Kadi, bunun adı nədi?! – YAZI

2.09.2026 10:53 20
Yazarlar / Manşet
Misli premyer-liqasının 3-cü turunun “Sumqayıt” – “Qarabağ” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Düzdü, onsuz da bu komandaların duellərinin əksərinin qalibi “köhlən atlar” olub. Daha doğrusu, 55 qarşılaşmadan 42-də ağdamlılar üç xala yiyələnib. Ancaq məhz srağagün bu statistika özünü doğrultmaya bilərdi. Ona görə ki, Kadi Borges 31-ci dəqiqədə sərgilədiyi yolverilməz davranışla komandasını azlıqda qoydu. Braziliyalı rəqibin futbolçusu Sedrik Badolonun müdaxiləsi üzündən yıxılarkən ayaqlarıyla onun ayaqlarına sərt zərbələr endirdi. Hadisələrin axarı baş hakim Fərid Hacıyevin birbaşa qırmızı vərəqə göstərməsi ilə nəticələndi. Epozudun təkrarını planşetdə izləyən baş məşqçi Qurban Qurbanov əsəbi şəkildə Borgesi süzdü və başını buladı. Oyunsonrası mətbuat konfransında məsələ ilə bağlı danışan mütəxəssis oyunçusuna irad bildirdiyini dedi.

Maraq üçün qeyd edək ki, Borges “köhlən atlar”ın kapitanlarından biridi və həmin oyunda da sarğı qolunda idi. Əsas kapitan Bədavi Hüseynov, digər vitse-kapitan isə Marko Yankoviçdi. Əlbəttə, Bədavi ilə Yankoviçin bu sarğıya layiq olduğunu düşünə bilərik. Yalnız Kadinin məlum davranışı onun üçün ləkədən başqa bir şey deyil və sarğıya layiq olmadığının göstəricisidi.

Xatırlayırsızsa, Kadi Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” ilə cavab oyununda da xoşagəlməz davranışla yadda qaldı. Düzdü, biz nə qədər çalışsaq da, futbolçunun 86-cı dəqiqədə meydanı tərk edərkən kimə hədə-qorxu gəldiyini, əsəblərini niyə cilovlaya bilmədiyini tapa bilmədik. Lakin həmin görüntülər də Kadi üçün müsbət obraz yaratmadı.

Deməli, Kadi nəyisə dəyişməlidi. Onsuz da komandaya əvvəlkitək faydası olmayan futbolçu tənqidlər eşidir. Belədə Borges üçün ən doğru addım abrına sığınmaq, ən yaxşı formasını sərgiləmək üçün əlindən gələni etməkdi. Belə davranış nə Kadi, nə də “Qarabağ” üçün yaxşı gələcək vəd etmir. Qurban Qurbanov isə hələ səbr etsə də, onu cəzalandırmağın yollarını yaxşı bilir. Təki buna ehtiyac qalmasın...

KƏNAN BAHADIR