Ölkəmizin U-19 yığması bu gün AÇ-2025-in seçmə turniri çərçivəsində ilk oyununu keçirəcək.
Elxan Abdullayevin çalışdırdığı komanda Moldovanın paytaxtı Kişinyovda əvvəlcə İslandiya, noyabrın 16-da İrlandiya və 19-da meydan sahibləri ilə qarşılaşacaq. Artıq iki gündü Moldovada olan komandanın durumu ilə bağlı bilgi almaq üçün baş məşqçi ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması belə oldu:
“Bildiyiniz kimi, dünəndən Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə gedir. Futbolçularımın fiziki durumu yaxşıdı. İslandiya yığması qrupumuzun favoriti sayılır. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit mərhələyə vəsiqə qazanmaq istəyirik. Düzdü, rəqiblərimiz güclü komandalardı. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə qayıtmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaq”.
RÖYANƏ OĞUZ