Premyer-liqada 6-cı turun əsas özəlliyi liderin dəyişməsidi. “Liverpul” “Nyukasl”la səfər oyununda xal itirən “Mançester Siti”nin büdrəməsindən yararlandı. “Tottenhem” isə “Qarabağ”ın ardından “Mançester Yunayted”in də qapısından üç top keçirdi. Londonun digər nəhəngləri – “Arsenal”la “Çelsi” sözləşibmiş kimi meydandan 4:2 hesablı qələbə ilə ayrıldılar.
Ötən turun “Arsenal”la oyununda son dəqiqədə məğlubiyyətdən qaçan MS bu dəfə “Nyukasl”ı məğlub edə bilmədi. “Şəhərlilər” oyunun əvvəlində favorit statusunu doğrultdu. Get-gedə təzyiqi artıran qonaqlar hissənin sonunda hesabı açdı. Ancaq saatın tamamında “Nyukasl” penalti qazandı və bərabərlik qolunu vurdu. “Siti”nin qələbəni qoparmaq üçün hələ vaxtı var idi. “Sağsağanlar” yaxşı müdafiə olunmaqla yanaşı, vaxtaşırı iti əks-hücumlar da qururdu. Qonaqlar qələbə topunu vura bilməyincə zirvəni əldən verdi.
Daha dəqiqi, bu, “Liverpul”un “Vulverhempton”u səfərdə məğlub etməsi sayəsində mümkün oldu. Meydana aşkar favorit statusu ilə çıxan “qırmızılar” heç də asan qələbə qazanmadı. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “canavarlar” mersisaydlılara layiqincə müqavimət göstərdi. Hətta meydan sahibləri zaman-zaman daha yaxşı təsir bağışlayırdı. İlk yarıda qol vəziyyətlərindən daha çox mübarizə var idi. Yalnız fasiləyə az qalmış qonaqlar fəallaşdılar. Əvvəlcə Soboslai yüzfaizlik qol imkanını qaçırdı. Uzatma dəqiqələrində Konate “canavarlar”ın qapısına yol tapdı. 2-ci hissə Salahın fərqi artırmaq üçün gözəl şansı əldən verməsiylə başladı. Ardından “Vulverhempton” yetərincə kuryoz şəraitdə hesabı bərabərləşdirdi. Amma meydan sahiblərinin sevinci uzun sürmədi. Bərabərlik qolundan cəmi 5 dəqiqə sonra Jotaya qarşı kobudluğa görə təyin olunan penaltini Salah dəqiq yerinə yetirdi. Qalan dəqiqələrdə ehtiyatlı oynayan Arne Slotun komandası qələbəni qoruya bildu. Xal hesabını 15-ə çatdıran “Liverpul” artıq zirvədədi.
MS ilə yanaşı, “Arsenal” da liderdən cəmi 1 xal geri qalır. Əslində “Lester”i evdə məğlub etmək “topçular” üçün elə də çətin vəzifə kimi görünmürdü. İlk dəqiqələrdən üstünlüyünü ortaya qoyan “Arsenal” “tülkülər”i qapısına doğru sıxışdırdı. Belə təzyiqin məntiqi nəticəsi kimi 20-ci dəqiqədə hesab açıldı. Bundan sonra imkanları sağa-sola xərcləyən “topçular”, hər halda, hissənin sonunda fərqi artırdı. Amma 2:0-dan sonra sanki onlara nəsə oldu. Və 2-ci hissənin ortalarında hesab artıq 2:2 idi. Hesab bərabərləşəndən sonra da meydan sahibləri inanılmaz imkanları qaçırdı, üstəlik “Lester”in qapıçısı Hermansen möcüzələr yaradırdı. Yalnız uzatma dəqiqələrində qonaqların müqavimətini qırmaq mümkün oldu. Trossar və Havertsin qolları ilə “Arsenal” özü üçün biabırçı sayıla biləcək nəticədən – heç-heçədən qurtuldu.
“Çelsi” – “Brayton” oyununun maraqlı keçəcəyi gözlənilirdi. Ancaq rəqiblər elə ilk yarıda bütün gücünü meydanda qoymaqla gözləntiləri də aşdı. 5-ci dəqiqədə cərimə meydançasında səhvə yol verən “zadəganlar”ı Rütter cəzalandırdı. Amma bundan sonra Palmerin şousu başladı. O, “qağayılar”ın qapısına bir dəfə penaltidən, bir dəfə cərimə zərbəsindən, iki dəfə isə oyun vəziyyətindən yol tapmaqla ilk yarıda poker etdi. Bu qollar arasında qonaqlardan Baleba fərqləndi. 2-ci hissədə Kukurelya da sabiq komandasının qapısına yol tapdı, ancaq onun vurduğu qol ofsayd üzündən sayılmadı. Ardıcıl 3-cü qələbəsini qazanan “Çelsi” liderlərə isti nəfəsini hiss etdirir.
