Oyunboyu böyük üstünlüyə malik olan “arılar” layiq olduqları qolları 80 və 85-ci dəqiqələrdə vurdular. Həmin an “Borussiya”nın hətta ən bədbin azarkeşi belə komandanın mövsümdə ilk xal itkisi ilə üzləşəcəyini ağlına gətirməzdi. Amma “Verder” qalan qısa müddətdə yenə 0:2-ni 2:2-yə çevirərək Almaniya futbol ictimaiyyətini mat-məəttəl qoydu. Komandasını məğlubiyyətdən xilas edən Füllkruq 2019-un martından, yəni Kruzedən bəri “Verder”in heyətində ardıcıl 4 turda fərqlənən ilk futbolçu oldu.
“Verder” Dortmundda təəccübləndirməyi sevirsə, “Auqsburq” bunu Bavariya derbisində etməyi xoşlayır. Tez-tez Münhen nəhəngindən xallar almaqla diqqəti çəkən bu ortabab komanda yenə güclü rəqibə uduzmadı. Özü də “Auqsburq” iki dəfə hesabda önə keçdi. “Bavariya” 4,58 xG yaxalamasına baxmayaraq, mövsümdə ikinci dəfə xal itkisi ilə üzləşdi. Halbuki ötən mövsüm Vensan Kompaninin komandası ikinci xal itkisi ilə yalnız 14-cü turda üzləşmişdi. “Auqsburq” bu təqvim ilində artıq ikinci dəfə münhenliləri büdrətdi. Yanvarda “Auqsburq” “Alyants Arena”dan qələbə ilə dönmüşdü (2:1). “Borussiya” və “Bavariya”nın büdrəməsi ilə zirvəni yenidən “Frayburq” ələ keçirdi. “Şalke-04”ü evə əliboş göndərən “Frayburq” daha öncə 3-cü turu da zirvədə tamamlamışdı. İlk 5 tura 13 xal bu klub üçün rekord göstəricidi. Nəhənglərdən fərqli digər ÇL işirakçıları – “Ştutqart” və “Leyptsiq” turu inamlı qələbə ilə başa vurdu. Maraqlıdı ki, baş məşqçi Martin Demiçelisin istefaya göndərilə biləcəyi xəbərləri fonunda “Leyptsiq” heç də zəif olmayan “Ayntraxt”ı 6 yerə parçaladı. “Öküzlər” mövsümün ilk 3 ev oyununda +14 top fərqi yaxalayıblar ki, bu da bundesliqa tarixinin ən yaxşı ikinci göstəricisidi. Yalnız ötən mövsüm “Bavariya” ilk 3 ev oyunundan sonra bundan daha yaxşı (+15) top fərqinə malik idi. Şikin yenə fərqləndiyi matçda “Bayer-04” Mayntsda çətin qələbə qazandı. Şik Berbatov (2005/06) və Kisslinqdən (2009/10) sonra klub tarixində ilk 5 turun hər birində qol vuran 3-cü futbolçu oldu.
Tur türkiyəli futbolçular üçün də uğurlu alındı. Kənan Karaman “Şalke-04”ün yeganə qolunu vurdusa, “Union” Livan Burcunun sayəsində mövsümdə ilk qələbəsini qazandı. 22 yaşlı türkiyəli vinger bundesliqada ilk dəfə qol sevinci yaşadı. Reyn derbisində uduzan Münhenqladbax “Borussiya”sı 5-ci turu da xalsız tamamladı. Turun əsas sürprizi isə “Hoffenhaym”ın evdə debütant “Hamburq”a uduzması oldu. Ötən mövsüm son anda ÇL-ə vəsiqəni əldən verən “kəndçilər”, deyəsən, bu mövsüm yalnız elitada qalmaq üçün oynayacaqlar. Onu da bildirək ki, ilk 5 turda artıq 172 qol vurulub və bu, bundesliqanın yeni rekordudu. 1984/85 mövsümündə ilk 5 turda 170 qol vurulmuşdu.
5-ci tur
Auqsburq – Bavariya 2:2
Fellhauer, 1. Ribeyro, 64 – Saybari, 55. Braun, 80. (30660)
Bavariya: Noyer, Stanişiç (Braun, 68), Upamekano, Ta, Devis, Kimmix, Pavloviç (Bişof, 87), Olise, Saybari (Qnabri, 68), Dias (Karl, 87), Keyn.
Borussiya D – Verder 2:2
Svensson, 80. Şlotterbek, 85 – Reys, 88. Füllkruq, 90+2. (81365)
Borussiya: Kobel, Bayer, Qadu, Anton, Şlotterbek, Svensson, Nmeça, Bellingem (Veerman, 72), Zabitser (Karetsas, 72), Nvaneri (F.Silva, 63), Girassi.
Leyptsiq – Ayntraxt F 6:0
Banzuzi, 1. Nkunku, 5; 41; 44. Nusa, 54. Qomis, 89. (47800)
Leyptsiq: Vandervoordt, Baku (Henrixs, 58), Orban, Lukeba, Raum, Banzuzi (Rayts, 73), Əl-Aynaui (Zayvald, 58), Maksimoviç, Nkunku (Qomis, 65), Nusa (Finkqrafe, 65), Romulo.
