“Dalğa”ya köçən “Kəpəz” üç legionerin yolunu gözləyir
Yeni mövsümə hazırlaşan "Kəpəz" təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.
Bu bilgini “sarı-göylər”in baş məşqçisi Yaşar Vahabzadədən aldıq:
“Hazırlığın ilk mərhələsi Gəncədə təşkil olunmuşdu. Təxminən iki həftə davam edən toplanış bu gün (dünən) başa çatdı. Futbolçulara 2 gün istirahət vermişəm. İyulun 3-dən Bakıda bir araya gələcəyik. Toplanışın ikinci mərhələsi “Dalğa Arena”da keçiriləcək. Komanda Mərdəkanda məskunlaşacaq. Mətbuatda “Kəpəz” barədə xoşagəlməz fikirlər səsləndirilir. Guya məşqçilər korpusu, rəhbərlik əlini yanına salaraq oturub, komandanın gücləndirilməsi yönündə heç bir addım atılmır. Bunların hamısı əsassız, boş söz-söhbətlərdi. Hazırlığa başladığımız ilk gündən məşqlərlə yanaşı, transfer çalışmalarına diqqət ayırırıq. Məşqləri izləməyənlər, hansı işləri gördüyümüzü bilməyənlər “Kəpəz” barədə mənfi fikirlər sələndirir. Bəlkə də bu bizim xeyrimizədi. Qoy hamı zəif olduğumuzu düşünsün. Ancaq necə komanda olduğumuzu çempionatda çoxlarına sübut edəcəyik”.
62 yaşlı mütəxəssis bizimlə söhbətdə “sarı-göylər”in reallaşdırdığı və həyata keçirməyi planlaşdırdığı transferlərdən də söz açdı:
“Bu günə kimi bir neçə yerli futbolçu ilə anlaşmışıq ki, bu barədə mətbuat da yazıb. Təlim-məşq toplanışının ikinci mərhələsində daha bir neçə yerli oyunçunun məşqlərə qoşulacağı gözlənilir. İndi ad çəkmək istəmirəm. Çünki danışıqlar davam edir. Ortaq məxrəcə gələ bilsək, komandanın gücünə güc qata biləcək səviyyədə futbolçulardı. Daha çox yarımmüdafiə və hücum xəttini gücləndirməyi planlaşdırırıq. Legionerlərə gəlincə, üç əcnəbi futbolçu ilə artıq razılaşmışıq. Böyük ehtimalla hər üçü iyulun 3-də Mərdəkanda başlayacaq toplanışa qatılacaq. Artıq onlar üçün təyyarə bileti də sifariş olunub”.
Yaşar bəy Bakıda olduqları müddətdə iki yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını da bildirdi:
“İlk mərhələdə yoxlama görüşü keçirməyi məqsədəuyğun saymadıq. Çünki istirahətdən qayıdan futbolçuların fiziki kondisiyaları yerində deyil. Bundan başqa, heyət kasad olduğundan yoxlama görüşünün heç bir effekti olmayacaqdı. Ancaq toplanışın ikinci mərhələsi çərçivəsində 2 qarşılaşmada gücümüzü sınayacağıq. İyulun 10-da "Səbail", 14-də isə "Sumqayıt" ilə qarşılaşacağıq. Qəsəbə klubu ilə oyun Bakı Olimpiya Stadionunda baş tutacaq. "Sumqayıt"la isə onlarımn meydanında üz-üzə gələcəyik”.
RƏŞAD