Məlum olduğu kimi Lisandro Martines Çempionlar Liqasında ''Atletiko''ya məğlubiyyətdən sonra rəhbərliyin transfer siyasətini tənqid etmişdi. Sonradan futbolçu məğlubiyyətin təsirindən bir qədər sərt ifadələr işlətdiyini etiraf etmişdi. Roy Kin və Ueyn Runi kimi əfsanələr argentinalını sözlərinə görə tənqid etmişdilər.
''Yunayted'' rəhbərliyi 28 yaşlı futbolçuya pul cəzası verib. Martines ''Lids''ə qarşı sabahkı oyunda iştirak edə biləcək. Bu arada klubun daha bir əfsanəsi Pol Skoulz həm Martinesi, həm də ''Yunayted''in müdafiə xəttini tənqid atəşinə tutaraq bunları deyib:
''Tez-tez transfer mövzusu gündəmə gətirilir. Transferdə məqsəd komandanı gücləndirməkdi. Amma yeni oyunçuların komandanı həqiqətən gücləndirdiyinə əmin deyiləm. Əslində hücum xətti pis durumda deyil. Amma müdafiənin mərkəzi bərbaddı. Komanda illərdi, bu mövqedə problem yaşayır. 2-3 ildi, eyni mərkəz müdafiəçiləri ilə oynayırıq. Halbuki onlarla uğur qazanmağın mümkün olmadığını hamımız bilirik. Bu müdafiəçilərlə premyer-liqanı qazanmaq mümkünsüzdü. Lisandro Martines pis futbolçu deyil. Amma fiziki göstəriciləri zəifdi. Rəqiblər onu sözün əsl mənasında əzib keçirlər. Onun ''Tottenhem''in bərabərlik qolundakı hərəkətləri əsl cinayətdi! Bu, ağlasığmaz bir şeydi. Fikrimcə, ''Yunayted''in müdafiədə tamamilə yeni bir ''dordlüy''ə ehtiyacı var''.




