Oktyabrın 6-da Argentina və dünya futbol ictimaiyyətinin diqqəti Buenos Ayresdəki ən böyük stadiona yönəlmişdi. Burda ölkə və dünya futbolu tarixinin ən böyük oyunçularından biri sayılan Lionel Messi Argentina yığmasında sonuncu dəfə meydana çıxdı.
Argentina Futbol Assosiasiyasının (AFA) təşkilatçılığı ilə ulduz futbolçunun milli formayla vidalaşması yalnız vətənində yox, milyonlarla pərəstişkarının olduğu dünyanın dörd bir yanında səbirsizliklə gözlənilən tədbir xarakteri daşıyırdı. 39 yaşlı hücumçunun vida matçı paytaxtdakı “Monumental Antonio Vespusio Liberti” stadionunda Benin yığmasına qarşı oldu. Oyundan əvvəl tribunada Messinin “10” nömrəli formasının və “GRACIAS” yazısının əks olunduğu nəhəng banner açıldı. Matç 10-cu dəqiqədə dayandırıldı və səbəbkar bir dəqiqə ərzində hər iki komandanın üzvləri, stadiona toplaşan futbolsevərlər tərəfindən alqışlandı.
Argentina rəqibinə ikinci hissədə vurulan qollarla 3:0 hesabı ilə qalib gəldi. Matçın hər mənada qəhrəmanı olan Messi komandasının bütün qollarında iştirak etdi: 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdi, həmçinin digər iki qolun ötürməsini verdi. Canlı əfsanə bununla da yığmadakı karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamladı.
Lionel Argentinanın əsas komandasında 2005-ci ilin avqustundan çıxış edirdi. O, milli komanda ilə 2022-ci ildə dünya çempionatının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə isə Finalissimanın qalibi olub. Diqqət yetirdizsə, beynəlxalq turnirlərdə titullarını 34 yaşından sonra qazanıb. Yığmadakı uğurları son 5 ilə təsadüf edib. Bu fakt onun yaşa dolduqca şərab kimi keyfiyyətini artırmasının sübutu deyilmi?! Lionel indiki fiziki hazırlığı ilə milli formadakı çıxışını davam etdirməyə də hazır idi. Bu yaşda dünya çempionatında 8 qol vurması çox şeyi deyir. Həm də “İnter Mayami”nin formasında indi də məhsuldar çıxış edir. Zarafat deyil, əsası 2018-ci ilin yanvarında qoyulan ABŞ klubu məhz Lionelin fitri istedadı, təcrübəsi və məhsuldarlığı sayəsində artıq 6 titul qazanıb. Məhz o, Mayamidə peyda olandan sonra!..
Amma Messi hələ bu yay keçirilən dünya çempionatı ərəfəsində milli formada sonuncu turnirdə iştirak edəcəyini müəyyənləşdirmişdi. Təəssüf ki, ardıcıl ikinci dəfə çempion ola bilmədi: Argentina finalda İspaniyaya minimal hesabla uduzdu. Görünür, mundialın ikiqat qalibi olmaq onun parlaq karyerasına və qismətinə yazılmayıbmış. Leonun daha bir dəfə - 2014-cü ildə finalda Almaniyaya məğlubiyyətin acısını yaşadığını da qeyd edək. Komandası onda da 0:1 hesabıyla uduzmuşdu. Demək ki, “futbolun Tanrısı” onun mükafatını futbolçu həyatının qürub çağında verməyi düşünürmüş…
Qayıdaq “Monumental”dakı unudulmaz tədbirə. Səbəbkar matçdan sonra milli komanda ilə vida çıxışını etdi. Messinin futbolsevərlərə 10 dədiqə ərzində dediklərini olduğu kimi diqqətinizə çatdırırıq.
- Bu gün nəsə demək çətindi. Emosiyalar məni bürüyüb, beynimdə çoxlu fikir var. Əlbəttə, bu məqamda ağlıma gələn ilk adam atamdı (Lionelin atası Xorxe avqustun 8-də 68 yaşında vəfat edib – red.). Vida məktubumda da qeyd etdiyim kimi, ona yalnız təşəkkürümü bildirə bilərəm. Bu formanı 20 ildən çox müddətdə geymək mənim üçün böyük qürur idi. Ən çətin vaxtlarda və anlarda belə, mübarizəni heç vaxt dayandırmadım, həmişə bütün gücümü ortaya qoydum və komandanın yanında oldum. Bu komandadan ayrılmaq mənə çox ağır gələcək.
And içirəm ki, ömrümboyu yığmada olmaq istərdim. Çünki Argentinanın əsas komandasında oynamaq başına gələ biləcək ən gözəl hadisədi. Dediyim kimi, burda əbədi qalmaq istərdim. Amma getmək vaxtı yetişdi. Bu il keçirilən dünya çempionatı mənim üçün çox ağır sınaq oldu – futbolçu həyatımda keçməli olduğum çox çətin sınaq. Yenidən dünya çempionu olmaq arzumu və bütün ölkənin arzusunu həyata keçirmək şansımız oldu.
Mundialda çempionluğa çox yaxın idik və düzünü desəm, çoxlarının dediyi kimi, qeyri-adi bir şey baş vermədi. İngiltərə ilə matç (Argentina yarımfinalda bu rəqibinə 2:1 hesabıyla qalib gəlib – red.) bizdən həm fiziki, həm də emosional olaraq çox güc aldı. Bu, böyük bir enerji itkisi idi. Növbəti mərhələyə çəinliklə keçdik. Amma həmişə olduğu kimi, bu formada qələbə üçün mübarizə apardıq.
