Bazar günü keçirilən “Sabah” – “Qarabağ” matçında meydan sahiblərinin heyətində sevindirici hadisə baş verdi.
Uzunmüddətli zədədən sonra Kristian Sebalyos 2-ci hissədə meydana çıxdı. Mövsümün əvvəlində böyük ümidlərlə Masazır təmsilçisinin heyətinə qatılan “Barselona”nın yetirməsi bununla bağlı qəzetimizə bu sözləri dedi:
“İlk növbədə qeyd edim ki, bizim üçün çətin oyun oldu. Rəqib daha yaxşı idi. Düşünürəm ki, növbəti matçlarda kompakt şəkildə oynamalıyıq. Topu idarə etməyi bacarmalıyıq. Hücumlarda daha təsirli futbol sərgiləməliyik. Məğlubiyyətlərin həmişə müəyyən effekti olur. Fikirləşirəm ki, qısa zamanda böyük qələbələr əldə edəcəyik. Uzun müddətdən sonra komandama kömək olduğum üçün çox xoşbəxtəm. Dizimdə xırda problemlər var. Lakin bu oynamağım üçün əngəl deyil. Artıq özümü daha yaxşı hiss edirəm və bundan da yaxşı bərpa olacam. Bildiyiniz kimi, zədələndikdən sonra çox vaxt itirdim. Ancaq indi özümü möhtəşəm hiss edirəm. Müntəzəm məşqlərə qatılıram. Oyunlarda iştirak etmək üçün də hazıram. Mövsümü daha yaxşı nəticə ilə bitirmək istəyirəm. Bu həm də mənim hədəfimdi”.