Niderland futbolunun flaqmanı ''Ayaks'' idman direktoru Mark Overmarsla yollarını ayırıb.
Niderland yığmasının və amsterdamlıların əfsanələrindən biri sayılan, eləcə də ''Arsenal'' və ''Barselona''da forma geyən Overmars mesaj qalmaqalına görə klubdan ayrılmalı olub. Belə ki, 48 yaşlı futbol adamının artıq uzun müddətdi ''Ayaks''ın xanım işçilərinə qeyri-etik mesajlar göndərdiyi məlum olub! ''Ayaks''ın heyətində bir dəfə ÇL və 3 dəfə ölkə çempionluğunu qazanan Overmarsın bu hərəkətinin üzə çıxması Niderlandda şok effekti verib. Çünki 2013-dən Şantal van Vunsel ilə ailəli olan və iki oğlu olan Overmars həmişə öz ailəsinə bağlı insan kimi tanınırdı.
Ötənlərin məhşur futbolçusu qalmaqalın üstü açıldıqdan sonra klubun direktorlar şurasının qərarını gözləmədən istefa verib. Overmars bunları deyib:
''Hərəkətimdən utanıram. ''Çərçivə''ni aşdığımı dərk etmirdim. Bunu yalnız son günlərdə dərk etməyə başladım. Üzərimdə böyük təzyiq hiss edirəm və hamıdan üzr istəyirəm. Bu vəzifədə və statusda olan bir insan üçün bu cür davranış yolverilməzdi. Bunu anlasam da, artıq gecdi. ''Ayaks''dan ayrılmaqdan başqa çıxış yolum yoxdu. Bu hadisə şəxsi həyatıma da təsir edib. Ona görə də xaiş edirəm məni və ailəmi narahat etməyin''.
Overmarsın sabiq komanda yoldaşı, hazırda ''Ayaks''ın baş direktoru vəzifəsini icra edən Edvin van der Sar isə bunları deyib: ''Hər birimiz üçün qorxunc bir durumdu. ''Ayaks''ın hər bir işçisi özünü tam təhlükəsiz hiss etməlidi. Önümüzdəki dönəmdə bu cür məsələlərə artıq daha çox diqqət ayıracağıq''. Overmars bu vəzifəni 2012-dən icra edirdi. Maraqlıdı ki, bir neçə gün öncə onun müqaviləsinin müddəti 2026-ya qədər uzadılmışdı.