"Slaviya" Bakıda uduzdu, Çexiyada tənqid yağışına düşdü - “Utanc, ümidsizlik və növbəti Avropa uğursuzluğu..."

17.10.2026 13:59 315
Avrokuboklar / Manşet
“Sabah”ın tarixi qələbəsi bizi nə qədər sevindirdisə, “Slaviya”nı da bir o qədər məyus etdi. ÇL-nin əsas mərhələsində sonuncu qələbəsini 2007-də qazanan komanda yenə uğura həsrət qaldı. Çexiya futbol ictimaiyyəti nəticəni qəzəblə qarşılayıb.

Sizi əvvəlcə “Slaviya”nın rəsmi saytının – “slavia.cz”nın “Bakıdan qolsuz və xalsız ayrıldıq” sərlövhəli reportajı ilə tanış edirik:

“Oyunda hesabı qonaqlar aça bilərdi. Ancaq əlverişli mövqedə olan Sadilek topu qaçırdı. 17-ci dəqiqədə Parrisin qolu ofsayd səbəbindən ləğv edildi. Xorı topa toxuna bilmədiyi üçün iki dəfə başla fərqlənmək fürsətini boşa verdi. Daha bir təhlükəni isə Pokatilov sovuşdurdu. Hazırlıqlı qapıçı Nqessanın zərbəsini dəf etdi. Birinci hissənin başa çatmasına 6 dəqiqə qalmış “Slaviya” böyük bəxtsizliklə üzləşdi. Ayaosinin ötürməsi sayəsində Xorı qol vura bilərdi. Ancaq Solvet topu qapı xəttinin üzərində dayandırdı. Ardından Du Keyrosun zərbəsindən sonra top dirəyə dəydi. Onun ikinci cəhdi isə qeyri-dəqiq oldu. Şturm “Sabah”ın qolkiperini də keçdikdən sonra topu Vlçekə ötürdü. Təəssüf ki, onun zərbəsi dirəyə tuş gəldi. Vlçek özü də sərt şəkildə dirəyə çırpıldı. 2-ci hissədə Parris ikinci dəfə qol vurdu. Bu dəfə qol qeydə alındı. Belədə təzyiqi artıran “Slaviya” Provodun zərbələri sayəsində fərqlənə bilərdi. Sadəcə, əvvəlcə Pokatilov möhtəşəm qurtarış etdi. Daha sonra top qapı xəttindən uzaqlaşdırıldı. Saatın tamamından sonra matç daha hərəkətli keçdi. Simiç Markoviçlə bacarmadı, Novakın zərbəsi də uğursuz alındı. Xorının zərbəsindən sonra top Pokatilovun qucağına düşəndə oyunun başa çatmasına 20 dəqiqə qalmışdı. 81-ci dəqiqədə Suleyman uzaqdan zərbə endirdi. Ancaq top qapıdan aralı keçdi. Burda Pokatilovun müdaxiləsinə ehtiyac qalmadı. 88-ci dəqiqədə Mikels mövqeyini tərk edən Markoviçi sərt cəzalandırdı. Beləliklə, Trpişovskinin komandası Bakıda 0:2 hesabı ilə uduzdu”.

“efotbal.cz” nəşri isə məğlubiyyətin təəssüratını “Utanc, ümidsizlik və növbəti Avropa uğursuzluğu: “Slaviya” sərt tənqidlərlə qarşı-qarşıya” sərlövhəli yazısında bir araya gətirib:

“Bakıda uduzan “Slaviya” tənqid yağışı ilə üz-üzədi. Veteran futbolçu Zdenek Folprext Çexiya çempionunun performansını zəif adlandırır, tərəfdarlar isə belə komandaları olduğu üçün utandıqlarını bildirir, futbolçuları oyunlara ciddi yanaşmamaqda suçlayır. Folprext belə düşünür: “Bir Çexiya komandası bundan daha uyğun rəqiblə qarşılaşa bilməzdi. Çox əhəmiyyətli fürsət ələ düşmüşdü. “Slaviya” bir qədər yaxşı oynasaydı, “Sabah”ı asanlıqla məğlub edərdi. Bakıda 2 cavabsız qol buraxmaq “Slaviya”da işlərin həqiqətən yolunda getmədiyinin sadə dəlilidi”.

“Slaviya”nın sosial şəbəkələrdə məşhur olan “Sportak” ləqəbli azarkeşi isə bunu yazıb:

“Sabah”ı nəinki məğlub edəz, heç qol da vura bilmirsiz. Üstəlik, Çempionlar Liqası tarixinin ən gülməli qolunu buraxırsız”.

Çexiyanın tanınmış futbol şərhçisi Petr Svekeni oyun haqda “İnanılmaq dərəcədə məyusedici məğlubiyyət...” sözlərini işlədibsə, “Slaviya”nın azarkeşlərindən biri “açıqlana, anlaşıla bilməyəcək oyun... Bu məğlubiyyətin heç bir bəhanəsi ola bilməz. Böyük ümidsizliklə baş-başayıq” ifadələrinə yer verib.

İdman jurnalisti Lukas Svoboda da “Slaviya”nın Bakıda üzləşdiyi məğlubiyyətə biganə qalmayıb:

“Slaviya” Bakıya yalnız qələbə üçün getmişdi. Çünki “Sabah” komandamızın məğlub edə biləcəyi rəqiblərdən idi. Ancaq qonaqların Bakıda işləri qaydasında getmədi. Mənə elə gəlir ki, Çempionlar Liqası “Slaviya” üçün lənətlənib. Çünki komanda xeyli qol vəziyyəti yaratdı, sadəcə, bunların heç birindən yararlana bilmədi. Həmin şanslardan beşi yüz faiz qolla nəticələnməliydi. Düşünürəm ki, Stiv Solvetlə Akim Zedadkanın müdaxilələri rəqibin qələbə qazanmasında böyük rol oynadı. Hər halda, diqqətli olmaq lazım idi. “Sabah” hələ tanınmasa da, sürətlə yüksələn klubdu”.

KƏNAN BAHADIR