Dünənki “Qarabağ” – “Şamaxı” oyunundan sonra diqqət mərkəzində olan futbolçulardan biri də Bəhlul Mustafazadə idi. Bu da səbəbsiz deyil.
“Football-plus.az” xəbər verir ki, gənc müdafiəçi düz 6 aydan sonra yaşıl meydana döndü.
- Özünü necə hiss edirsən? Tam bərpa ola bilmisən?
- Yaxşı hiss edirəm. Uzun müddətdən sonra yenidən yaşıl meydanlara qayıtdığıma görə çox şadam. Zədədən sonra məşqlərə və oyunlara dönmək mənim üçün xüsusi önəm daşıyırdı. Ümid edirəm ki, bundan sonra belə zədə ilə qarşılaşmaram, mövsümün qalan hissəsində komandama tam gücümlə kömək edə bilərəm.
- “Tvente” ilə oyun haqda nə deyə bilərsən? Növbəti mərhələyə adlamaq baxımından çətin rəqib olacaq...
- Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ” olaraq, bu səviyyədə çoxlu oyun keçirmişik və belə qarşılaşmaların bizim üçün nə qədər vacib olduğunu yaxşı bilirik. Qarşımızda güclü rəqib var. Buna baxmayaraq, oyunumuza və gücümüzə inanırıq. Hər iki matçda maksimum mübarizə aparmağa çalışacağıq. Ümid edirəm ki, sonda əsas mərhələyə yüksələn tərəf biz olacağıq.
- Bəhlul, bir müddət karyeranı Çində davam etdirəcəyin deyilirdi.
- Açığı, həmin vaxt başqa klublara keçidlə bağlı məsələlər mənim üçün o qədər də maraqlı deyildi. Bütün fikrim və diqqətim zədədən sağalmağa, əvvəlki formamı bərpa etməyə və yenidən meydana qayıtmağa yönəlmişdi. Əsas istəyim mümkün qədər tez sağalaraq komandama kömək etmək idi. Futbola yenidən qayıtdığıma görə çox sevinirəm. İndi qarşıda bizi uzun və maraqlı mövsüm gözləyir. Ümid edirəm ki, həm komanda, həm də mənim üçün uğurlu olacaq.
İSRAYIL XEYRULLAYEV
“Futbola qayıtdığıma görə çox sevinirəm” – Bəhlul Mustafazadə
Müsahibə / Aktual