Bütün komanda yoldaşlarımla birlikdə bu yolu keçmək və onu bölüşmək şərəfinə nail oldum. Yalnız qalib gəldiyimiz adamlarla deyil, həm də onlardan əvvəl olanlarla çempionluq qazanmağa çox yaxın idik. Buna şübhə etməyin: indi yanımda olan komanda yoldaşlarım həmişə bu forma üçün hər şeylərini veriblər. Həmişə.
Onlarla keçirdiyim bütün vaxta görə oyundaşlarıma minnətdaram. Bu, mənim üçün çox şey deməkdi. Onlar mənə dünya çempionu olmaq, Amerika Kubokunda və Finalissimada qalib gəlmək kimi uşaqlıq arzularımı gerçəkləşdirməkdə kömək etdilər.
Yaşıl meydanı və ondan kənardakı həyatı onlarla bölüşmək mənim üçün böyük şərəf idi. Bu komanda üçün hər şeylərini verməyə hazır olan döyüşçülərlə birgə matçlara çıxmaq. Əminəm ki, demək istədiyim çox şeyi unudacam, amma bilin ki, indi mənim üçün çox çətin bir andı.
Yenidən burda oynamaq üçün çox darıxacam. Ölkənin hər yerinə səyahət etmək, bir çox fərqli yerlərdə oynamaq imkanım olub. Və olduğum məkanlarda həmişə belə böyük sevgi hiss etmişəm. Yığma ilə yaşadığım hər şeyə görə minnətdaram.
Bütün bu illər üçün hamınıza təşəkkür edirəm. Hara gedirdimsə, stadionlar dolu idi, siz orda idiniz və komandaya böyük dəstək verirdiz. Stadiona daxil olmağın, dünya çempionatının və Amerika Kubokunun keçirildiyi ölkələrə yollanmağın nə qədər çətin olduğunu bilirik… Amma özümüzü hər yerdə evdəki kimi hiss edirdik və bu hiss həmişə bizimlə birgə idi.
Karyeramın ən xoşbəxt günlərindən birini – dünya çempionatından sonrakı matçı məhz burda keçirmişdim. Bunu heç vaxt unutmayacam. Həmin gündən videolara baxıram və hələ də o hissləri yaşayıram. Bu an mənim tariximdə, komandanın tarixində və ailəmdə əbədi olaraq qalacaq. Bu macəra çox möhtəşəm idi. Buna görə sağ olun.
Və bu gün, yenidən burda olmaqla karyeramın ən kədərli gününü – milli komandaya və hamınıza vida etdiyim günü yaşayıram.
Yığmanın rənglərini üzərimdə daşımaq fürsətini əldən verəcəm. Amma bundan sonra digər tərəfdə olacam – hamınızla birgə bu uşaqları və onlardan sonra gələnləri dəstəkləyəcəm. Həmişə birik. Artıq sübut etmişik: birləşəndə və bir olanda istənilən rəqibdən güclü oluruq.
Yəqin ki, qarşıda çətin məqamlar olacaq. Son illər əldə etdiyimiz uğurlar həqiqətən də, fövqəladə faktlardı. Bundan sonra bir-birimizə daha da yaxın olmalıyıq. Əvvəllər də dediyim kimi, böyük məqsədlərə çatmaq üçün möhkəm komanda qurmaq lazımdı.
Milli komandanı pis vəziyyətdə görmək istəyən adamlar da var və biz belələrinə bu məmnuniyyəti yaşatmamalıyıq. Komandanın əsl gücü məhz ağır və çətin anlarda üzə çıxır. Möhkəm bir qrup olmadan uğur qazanmaq çox çətindi. Biz isə inanılmaz komandayıq. Məhz buna görə hər şeyə nail olmuşuq.
Çox güman ki, həyatımda heç vaxt bu qədər uzun müddət danışmamışam. Meydanı tərk etmək və burdan getmək istəmirəm. Sizi sevirəm və sizdən ötrü darıxacam. Argentinalı olduğum üçün Tanrıya minnətdaram. Argentinalı olmağım və arzumu həyata keçirməyimlə fəxr edirəm. Sizi sevirəm!
Yeri gəlmişkən...
“Monumental” stadionunda təşkil olunan dron şousu azarkeşlərin narazılığına səbəb olub. Matçdan sonra kapitanın şərəfinə xüsusi şou hazırlanıb. Lakin şou başlamazdan əvvəl səmada Messinin deyil, tədbirin sponsorlarından olan sığorta şirkətinin loqosu peyda olub. Reklam görüntüsü bir neçə saniyə davam edib və sonra Messi üçün hazırlanan şou başlayıb. Sponsorun loqosunun göstərilməsi tribunaların narazılığı ilə qarşılanıb. Azarkeşlər bu şounu fitə basıb və etiraz səslərini ucaldıblar.
Qeyd edək ki, narazılıq AFA-nın prezidenti Klaudio Tapya ilə də bağlı olub. Stadionda onun ünvanına təhqiramiz ifadələr səsləndirilib. Maraqlıdı ki, dron şousunun bir epizodunda Messi topa sağ ayağı ilə zərbə vuran formada təsvir edilib. Halbuki dahi futbolçu sol ayağıyla oynaması ilə tanınır...
208 oyun, 126 qol və 70 məhsuldar ötürmə... - ağ-mavi forma ilə qalib kimi vidalaşdı
Dünya futbolu






