Derbidə “Neftçi” “Sabah”ı minimal hesabla məğlub etdi - 1:0.
Oyunu maraqlı edən məqamlardan biri cəzalı Vitali Kovalyovun görüşü azarkeşlərin arasında izləməsi idi. “Sabah”ın qapıçılar üzrə məşqçisi ilə əlaqə saxlayıb, tribunadan oyuna baxmağın necə hiss olduğunu öyrəndik:
“İntizam Komitəsi tərəfindən cəzalanmışam. Bu səbəbdən də 5 oyundu matçları tribunadan izləyirəm. Ehtiyat oyunçular skamyasında olmasam da, məşqçi kimi fəaliyyətimi davam etdirirəm. Qapının arxasındakı tribunanı özüm seçdim. Çünki qolkiperimizə daha yaxın olmalıydım. Oyunu hücumlar zamanı daha yaxşı təhlil etmək istəyirdim. Düşünürəm ki, bu, daha yaxşı qərar idi. Həmin yerdə kamera quraşdırmışdıq ki, Səlahətin oyununu daha yaxşı izləyək. Məşqçi olduğuma görə həyəcanlı anlarda, təbii ki, azarkeş kimi davranmırdım. Düzdü, hər bir insan kimi, mən də bəzi epizodlara fərqli reaksiya verə bilərəm. Təbii ki, qol buraxanda məyus oldum. Bu futboldu. Futbol emosiyasız olmur. Amma yenə deyirəm, əsasən epizodlara yaxın olmaq, qapıçını təhlil etmək üçün qapı arxasındakı tribunada əyləşmişdim. Onu da deyim ki, təkcə öz azarkeşlərimizin arasında əyləşmədim. Fasilədə “Neftçi” fanatlarının olduğu sektordaydım. Sağ olsunlar, mənə hörmət qoydular. Azarkeşliklərini edib, hansısa problem yaratmadılar. Mənim üçün fərqi də yox idi. Bəzi tanış simalar var idi. Onlarla salamlaşandan sonra fikrimi ancaq işimə yönəltdim. Təbii ki, azarkeşlərin də işi komandalarını dəstəkləməkdi. Onlara rəğmən, Səlahətlə bağlı qeydlərimi apara bildim”.
İLKİN SULTANLI