Bəli, ilkin proqnozlar doğruldu. Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan, püşkatmada bəxtinə “böyük beşliy”in 6 təmsilçisi düşən “Sabah” ilk görüşdə “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 uduzdu, evdə “Slaviya”nı məğlub etməklə hesabına 3 xal yazdı.
Bəs “Sabah” liqa mərhələsinin qalan oyunlarında neçə xal toplaya bilər? Ümumiyyətlə, ilin-günün bu vaxtında pley-off eşqinə düşmək nə dərəcədə doğrudu?
“Bayquşlar”ı oktyabrın 20-də Dortmund “Borussiya”sı ilə çətin oyun gözləyir. Söhbət hazırda 1-ci bundesliqda turnir cədvəlinə başçılıq edən komandadan gedir. “Sarı divar”ın qarşısında dayanmaq asan olmayacaq. Təbii ki, Almaniya təmsilçisi bu oyunun favoritidi. “Borussiya”nı şənbə günü autsayder “Union”la oyun gözləyir. Yəni Dortmund nəhəngi həmin oyunda elə bir güc sərf etməyəcək. Hər halda, biz hər şeyin ən yaxşısına ümid edək və 1 xal üçün duamızı əsirgəməyək.
Noyabrın 4-də çempionu Norveç səfəri gözləyir. Bax, “Vikinq”lə oyun “Sabah”ın sonrakı turnir hədəflərini müəyyənləşdirmək baxımından məhək daşıdı. “Qarabağ” 2024-cü ilin noyabrında Norveç çempionunu (onda “Bude/Qlimt” idi) səfərdə məğlub edə bilibsə, “Sabah” niyə edə bilməsin?! Axı çoxları bu “Sabah”ı o “Qarabağ”dan güclü sayır.
“Sabah” Stavangerdən qələbə ilə qayıdarsa, təbii ki, pley-offa adlamağın planlarını quracağıq. Bəli-bəli, onda hər kəs birağızdan “iştah diş altındadı” deyəcək. Deyəcəksiz ki, niyə? İş ondadı ki, Çempionlar Liqasının son – 2025/26 mövsümündə 9 xal toplayan komandalar pley-offa çıxıb!
Bəs o arzuladığımız 3 xalı kimdən qoparacağıq?
Noyabrın 25-də isə “Sabah”ı liqa mərhələsindəki ən çətin sınaqlardan biri gözləyir. Həmin gün Bakı Olimpiya Stadionuna qitə nəhəngi, qarşısına keçəni “tapdalayan” “Barselona” gələcək. Vaxtilə Messi haqqında deyilən “onu yalnız güllələməklə dayandırmaq olar” ifadəsi indi Yamal üçün keçərlidi. Lamin çərşənbə axşamı İstanbulda Barış Alpər Yılmaza “ot yoldurdu”. Adam, sadəcə, qarşısıalınmazdı. Bu rəqibdən xal almaq real görünməsə də, “Sabah”ın doğma meydanda azarkeş dəstəyindən yararlanaraq layiqincə müqavimət göstərməsi vacibdi.
Dekabrın 8-də “bayquşlar” növbəti İspaniya təmsilçisi ilə üz-üzə gələcək. Bu dəfə rəqib “Vilyarreal” olacaq. “Sarılar” ötən mövsümü 3-cü yerdə bitirsə də, bu mövsüm ləngər vurur. Şəxsən mən məhz “Vilyarreal”ı “Sabah”ın xal ala biləcəyi rəqib kimi görürəm. 3 xal ala bilsək, lap əla, ən pis halda 1 xal gətirək!
“Sabah” yanvarın 20-də son ev oyununda “Napoli”ni qəbul edəcək. Yanvarın 20-si azərbaycanlılar üçün xüsusi status daşıyan gündü. Belə gündə ən azı 1 xal ala biləcəyimiz daha bir komanda budu. Təbii ki, çox şey Neapol təmsilçisinin A seriyasında və Çempionlar Liqasında hansı pillədə qərarlaşmasında asılı olacaq. “Napoli” qələbəyə ehtiyac duysa, bir cür oynayacaq, duymasa, başqa cür. Reallıq budu ki, bu komanda ÇL-in cari mövsümündə hər iki oyunda uduzub. Yəni iş elə gətirər ki, yanvarın 20-nə qədər bu turnirlə bağlı heç bir hədəfi qalmaz.
Yanvarın 27-də son matç səfərdə “Arsenal”a qarşı olacaq. Komandamızın bu matçdan xal alması isə real görünmür. Odu ki, indi ilk növbədə evdə “Borussiya”dan xal almağa çalışmaq, ardından “Vikinq”i səfərdə məğlub etmək lazımdı. Belə nəticələr pley-off yolunda böyük addım atmaq deməkdi. İstənilən halda, Azərbaycanın və çempionunun böyük bir sensasiyaya ehtiyacı var. Hansı oyundan gəlir-gəlsin, amma gəlsin!
İSRAYIL XEYRULLAYEV
“Sabah” 9 xal toplaya bilər! – böyük bir sensasiyaya ehtiyac var...
Avrokuboklar / Manşet





