"AFFA-nın ayırdığı maliyyənin azaldılması duruma birbaşa təsir göstərəcək" - Ayxan Abbssov

3.05.2025 19:21 24
Ölkə futbolu / Manşet
"Şamaxı" Misli premyer-liqasının evdə keçirilən 33-cü tur matçında "Səbail"lə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Maraqlı oyun alındı. "Səbail" bütün matçlara final oyunu kimi yanaşır. "Araz-Naxçıvan"a qarşı da yaxşı oyun sərgiləmişdilər. Biz işimizin öhdəsindən gəlmişik - premyer-liqadakı yerimizi qorumuşuq.

- Edqarın zədəsi ciddidi?
- İnanmıram ciddi olsun. Amma toxunuş var idi.

- Komandanın növbəti mövsüm üçün planları necədi?
- Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla dolanırıq. Hələ növbəti mövsümlə bağlı büdcəmiz bəlli deyil. Yaxın günlərdə futbolçularla danışıqlara başlayacağıq. Hələ gözləyirik. Heyəti qorumaq çətin olacaq.

- Büdcənin miqdarının bəlli olmaması sizin üçün nə dərəcədə çətinlik yaranacaq?
- Çox ciddi çətinlik yaradacaq. AFFA-nın ayırdığı maliyyənin azaldılması da duruma birbaşa təsir göstərəcək.

- Amma Rikardo Fernandeslə yeni müqavilə imzaladız...
- Bəli, onun çoxlu təklifləri var idi. Peşəkar futbolçudu. Razılığa gəldik. Başqa oyunçularla da ortaq məxrəcə gəlməyin yollarını tapmalıyıq.

KƏNAN BAHADIR