“Hamımız bura “Real”a işləmək üçün toplaşmışıq”

22.08.2026 11:52 4
Müsahibə
Joze Mourinyo nadir hallarda müsahibə verir. Ünlü portuqaliyalı mütəxəssis “Real”a qayıdandan sonra ilk geniş müsahibəsini bugünlərdə verib.

"Football-plus.az"ın məlumatına görə, “El Çirinqito” kanalı onunla söhbətləşməyə müvəffəq olub. Mourinyo mövsümün startı ərəfəsində komandadakı ab-havadan, Mbappenin durumundan, Rodrinin “Barselona”ya transferindən və başqa məqamlardan danışıb.

- İlk dönəminizdən bu yana 13 il ötüb. Mourinyo bu müddət ərzində necə dəyişib?
- Bir çox cəhətdən dəyişmişəm. Həm insan, həm də məşqçi kimi... Özü də yetərincə dəyişmişəm.

- Bəs indiki Mourinyonu necə xarakterizə etmək olar?
- Əslində DNT-m elə əvvəlki kimi qalıb. Yəni istəsəm belə, kim olduğumu, kimliyimi gizlədə bilmərəm. Ancaq bəzi məsələlərdə daha təcrübəli olmuşam. Emosionallığım bir qədər azalıb. İndi daha soyuqqanlı və səbirliyəm. Həmişə olduğu kimi, səhvlər üzərində öyrənməyə çalışıram. Ancaq indiyə qədər yaşadıqlarımın heç birinə görə peşman deyiləm. Çünki düşünürəm ki, artıq baş vermiş bir hadisəyə görə peşmanlıq hissi yaşamağın insana bir faydası dəymir. Ancaq uğursuz təcrübədən nəticə çıxarmaq, ondan nəsə öyrənmək mütləq lazımdı. Məşqçilikdə təcrübə nə qədər yüksəkdisə və nə qədər çox “dejavü” yaşayırsansa, səviyyə bir o qədər yüksək olur.

- Belə çıxır ki, Mourinyo daha darıxdırıcı insana çevrilib?
- Darıxdırıcı deməzdim. Nəticə etibarilə insanın DNT-si sonda mütləq öz sözünü deyir. Ancaq mənim üçün “darıxdırıcı” kəlməsi heç yerinə düşmür.

- Yeri gəlmişkən, gözünüzün altı göyərib və bunu qrim sayəsində gizlətməyə çalışırsız. Bəziləri iddia edir ki, bu yenə də Valverde ilə Çuameninin paltardəyişmə otağında dalaşması üzündən baş verib. Guya onlar yenidən dalaşıblar və siz də orda olmusuz...
- Xeyr, bunlar hamısı uydurma şeylərdi. Bunun günahkarı “Kastilya”da oynayan və bəzən bizimlə məşq edən zavallı Lakostadı. Məşqdə topu düz üzümə vurdu. Həmin vaxt eynəkdəydim və top birdən-birə üstümə gəldi. Ancaq Lakostanın adının son matçda iştirak ərizəsinə düşməməsi, təbii ki, bu epizodla bağlı deyil (gülür).

- Zarafatı bir kənara qoysaq, Çuameni ilə Valverde arasında ötən mövsüm həqiqətən qalmaqal yaşanmışdı. Bəs siz ilk dəfə paltardəyişmə otağına daxil olanda oranı hansı vəziyyətdə gördüz?
- Mən orda qarşısına qələbə qazanmaq hədəfi qoyan və normal düşüncə tərzinə malik oyunçular gördüm. Çünki ilk gündən onlardan məhz normal düşünmələrini xahiş etmişəm. İndiyə qədər mənim həmin o sərt üzümü göstərməyə ehtiyac duyduğum bir hadisə də yaşanmayıb. Futbolçular hələ ki məni xarakterimin bu tərəfini göstərməkdən qoruyurlar.

- Futbolçular sizi həqiqətən qoruyur?
- Bəli. Çünki özlərini ideal aparırlar. İlk gündən tələblərimi onlara bildirdim. Normal düşüncə tərzi dedikdə, məsələn, məşqə 5 dəqiqə qalmış yox, 1 saat əvvəldən bazaya gəlməyi nəzərdə tuturam. Vaxtından tez gəlməli, dietoloqun nəzarəti altında nahar etməli, hər gün trenajor zalına getməlisən. Futbolçu bunu həm özü, həm komanda, həm də bizim hamımız üçün edir. Buna düşüncə tərzi deyilir.

