Daha dəqiq desək, assosiasiya prezidentinin adına məktubu 2021-ci ilin yanvarında yazıb və elə həmin ayın 19-da da məktub ünvanına çatıb. Durmuşov müraciətində ötən əsrin 60-cı illərindən futbol sahəsində çalışdığını, geridə qalan müddətdə ölkə futboluna verdiyi faydanı, futbolun inkişafı naminə 10-dan çox hakim hazırladığını qeyd edib ki, onların arasında beynəlxalq dərəcəli ədalət təmsilçiləri də var. Onun əsas istəyi təqaüdünün 180 manatdan 250 manata qədər artırılmasıdı. Təəssüf ki, Orucəli bəyin müraciətindən təxminən ilyarım ötməsinə baxmayaraq, AFFA rəhbərliyi hələ də bu məsələyə münasibət bildirməyib.
Bunu nəzərə alıb AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Futbol veteranlarına AFFA tərəfindən təqaüdün və ya xüsusi təqaüdün verilməsi Futbol Veteranları Fondunun Əsasnəməsinə uyğun həyata keçirilir. İstər təqaüd, istərsə də xüsusi təqaüd ilə bağlı veteranlar tərəfindən AFFA-ya ünvanlanan müraciət assosiasiyanın nəzdində fəaliyyət göstərən komissiyaya təqdim olunur. Həmin komissiyanın verdiyi rəyə əsasən İcraiyyə Komitəsinin hansısa iclasında təqaüdlərin ayrılması məsələsi gündəliyə daxil olunubsa, müfaviq qərar qəbul olunur. Prosedur qaydası belədi”.
Görəsən, xüsusi təqaüd almaq üçün hansı şərtlərə riayət olunmalıdı və hazırda ölkədə neçə nəfər bu imtiyazdan yararlanır? Firuz bəy sualımıza belə cavab verdi:
“Bu gün üçün xüsusi təqüd alanların sayını sizə deyə bilməyəcəm, çünki hazırda məzuniyyətdəyəm. Şərtlərə gəlincə, bütün məsələlər Əsasnamə ilə tənzimlənir və Azərbaycn futbol tarixində xüsusi fəaliyyəti olan şəxslərə şamil olunur”.
Bizdə olan bilgiyə görə, 14 futbol veteranı və hakim Rüstəm Rəhimov AFFA-dan xüsusi təqaüd alır ki, məbləğ də 250 manatdı. Adi təqaüd isə 180 manatdı.
RƏŞAD

