“Ayntraxt”dan “Qarabağ” üçün iki ciddi həmlə: bizimkilər isə vaxt itirir...

5.01.2026 12:35 226
Ölkə futbolu / Manşet
“Qarabağ”ın Çempionlar Liqası çərçivəsində Frankfurt “Ayntraxt”ına qarşı keçirəcəyi taleyüklü matça 16 gün qaldı. Bu ərəfədə həm “köhlən atlar”ın, həm də Almaniya təmsilçisinin heyətlə bağlı planlarına nəzər salmaq vacibdi.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar”ın düşərgəsində sükut hökm sürür. Həm də təcrübəli hücumçu çatışmazlığı üzündən vacib xallar itirən Ağdam təmsilçisi hələ yeni transfer reallaşdırmayıb.

Qarşı tərəfə gəlincə, “qartallar” son günlərdə 2 hücumçu transferinə imza atıb. Bunlardan birincisi Yunus Ebnutalibdi. “Elversberq”dən alınan futbolçunun 22 yaşı var. O, bu mövsüm 2-ci bundesliqada meydana çıxdığı 17 matçda 12 qol vurub. Digər yeni oyunçu isə Ayub Amamuni-Eçquyabıdı. “Hoffenhaym”ı “Ayntraxt”a dəyişən 22 yaşlı futbolçu bu mövsüm forma geydiyi 18 qarşılaşmada 9 qol, 6 məhsuldar ötürmə müəllifi olub. “Ayntraxt” hər iki hücumçuyla 5 illik müqavilə imzalayıb.

Göründüyü kimi, “qartallar” qış fasiləsində hücum xəttinin gücləndirilməsinə nail ola bilib. Belədə “Qarabağ”ın hələ hücumçu almaması yaxşı əlamət deyil…

Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21.45-də başlayacaq.

KƏNAN BAHADIR