Rövşən Hüseynlinin pley-off oyununda iştirak etməməsinə səbəb nə olub? - AÇIQLAMA

28.04.2022 14:06 581
İdman
Futzal yığmamızın əsas qolkiperi Rövşən Hüseynli bir aydan çoxdu Rusiyaya yollansa da, hələ də “Torpedo”nun heyətində debüt edə bilməyib.

Nijni Novqorod təmsilçisinin rəhbərliyi qapıçıya pley-off oyunlarına hazır olmağı tapşırsa da, onun parket üzərinə çıxıb-çıxmayacağı bəlli deyildi. Düzdü, klub prezidenti Nikolay Xodov Hüseynliyə göndərdiyi mesajda məsələnin həll olunduğunu yazmışdı:

“Büro keçirildi, protokolu gözləyirik və sən oynaya biləcəksən. Söz veriblər ki, bu gün və ya sabah həll edəcəklər. Hazırlaş”.

Elə Rövşən də bizimlə söhbətdə nikbin danışmışdı:

“Bir müddətdi oyunlara hazırlaşıram. Bu günə qədər tam məlumat yox idi. Amma sabah (dünən) artıq pley-off oyunudu. Ona görə də düşündüm ki, açıqlama vermək lazımdı. Ötən gün prezidentlə əlaqə saxladım. Bu gün son məşqimiz idi. Gözlənilən iclas baş tutdu. Məsələ artıq həll olunub. Adım bu gün sifariş ərizəsinə salınacaq. Sabahkı oyunda iştirak edə biləcəm”.


“Torpedo”nun dünən 1/4 final çərçivəsində doğma meydanda “Qazprom-Yuqra” ilə keçirdiyi oyunda (5:3) həmyerlimiz iştirak etməyib. Protokolda 13 futzalçının adı qeyd olunsa da, qapını David Savloxov qoruyub. Özü də o heyətdə yeganə qolkiper olub.

Səbəbi öyrənmək üçün Rövşən Hüseynli ilə əlaqə saxladıq. Millimizin üzvü "Football-plus.az" saytına açıqlamasında, bunun legioner limiti ilə bağlı olduğunu dedi. Həmyerlimiz bugünkü qarşılaşmada meydanda olacağını da sözlərinə əlavə etdi.

SƏNƏM FƏRHADOVA