“Üç gündü buna hazırlaşırdım” - "Viktoriya"nın futbolçusu

24.08.2022 13:32 450
Çempionlar Liqası
“Üç gündü “Qarabağ”la oyunda iştirak edəcəyimi bilirdim və buna hazırlaşırdım”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Viktoriya” klubunun müdafiəçisi Libor Holik Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Çexiya mətbuatına açıqlamasında deyib.

O, Ağdam klubuna 2:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəldikləri görüşü karyerasının ən vacib oyunu adlandırıb:

“Qarabağ”la matçı səbirsizliklə gözləyirdim. Çünki bunlar meydanda olmaq istədiyiniz oyunlardı. Bu, karyeramın ən vacib matçı idi”.

Xatırladaq ki, komandalar arasında Bakıdakı ilk oyunda 0:0 hesabı qeydə alınıb. “Viktoriya” mübarizəni Çempionlar Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrupunda davam etdirəcək.