- Asan səslənir, amma bunu həyata keçirmək asan olmur. Belə çıxır ki, bunu Mourinyo dedikdə etmək daha asan olur?
- Biz mövsümün gedişində nələr yaşanacağını bilmirik. Heç nədən “sığortalanmamışıq” ki, bu da normaldı. Ancaq indiyə qədər klub daxilində heç bir qanqaraldıcı hadisə yaşanmayıb.

- Çünki Mourinyo paltardəyişmə otağına daxil olan kimi futbolçular daha intizamlı olur. Elədi?
- Bilmirəm. Bunun mənlə yoxsa, “Real”da tələb olunan iş intizamı ilə bağlı olduğunu deyə bilmərəm. Mənim üçün belə şeylər çox prinsipial əhəmiyyət daşıyır. “Real”da işləmək” ifadəsi çox da xoşuma gəlmir. Mən daha çox “Real” üçün işləmək” ifadəsini bəyənirəm. Valdebebasa ayaq basdığım ilk gündən bunu tək futbolçulara yox, burdakı bütün işçilərə anlatdım. Biz hamımız bura məhz “Real”a işləmək üçün toplaşmışıq. Hələ ki, hadisələrin axarından və gördüyümüz işdən razıyam.

- Siz gecələr də Valdebebasda qalırsız?
- Bəli. Burdakı ilk dönəmimdə uşaqlarımın yaşı az idi. Ona görə də həyat yoldaşım da daxil olmaqla hamımız birlikdə yaşayırdıq. İndi isə uşaqlarımın, uyğun olaraq, 26 və 29 yaşı var. Onlar Londonda yaşayırlar. Həyat yoldaşım isə vaxtının çox hissəsini uşaqlarla keçirir. Onlar Madridə gələndə çox sevinirəm. Onlar olmayanda isə bütün günümü Valdebebasda keçirirəm. İş vaxtı saat 6-7-də bitir. Ondan sonra da burda qalmaq çox xoşuma gəlir.

- Mbappe “Real”ın nə demək olduğunu anlayıbmı? Son illərdə gördüyümüz Mbappe sizin görmək istədiyiniz Mbappedi?
- Mbappe, sadəcə, inanılmazdı. Bəzən məşqdə onu izlədikdə gülümsəyirəm.

- Niyə?
- Çünki hədsiz dərəcədə yaxşı performans göstərir. Hətta deyərdim ki, stratosfer səviyyəsində futbolçudu. Onun ötən mövsümdəki çıxışını təhlil etmək və ya qiymət vermək mənə yaraşmaz. Ümumiyyətlə, 2025/26 mövsümü “Real”da hamı üçün qəribə və çətin alındı. Sonda bütün günahlar həmişəki kimi məşqçilərin – Arbeloa ilə Xabi Alonsonun üstünə atıldı. Onlar başqalarının səhvlərinin güdazına getdilər. Həmişə demişəm ki, qələbə də, məğlubiyyət də bir çox amillərdən asılıdı. Elə futbolçularla Valdebebasdakı ilk toplantıda da bu mövzuya toxundum. Mənim üçün bütün tənqidlərin və ya bütün xoş sözlərin bir nəfərə ünvanlanması qəbuledilməzdi. Bu, mənə uyğun yanaşma tərzi deyil. Ötən mövsüm təkcə məşqçilər və futbolçular yox, çox adam səhvə yol verdi. Siz mənə Mbappe haqda sual verdikdə məni onun bundan sonra sərgiləyəcəyi performans maraqlandırır. Sizə sadə bir misal gətirim. Onun avqustun 14-nə qədər istirahət etmək hüququ var idi. Amma avqustun 12-də gəldi. Bilirsiz, nə üçün? Çünki “Şalke-04”ə qarşı son hazırlıq matçında iştirak edərək az da olsa, formaya düşmək istəyirdi. Yavaş-yavaş var güclə çalışaraq məqşlərdə ən ağır yükləmələrə tab gətirməyə başladı.

