Zaur Ramazanovdan gündəmi dəyişəcək açıqlamalarÖtən həftə mətbuata açıqlama verən veteran futbolçu Zaur Ramazanov Millətlər Liqasında yığmanın çıxışına münasibət bildirməklə yanaşı, turnir başa çatandan sonra ölkənin əsas komandasına futbolçuların hansı yolla dəvət olunduğu haqda danışacağını bildirmişdi. Dünən redaksiyamızla əlaqə saxlayan Ramazanov sözügedən məsələ ətrafında fikirlərini bölüşmək istədiyini bildirdi: “Əvvəlcə millinin məşqçilər korpusunda yer alan Arif Əsədovun qəzetinizə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. Həmkarınızın ona ünvanladığı “onlar yığmanın məşqçilər korpusunu şantaj edirlər, yoxsa bildikləri nəsə var” sualına Canni De Byazinin köməkçisi “əslində mən nə adını çəkdiyiniz veteranların, nə də başqalarının söylədiklərinə münasibət bildirmək istəyirəm. Hərə öz düşüncəsinə görə danışır. Siz düz qeyd etdiz ki, onların dedikləri şantaja oxşayır” cavabını verib. Ardınca da milli birlikdən, pozitiv fikirlərdən söhbət açıb. Birincisi, Əsədovun birlikdən danışmağa haqqı yoxdu. Futbol camiəsində hamı yaxşı bilir ki, Arif yığmaya necə gedib çıxıb. Məşqçilər Komitəsindəki qohumu Şahin Diniyevin sayəsində millidə çalışır. Şahinlə birləşib Elxan Abdullayevin “torbasını tikdilər”. Bunun da qarşılığında Əsədov hər vəchlə çalışır ki, Coşqun Diniyev bu gün yığmada olsun. Bununla Diniyevin borcunu qaytarır”.
Veteran futbolçu Arif bəyin Ağabala Ramazanov barədə söylədiklərinə də toxundu: “Mənə deyir ki, guya Ağabala hansısa oyunda rəqib futbolçunu vurub. Həmin matçı da De Byazi tribunadan izləyirmiş və Ağabalanın hərəkətini görüncə “bu intizamsız futbolçudu” söyləyib. Guya italyan məşqçi onu bu səbəbdən milliyə dəvət etmir. Mən bilirəm ki, söylədikləri bəhanədi. Lüksemburqla oyunda Mahir Emreli heç nədən “qırmızı” alıb komandanı pis vəziyyətdə qoydu. Buna baxmayaraq, yenə yığmadadı. Anton Krivotsyuk meydandan qovuldu, yenə ölkənin əsas komandasına dəvət alır. Premyer-liqa matçında Coşqun Diniyev oyun başa çatandan sonra topu “Səbail”in baş məşqçisi Aftandil Hacıyevin üzərinə vurdu. Özü də bunu Əsədovun gözü qarşısında etdi. Rəqibin baş məşqçisinə hörmətsizlik edən futbolçu köməkçi məşqçinin qohumudu deyə ölkənin əsas komandasına çağırılır, hansısa matçda rəqib oyunçuya yüngülvari toxunduğuna görə Ağabala kənarda qalır. Bu necə olur? Əsədov özü də yaxşı bilir ki, onun fikirləri Canni De Byazi üçün heç bir önəm daşımır. Köməkçi-məşqçi kimi onun söylədiklərini nəzərə alan yoxdu. Gör vəziyyət necədi ki, italyan mütəxəssis Əsədovu məşqçilərin iclasına belə dəvət etmir. Bəli, veteran kimi ölkənin əsas komandası barədə mənim də fikir bildirmək ixtiyarım var. Bu kimin xoşuna gəlir, kimin xoşuna gəlmir, mənə maraqlı deyil. Min bir bəhanə ilə Millətlər Liqasındakı uğursuzluğu ört-basdır etmək istəyirlər. Baş məşqçi qalıb bir tərəfdə, köməkçi-məşqçi bu missiyanı üzərinə götürüb”.
Sonda Zaur bəy qardaşı Ağabalanın hansı səbəbdən milliyə dəvət almadığını da söylədi: “Bu gün ölkənin əsas komandası kimlərinsə maraqları çərçivəsində formalaşır. AFFA-ya yaxın olanlar yığmaya öz futbolçularını dürtüşdürməyə çalışırlar. Məsələn, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev kimi. De Byazi ilə yaxınlıqdan istifadə edib prezidenti olduğu klubun 5-6 oyunçusunu yığmaya göndərir. Bununla o kimlərəsə demək istəyir ki, mən kresloya oturandan sonra “Sumqayıt” inkişaf edib. Görün mən necə işləyirəm ki, 5-6 oyunçum əsas komandadadı. Guya bilmirik onun əsas məqsədi nədi? O bununla demək istəyir ki, mən daha iddialı, daha çox büdcəsi olan kluba rəhbərlik etməliyəm. Futbol camiəsi yaxşı bilir ki, Rəfiyevin gözü hansı klubun prezident kreslosundadı. O ki qaldı Ağabalanın yığmaya dəvət olunmamasına, Rəfiyev qardaşımı “Şerif”ə aparmaq istəyirdi. Heç şübhəsiz, agent kimi onun da bu transferdə öz qazancı olacaqdı. Ancaq Moldova klubunun təklif etdiyi şərtlər Ağabalaya sərf etmədiyindən təklifi geri çevirdi. Həmin gündən “Smqayıt”ın menecer-prezidentinin onunla arası dəydi. Bu gün də Rəfiyev qardaşımdan həmin heyfi çıxır. De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır”.
MƏMMƏD