“Cəbrayıl”ın həm prezidenti, həm də baş məşqçisi olan şəxs Region Liqasının qalibi olandan sonra daha da məşhurlaşıb. Deyilənə görə, gənc mütəxəssis premyer-liqada çıxış edən “Şamaxı”nı çalışdıracaq.
Hamıya bəllidi ki, Cavid Hüseynov B lisenziyalı məşqçidi. Belə olan halda premyer-liqada komanda çalışdıra bilər? AFFA-da Məşqçilərin Maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimov iddia edir ki, premyer-liqada yalnız PRO lisenziyalı məşqçi çalışa bilər. Görəsən, çempionatın Əsasnaməsində bununla bağlı hansısa qayda var? PFL bu məsələni necə nizamlayır? Sualımızı qurumun Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasova ünvanladıq. PFL rəsmisi qaranlıq məqama belə aydınlıq gətirdi:
“Əvvəlcə onu qeyd edim ki, Cavid Hüseynov həm futbolçu, həm də məşqçi kimi hörmət etdiyim şəxslərdəndi. Çalışdırıcı kimi də özünü göstərməyə başlayıb. “Cəbrayıl”la Region Liqasının qalibi oldu. Onun “Şamaxı”ya keçidi ilə bağlı rəsmi açıqlama verilmədən məsələyə münasibət bildirmək istəmirəm. Sadəcə, qaydalarla bağlı məlumat verim. Azərbaycan premyer-liqasında baş məşqçi işləmək üçün minimummüddətli A lisenziyası tələb olunur. Klub avrokuboklara iddiaçıdısa, bunun üçün lisenziya almaq istəyirsə, vəziyyət dəyişir. Artıq komandanın baş məşqçisi PRO lisenziyalı olmalıdı. Bu tələblər Azərbaycan premyer-liqasının son mövsümünün Əsasnaməsində də əksini tapıb. Bu məlumatları ordan da rahat şəkildə əldə edə bilərsiz”.
İLKİN SULTANLI