Paderborn – Ştutqart 0:2
Şabo, 25. Fürix, 83. (15000)
Ştutqart: Zaymen, Vaqnoman, Hendriks, Şabo (Yeltş, 72), Mittelştadt, Fürix (Zauer, 85), A.Karazor, Ştiller, Levelinq (Əl-Xannus, 77), Dəniz Undav (Prömel, 85), Demiroviç (Peyçinoviç, 77).
Frayburq – Şalke-04 2:1
Eqqeştayn, 10. Qoto, 85 – Kənan Karaman, 30. (34700)
Frayburq: Bakhaus, Troy (Kübler, 83), Ginter, Linhart, Makenqo, Eqqeştayn, Engelhardt (Qoto, 69), Beste (İrye, 69), Sudzuki, Şerhant (Qrifo, 83), Matanoviç (Höler, 65).
Maynts-05 – Bayer-04 3:4
Kasi, 33; 42. Hollerbax, 90+2 – Andrix, 5. Şik, 9. Kuansa, 55. Diabi, 65. (33000)
Bayer-04: Flekken, Kuansa, Tapsoba, Medina, Qutyerres, A.Qarsiya (Fernandes, 84), Andrix, Diabi (Tillman, 75), Maza (Terrye, 66), Moreyra (Tella, 75), Şik (Hofmann, 83).
Hoffenhaym – Hamburq 2:3
Bornau, 45+6-öz qapısına. Konte, 53 – Poulsen, 12. Moffi, 83. Muhaym, 90+4. (25929)
Köln – Borussiya M 2:1
Yohannesson, 26. Əl-Mala, 67 – Skalli, 39. (50000)
Union – Elfersberq 1:0
Livan Burcu, 81. (22012)
1. Frayburq 5 4 1 0 14-4 13
2. Borussiya D 5 4 1 0 11-4 13
3. Bavariya 5 3 2 0 16-4 11
4. Bayer-04 5 3 1 1 14-8 10
5. Leyptsiq 5 3 0 2 15-5 9
6. Auqsburq 5 2 2 1 13-8 8
7. Verder 5 2 2 1 10-10 8
8. Maynts-05 5 2 1 2 13-10 7
9. Elfersberq 5 2 1 2 8-8 7
10. Köln 5 2 1 2 8-10 7
11. Ştutqart 5 2 0 3 8-9 6
12. Hamburq 5 2 0 3 5-15 6
13. Şalke-04 5 1 2 2 4-6 5
14. Ayntraxt F 5 1 2 2 9-16 5
15. Paderborn 5 1 1 3 3-7 4
16. Union 5 1 1 3 5-17 4
17. Hoffenhaym 5 1 0 4 9-13 3
18. Borussiya M 5 0 0 5 7-18 0
Bombardir: Şik (Bayer-04) – 5.
Növbəti turun oyunları oktyabrın 16-18-i aralığında keçiriləcək: Bavariya – Leyptsiq, Union – Borussiya D, Hamburq – Ştutqart, Bayer-04 – Frayburq, Borussiya M – Hoffenhaym, Ayntraxt F – Köln, Şalke-04 – Maynts-05, Verder – Paderborn, Elfersberq – Auqsburq.
Turun rəqəmi
8 – Fellhauer Noyerin kobud səhvindən sonra 8-ci saniyədə fərqlənməklə bundesliqa tarixinin ən erkən qolunun müəllifi oldu! Maraqlıdı ki, Noyer ən tez qol buraxan qapıçı kimi özünə məxsus olan rekordu belə desək, bir qədər də yaxşılaşdırdı. Çünki bundan əvvəlki ən erkən qol da Noyerin qapısına vurulmuşdu. Həmin qolu 2015-in avqustunda “Bavariya” ilə oyunun 9-cu saniyəsində “Hoffenhaym”lı Folland vurmuşdu. Bundesliqada 9-cu saniyədə vurulan daha bir qolun müəllifi isə 2014-ün avqustunda Dortmund “Borussiya”sı ilə oyunda “Bayer-04”lü Bellarabi olmuşdu.
Turun ulduzu
Kristofer Nkunku (Leyptsiq) – ulduzu “Leyptsiq”də parlayandan sonra “Çelsi” və “Milan”da özünü göstərə bilməyərək Almaniyaya qayıdan fransalı futbolçu həqiqətən də “öküzlər”in heyətində özünü suda balıq kimi hiss edir. Qayıdandan sonra ilk qolunu 3-cü turda “Hamburq”a vuran Nkunku bu dəfə bir hissəyə 3 qol sığdıraraq “Ayntraxt”ın başına oyun açdı. 28 yaşlı vinger bundesliqada ilk dəfə het-trik etdi. Maraqlıdı ki, o hər 3 qolu işlək olmayan sol ayağı ilə vurdu.
Turun sitatı
Uli Höness, “Bavariya”nın fəxri prezidenti:
“Yığma fasiləsi əleyhimizə işlədi. Oyun ritmini itirdik. 18 futbolçumuz Millətlər Liqası kimi mənasız turnirə görə yığmalarının düşərgəsinə yollandılar. Bu, lap ilin lətifəsi oldu”.





