Futbol üzrə ölkə çempionatında yeni mövsüm bu gün keçiriləcək “Turan Tovuz” - “Qəbələ” matçı ilə start götürür. Tovuzlular dünən doğma şəhərə dönüb.
Xüsusi qatarla Tovuza təşrif buyuran komandanı vağzalda qarşılayanlar arasında “Futbol+”in əməkdaşı da olub. O, müdafiəçi Faiq Hacıyevdən bir neçə suala cavab alıb.
- Yay təlim-məşq toplanışını necə dəyərləndirərdin?
- Hər şey plana uyğun getdi. Yaxşı hazırlaşmışıq və məşqçilərin tapşırıqlarını layiqincə yerinə yetirmişik. İlk oyunlar həmişə çətin olur, amma əlimizdən gələnin ən yaxşısını edib, qələbə qazanmağa çalışacağıq.
- Ötən həftə klub yeni sponsorla müqavilə bağladı. Futbolçular qarşısında konkret hədəflər qoyulubmu?
- Hədəflərimiz yenə də yüksəkdi. Yuxarı pillələr uğrunda mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, ötən mövsümdəki nəticəmizi daha da yaxşılaşdıraq.
- Bu yay komandaya qoşulanların əksəriyyəti müdafiəçilərdi. Amma azarkeşlər hücum xəttində ciddi güclənmə görmədi. Yük daha çox müdafiənin üzərinə düşəcək?
- Bu məsələləri məşqçilər korpusu daha yaxşı bilir. Düşünürəm ki, transferlər də məhz buna uyğun həyata keçirilib. Yeni gələn futbolçuların komandamıza böyük xeyri olacaq. Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik.
- Sabah “Qəbələ” ilə qarşılaşacaqsız. Mövsümün startı üçün bu oyun nə dərəcədə həlledicidi?
- İlk oyunlar həmişə çətin keçir. Tam hazır olmasaq belə, meydana çıxıb qələbə qazanmaqla azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Yeni mövsümdən gözləntilər böyükdü, amma transferlər daha çox arxa xəttə yönəlib. Bu heyətlə “Turan Tovuz” yeni mövsümdə hansı yerlər uğrunda oynayacaq?
- Yalnız və yalnız yüksək yerlər uğrunda!
ƏSƏD SEYİDOV