Əbəs yerə demirlər ki, qapıçı komandanın yarısıdı. İş penalti seriyasına qədər uzananda yarısı yox, artıq hamısı olur!
İyulun 30-da, bir gündə “Zirə” ilə “Neftçi”nin Konfrans Liqasında mübarizəni dayandırmasının, “Qarabağ”ın Avropa Liqasında dayanmasının üzüntüsü o qədər böyük idi ki, Mateuş Koxalskinin ÇSKA ilə oyunsonrası penalti seriyasındakı davranışı diqqətdən kənarda qaldı. Mənə elə gəlir ki, polşalı qapıçının seriya boyunca hərəkətlərinə bir daha baxmağa dəyər.
Penaltilərin olacağı bilinən kimi ÇSKA-nın qapıçılar üzrə məşqçisi Lapuxovu yanına salır, ehtiyat oyunçular skamyasında “Qarabağ”ın oyunçularından kimin topu hara vuracağını göstərir. Koxalskiyə Elxan Həsənov və Şahruddin Məhəmmədəliyev hansısa tövsiyələr verir, ancaq praktik yardımdan söhbət getmir. “Qarabağ” üçün daha bir bəxtsizlik penaltilərin bolqar azarkeşlərin arxasında qərarlaşdığı qapıya vurulması olur.
ÇSKA-nın 1-ci zərbəsi. Yannis Pittas topa yaxınlaşır. Koxalski sola tullanır, top onun sağından tora daxil olur.
2-ci zərbə. Teodor İvanov vurur, Koxalski bu dəfə sağa tullanır, top onun solundan tora daxil olur.
3-cü zərbə. Jan-Filipp Qbamin topa yaxınlaşır. Sanki ilk iki zərbədən sonra ruhdan düşmüş Koxalski mərkəzdə dayanır, tullanmır, su içirmiş kimi dizini qatlayır, top onun sağından tora daxil olur.
4-cü zərbə. Stefano Sensi topa yaxınlaşır. Koxalski yenə tullanmır, top sakitcə onun solundan tora daxil olur.
5-ci zərbə. Ceyms Eto’o bu dəfə topu məhz Koxalskinin tullandığı istiqamətə - qapının sağ küncünə, amma elə nöqtəyə vurur ki, qapıçı çata bilmir.
Əlbəttə, qapıda Şahruddin dayansaydı, şəxsən mən bu mövzuya toxunmazdım, çünki onun bədən quruluşu penaltilərdə inamlı olmağa imkan vermir. Ancaq Koxalskinin istər ölkədaxili yarışlarda, istərsə də avrokuboklarda dəfələrlə penalti qaytardığını görmüşük. “Napoli” ilə oyun hər kəsin yadındadı. Başqa bir faktı da xatırladım: Koxalski 2025/26 mövsümündə qapısına təyin olunan 6 penaltidən üçünü ("İmişli" ilə oyunda Juninyonun, "Sumqayıt"la oyunda Ramalinqomun, "Sabah"la oyunda Mikelsin zərbəsini) dəf edib.
Bildiyim qədəri ilə polşalı qapıçı da bu yay “Qarabağ”dan ayrılmaq istəyənlərdən idi. Bəlkə də heç belə deyil. Amma reallıq budu ki, ustalıq səviyyəsi şübhə doğurmayan Koxalski ÇSKA ilə penalti seriyasında komandasına zərrəcə yardım etmədi. Məncə, kifayətdi. Nüsrət Kəsəmənlinin məşhur şeirinin iki misrası ilə yazıya son qoymaq istəyirəm:
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri...
ORXAN