- Ötən mövsümün sonlarında Mbappe ilə Bellingem “Benrabeu”da fitə basılmışdı.
- Biz hamımız çətin anda birləşməliyik. Əslində elə ötən mövsüm də onların göstəriciləri çox yaxşı idi. Sonra ikisi də mundialda inanılmaz performans sərgilədi. Bellingem əvvəldən sona qədər turniri yüksək səviyyədə keçirdi. Mbappe, ümumiyyətlə, adını tarixə yazdırdı.

- “Real”da oyunçu qıtlığı var? Yeni transferlərə ehtiyac duyulur?
- Xeyr.

- Komanda artıq bu “pəncərənin” sonuna qədər heç kimi transfer etməyəcək?
- Demirəm ki, heç kimi almayacağıq. Hər halda, “pəncərə” hələ də açıqdı. Amma konkret mənim fikrimi soruşursuzsa, bəli, mənim üçün artıq bağlıdı.

- “Real”ın bu heyəti xoşunuza gəlir?
- Bəli, çox xoşuma gəlir.

- Rodri “Barselona”ya keçməmiş onunla söhbət etmişdiz?
- Bəli, Rodri ilə bir neçə dəfə söhbətləşmişdim. “Real” ona çox yaxşı şərtləri olan bir təklif irəli sürmüşdü. Ümumiyyətlə, “Real”la “Mançester Siti”nin münasibətləri əladı. Ancaq hələ “Siti” ilə danışıqlara başlamadan “Real” Rodri ilə əlaqə saxlayaraq ona təklif irəli sürdü. Rodrinin isə müəyyən şübhələrinin olduğunu gördüm. Qərar verməkdə çətinlik çəkirdi. Onun şübhələnməsi məndə də bu transferin doğru olub-olmaması yönündə şübhələr oyatdı. Rodri möhtəşəm futbolçudu və danışıqlar zamanı da hər kəs bir-birinə hörmətlə yanaşırdı. Onun haqda neqativ bir şey söyləyə bilmərəm. Amma “Real” iki dəfə düşünməyə ehtiyac duyan bir futbolçunu gözləməyəcək dərəcədə böyük klubdu! “Real”ın maraq göstərdiyi futbolçu gərək zəng gələn kimi “nə vaxt gəlim” deyə soruşsun. Rodriyə uğurlar arzulyıram. Tam yox, müəyyən dərəcədə...

- Bir çoxları bunu “Barselona”nın “Real” üzərində qələbəsi kimi qələmə verir.
- Qələbələr və titullar meydanda qazanılır.

- Vinisius sizin sayənizdə müqaviləni yenilədi?
- Xeyr. Mənim niyə?

- Siz onunla söhbət etdiz?
- Əlbəttə. Vinisius “Real”ı çox sevir. Ondan hara getmək istədiyini soruşdum və “sən indiyə qədər yalnız Braziliya yığmasını və “Real”ı görmüsən. ”Real”ın nə demək olduğunu yalnız ayrılandan sonra anlayırsan, ayrılma” dedim. Fikrimcə, komandanın məşqlərdə yaxşı çalışması, düzgün yolda olması da onun qərarında müəyyən rol oynadı. Bu oğlan komandanın mühərrikidi. Onun necə işlədiyini kənardan izləmək adama zövq verir.

- Düşünürsüz ki, davranışını bir qədər dəyişməlidi?
- İlk növbədə insanlar və hakimlər onunla münasibəti başqa cür qurmalıdı. Vinisius da başqaları kimi futbolçudu. Məsələn, kobudluğa məruz qalan futbolçu Pedrerol olduqda dərhal penalti təyin edən hakimin Vinisiusa qarşı eyni kobudluq zamanı penalti təyin etməməsi düzgün deyil. Mourinyonu qorumaq və Vinisiusu qorumamaq düzgün deyil. İnsanların Vinisiusa münasibəti ona simpatiya bəsləyib-bəsləməmələrindən asılıdı. Bu, düzgün deyil. Meydanda digər futbolçulara münasibət necədisə, Vinisiusa qarşı da elə olmalıdı. Sadəcə, Vinisius futbolçu kimi başqalarından üstündü.

ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul