Futbolsevərlərin gözü aydın olsun!
Bu həftə avrokuboklarda qrup mərhələsi start götürür. Çempionlar Liqasında təmsilçimiz olmasa da, bu turniri həmişəki kimi böyük həyəcanla izləməyə dəyər. Bu gün Avropanın ən mötəbər klub turnirinin 68-ci mövsümünün qrup mərhələsinə start veriləcək. İlk turun oyunlarına nəzər salmağın tam zamanıdı.
Holannın budəfəki debütü necə alınacaq?
Premyer-liqada mövsümə o qədər də yaxşı başlamayan Tomas Tuxelin “Çelsi”si ilk turda Zaqrebə səfər edəcək. Həmyerlimiz Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo” yaxşı hücum xəttinə malikdi və londonluları təəccübləndirməyə çalışacaq. Xorvatiya çempionu xüsusilə öz meydanında güclü təsir bağışlayır. Komanda fanatları önündə keçirdiyi son 19 rəsmi qarşılaşmada məğlubiyyət acısı yaşamayıb. “Zadəganlar” bu seriyaya son qoymağa çalışacaq.
“Seltik” fanatları bu anı nə az, nə çox – düz 5 ildi gözləyirdi. Qlazqo nıəhəngi sonuncu dəfə ÇL-in qrup mərhələsində 2017-ci ildə oynamışdı. Komandanı ilk turdaca olduqca çətin sınaq gözləyir. Belə ki, “Seltik Park”a turnirin son qalibi, son 9 mövsümdə 5 dəfə Avropanın ən böyüyü olmuş “Real” təşrif buyuracaq. “Keltlər”in çalışdırıcısı Angelos Postekoğlu oyunöncəsi açıqlamada madridliləri yenməyin mümkün olduğuna işarə vurub və oyunçularını ruhlandırmağa çalışıb. Son turda əzəli rəqibi “Reyncers”i darmadağın edən və daxili çempionatda 6 tura 25 qol vuran “Seltik” əla formadadı. Ona görə də “Kral klubu”nun işi heç də asan olmayacaq. Bu komandaların yolu bu turnirdə daha öncə yalnız bir dəfə - 1979/80-nin 1/4 finalında kəsişib. Həmin vaxt “Seltik” evdə 2 cavabsız qolla qalib gəlsə də, Madriddə üstünlüyünü qoruya bilməyərək 0:3 hesabı ilə darmadağın olmuşdu.
Premyer-liqada xarüqələr yaradan Erlinq Holannın “Siti”nin heyətində avrokuboklarda necə debüt edəcəyi maraqla gözlənilir. Çünki onun əvvəlki klublarında Avropa səhnəsində debütü uğurlu alınıb. Holann ÇL-də “Zaltsburq”dakı debütündə “Genk”lə oyunda het-trik, “Borussiya”da isə PSJ ilə oyunda dublla yadda qalıb. Özü də budəfəki rəqib ona yaxşı tanış olan “Sevilya”dı. 2020/21-də ÇL-in 1/8 finalında norveçli forvard dortmundluların heyətində əndəlüslərə qarşı 2 oyuna 4 top vurmuşdu! Ümumilikdə Holann avrokuboklarda 25 oyuna 27 dəfə fərqlənib!
İlk oyun gününün daha bir maraqlı dueli PSJ ilə “Yuventus” arasında baş tutacaq. XXI əsrdə bu komandaların yolu ilk dəfə kəsişir. Onlar sonuncu dəfə 1997-nin yanvarında Avropa Superkuboku uğrunda matçda qarşılaşıblar. O vaxt rəqibindən bir baş üstün olan “Yuve” həm səfərdə (6:1), həm də evdə (3:1) rahat qələbə qazanmışdı. Onu da xatırladaq ki, Kriştiano Ronaldo bu mövsüm ÇL-də iştirak etmədiyindən Lionel Messinin əlinə aradakı fərqi azaltmaq üçün gözəl fürsət düşüb. Bu turnirin tarixinin ən məhsuldar iki oyunçusunun arasında hazırda 15 qolluq fərq var (140:125).
“Liverpul” Neapol lənətinə son qoya biləcəkmi?
