə qazanmaq yaxşı haldı. Amma komandamın oyunundan razı qalmadım. Odu ki, hesab bizi aldatmamalıdı. Oyun planında qüsurlarımız çoxdu. Onları aradan qaldırmalıyıq. Mövsüm başlayandan qələbələri və  xalları ancaq “doğma divarlar” arasında əldə etmişik. Bütün səfər matçlarında məğlubiyyətlə üzləşmişik. Bu sindromu aradan qaldırmaq lazımdı. Heyətimizdə itkilər də çoxdu. Nazim Bağırovun ayağı sınıb, İbrahim Qədirzadə, Emin Quliyev və Maqsud Ələkbərovun müxtəlif dərəcəli zədələri var. Son matçda Əli Abdullayev xəstə halda oyuna çıxmışdı. Bu fədakarlığına görə ona dərin minnətdarlığımı bildirirəm. Yetirmələrimin hamısı meydanda maksimumunu qoyur. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyimizə ümidliyəm".


ABDULLA İSMAYILOĞLU