Bu il ''Qızıl top''u qazanmağa əsas namizədlərdən olan gənc ulduz İstanbulda əla performans sərgilədi. O iki məhsuldar ötürmə ilə UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçildi. Yamalın bu performansından sonra ən çox müzakirə edilən futbolçulardan biri Mario Lemina oldu. Çünki təcrübəli futbolçu oyundan öncə Yamal haqda suala cavab verərkən ''Yamal kimdi? Onu tanımıram'' ifadəsini işlətmişdi. Hətta İspaniyanın ünlü ''Marka'' nəşri də bu açıqlamadan yan ötməyib.
Nəşr final fitindən dərhal sonra sosial şəbəkədə Leminanın şəklini və Yamalın aldadıcı hərəkətlərinin şəkillərini paylaşaraq bunları yazıb:
''Əminik ki, bu gecədən sonra Lemina artıq Yamalın kim olduğunu bilir. Gənc oyunçu iki məhsuldar ötürmə verdi''.
Yamalın Entoni Qordona verdiyi məhsuldar ötürmədən öncə rabonaya bənzər hərəkətlə Ərən Elmalının başını gicəlləndirməsi gecəyə damğa vurdu. Bu mövsüm 10 oyunda 8 qol, 9 məhsuldar hərəkətlə fərqlənən futbolçu matçın ardından həmin epizoda bağlı danışarkən bunları dedi:
''Bu hərəkətin adı nədi? Heç özüm də bilmirəm. Bəlkə də ''rabona'' və ya ''yarı rabona'' demək olar. Həmin an içimdən belə bir hərəkət etmək istəyi keçdi. Bunu planlaşdırmamışdım, sadəcə belə alındı. Yaxşı ki işə yaradı və Qordona məhsuldar ötürmə verdim''.





