''Beşiktaş'' səfərdə bundesliqa təmsilçisini 3 qolla məğlub etdi
Dünya futbolu
''Qalatasaray'' və ''Fənərbaxça''dan fərqli olaraq İstanbulun digər nəhəngi ''Beşiktaş'' üçün avrokubok həftəsi uğurlu alındı. Düzdü, ''ağ-qaralar''ın rəqibi ''Barselona'' və ''Aston Villa'' qədər güclü deyildi. Amma istənilən halda bundesliqa təmsilçisi ''Hoffenhaym''ı səfərdə yenmək asan məsələ deyil. ''Beşiktaş'' Avropa Liqasında liqa mərhələsinin 2-ci turunda səfərdə ''Hoffenhaym'' ilə qarşılaşdı. İlk yarısı qolsuz bitən qarşılaşmada bütün maraqlı hadisələr son yarım saata təsadüf etdi. Əvvəlcə Mikael Murilyo qonaqları önə keçirdi. Panamalı müdafiəçi ardıcıl ikinci avrokubok matçında qol vurdu. Kosovolu Fisnik Asllani hesabı bərabərləşdirsə də, ''Beşiktaş'' həvəsdən düşmədi. Duşan Vlahoviçin yoxluğunda start heyətində meydana çıxan və oyundan öncə iki qol vuracağına söz verən Hyın Qyu O sözünün üstündə durdu. Koreyalı forvard qısa müddət ərzində dubl edərək komandasını 3:1 önə keçirdi. Bu turnirdə ''Beşiktaş''ın heyətində səfərdə dubl edən sonuncu futbolçu 2018-də ''Sarpsborq''la oyunda niderlandlı Cermeyn Lens olmuşdu. ''Kəndçilər'' qalan vaxtda fərqi minimuma endirsələr də, məğlubiyyətdən qurtula bilmədilər. Beləliklə, ilk turda ''Marsel''i 4:1 yenən ''Beşiktaş'' AL-də liqa mərhələsinə 2 qələbə ilə start verən 10 klubdan biridi. Komandanın avrokubokların qrup/liqa mərhələsinə 2 qələbə ilə başlaması sonuncu dəfə 2017/18-də yaşanmışdı. Onu da bildirək ki, ''Beşiktaş'' Vinçentso İtalyano ilə avrokuboklarda keçirdiyi 8-ci oyunda 7-ci qələbəsini qazandı.