“Seltik” kimi “Reyncers” fanatları da ÇL-in qrupunun startını səbirsizliklə gözləyir. Axı Qlazqonun digər nəhəngi də uzun illərdən sonra, daha dəqiq desək 2009-dan bəri ilk dəfə bu turnirin qrupunda oynayacaq. İlk turda rəqib “Ayaks”dı. Maraqlıdı ki, “Reyncers” pley-offda Niderlandın digər nəhəngi PSV-ni mübarizədən kənarlaşdırmağa müvəffəq oldu. Bu dəfə isə komanda gücünü Niderlandın çempionuna göstərməyə çalışacaq. Zəngin tarixə malik olmalarına baxmayaraq, bu kollektivlər avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Bu qrupun digər oyununda isə “Liverpul” Neapol lənətinə son qoymağa səy göstərəcək. Nə qədər qəribə səslənsə də, “qırmızılar” son 12 ildə Nepola 3 səfərin hamısından nəinki qələbəsiz, hətta qolsuz qayıdıblar! 2010-da AL çərçivəsindəki görüş qolsuz bitibsə, 2018 və 2019-da ÇL çərçivəsində “Napoli” güclü rəqibini uyğun olaraq, 1:0 və 2:0 hesabı ilə yenib. Mersisaydlılar 4-cü cəhddə bu seriyanı bitirməyə çalışacaqlar.
Ötən mövsüm heç Konfrans Liqasında belə qrupdan çıxa bilməyən “Tottenhem”i bu dəfə ÇL-də izləmək maraqlı olacaq. Çünki nəhəng stadionla yanaşı, komandanın artıq həm güclü baş məşqçisi, həm də Rişarlison, Perişiç kimi oyunçularla gücləndirilmiş geniş heyəti var. İlk turda rəqib o qədər də qorxulu deyil. “Marsel” hər nə qədər Liqa-1-ə uğurlu başlasa da, bu komandanın ÇL-in qrupunda keçirdiyi son 12 qarşılaşmanın 11-də məğlub olduğunu xüsusi vurğulamağa dəyər. “Atletiko” ilə “Portu”nun yolu ardıcıl ikinci mövsümdü kəsişir. Komandalar 2021/22-də də eyni qrupda yer almışdılar. Amma o vaxt Madrid təmsilçisi səfərdə qalib gəlsə də, evdə rəqibin müqavimətini qıra bilməmişdi (0:0).
Çərşənbə günü əsas diqqətlər Milan şəhərinə yönələcək. “Ölüm qrupu”nun ilk “ölüm” oyunu məhz bu şəhərdə - “İnter”lə “Bavariya” arasında baş tutacaq. “İnter”in bu rəqiblə bağlı xoş xatirələri var. 2010-cu ildə ÇL-in finalını, eləcə də növbəti mövsümün 1/8 finalını xatırlamaq olar. Amma qəribədi ki, evdə Milan təmsilçisi bu rəqiblə bacara bilmir. “Bavariya” indiyə qədər “San Siro”da “İnter”ə qarşı keçirdiyi hər iki oyunda qol buraxmadan qələbə qazanıb. “Barselona” isə bu qrupda ciddi problemlər yaşamaq istəmirsə, ilk turda mütləq hesabına 3 xal yazmalıdı. Çünki rəqib bu qrupda “yağlı tikə” kimi görünən “Viktoriya”dı.
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr
E qrupu
Dinamo Z – Çelsi
Hakim: İştvan Kovaç (Rumıniya)
Zaltsburq – Milan
Hakim: Srcan Yovanoviç (Serbiya)
F qrupu
Seltik - Real
Hakim: Sandro Şerer (İsveçrə)
Leyptsiq - Şaxtyor
Hakim: Joao Pinyeyro (Portuqaliya)
G qrupu
Sevilya – Mançester Siti
Hakim: Davide Massa (İtaliya)
Borussiya D – Kopenhagen
Hakim: Fransua Letesye (Fransa)
H qrupu
PSJ – Yuventus
Hakim: Entoni Teylor (hakim)
Benfika – Makkabi H
Hakim: Andreas Ekberq (İsveç)
7 sentyabr
A qrupu
Napoli – Liverpul
Hakim: Karlos del Serro Qrande (İspaniya)
Ayaks - Reyncers
Hakim: Tobias Ştiler (Almaniya)
B qrupu
Atletiko - Portu
Hakim: Şimon Marçinyak (Polşa)
Brügge – Bayer-04
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)
C qrupu
İnter - Bavariya
Hakim: Kleman Turpen (Fransa)
Barselona – Viktoriya P
Hakim: Lourens Visser (Belçika)
D qrupu
Tottenhem - Marsel
Hakim: Slavko Vinçiç (Sloveniya)
Ayntraxt F - Sportinq
Hakim: Orel Qrinfild (İsrail)