MY haqda isə xoş sözlər demək çətindi. Bu komanda bəlkə də cari mövsümdəki ən pis oyununu keçirdi. “Qırmızı şeytanlar” cümə axşamı “Qarabağ”ı darmadağın edən “Tottenhem”lə oyunda qapazaltı oldu. Bu dəfə də erkən qol vuran (ağdamlılarla oyunda olduğu kimi, yenə Conson!) “mahmızlar” qalam vaxt ərzində dominantlıq etdi. Onlar güclü hücumlaq qurur, topa nəzarət edir və çoxlu qol vəziyyəti yaradırdı. “Tottenhem” Bruno Fernandeşin 42-ci dəqiqədə meydandan qovulması üzündən say üstünlüyü qazandı. 2-ci hissənin əvvəlində fərqi artıran qonaqlar daha rahat oynamağa başladı. Düzdü, “mahmızlar” qısa zaman kəsiyində rəqibə də hücum etmək üçün imkan yaratdı. Ancaq Solanke 77-ci dəqiqədə daha bir qol vurmaqla darmadağını rəsmiləşdirdi. 3:0 meydanda yaşananları tam real şəkildə əks etdirir.
Turun qalan oyunlarına gəlincə, “Everton” mövsümdə ilk qələbəsini qazandı. “Brentford” – “Vest Hem”, “İpsviç” – “Aston Villa” oyunlarında məhsuldar heç-heçə qeydə alındı. “Fulhem” “Nottingem Forest”i səfərdə məğlub etdi. Dünən axşam keçirilən son oyunda isə “Bornmut” “Sauthempton”a qalib gəldi.
6-cı tur
Nyukasl – Mançester Siti 1:1
Qordon, 57-p. – Qvardiol, 35. (52248)
MS: Ederson, Uoker, Diaş, Akanci, Qvardiol, Lüis (Savinyo, 81), Kovaçiç, B.Silva, Gündoğan (Foden, 66), Qriliş (Dokyu, 81), Holann.
Vulverhempton – Liverpul 1:2
Ayt-Nuri, 56 – Konate, 45+2. Salah, 61-p. (31413)
Liverpul: Alisson, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson (Qomes, 89), Qravenberx, Makallister, Salah, Soboslai (Cons, 73), Dias (Qakpo, 73), Jota.
Arsenal – Lester 4:2
Martinelli, 20. Trossar, 45+1; 90+4. Haverts, 90+10 – Castin, 47; 63. (60323)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Kalafyori, Rays, Parti (Nvaneri, 85), Trossar (Jezus, 90+8), Saka, Haverts, Martinelli (Sterlinq, 74).
Çelsi – Brayton 4:2
Palmer, 21; 28-p.; 31; 41 – Rütter, 7. Baleba, 34. (39495)
Çelsi: Sançes, Hüsto, Fofana, Koluill, Kukurelya (Veyqa, 70), Kaysedo, Fernandes (Lavia, 79), Madueke (Neto, 63), Palmer, Sanço (Mudrik, 71), Cekson (Nkunku, 79).
Mançester Yunayted – Tottenhem 0:3
Conson, 3. Kulusevski, 47. Solanke, 77. (73235)
MY: Onana, Mazraui, De Liqt, Martines, Dalot, Maynu (Maunt, 45/Dyallo, 85), Uqarte (Eriksen, 73), Qarnaço, Fernandeş, Reşford (Heylunn, 73), Zirkzee (Kazemiro, 46).
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven (Drequşin, 81), Udoci (Spens, 46), Kulusevski, Bentankur, Meddison (Sarr, 77), Conson (Mur, 76), Solanke, Verner (Berqvall, 77).
Everton – Kristal Pelas 2:1
Maknil, 47; 54 – Qexi, 10. (38954)
Brentford – Vest Hem 1:1
Mbemo, 1 – Souçek, 54. (17050)
İpsviç – Aston Villa 2:2
Delap, 8; 72 – Rocers, 15. Uotkins, 32. (29943)
Nottingem Forest – Fulhem 0:1
Ximenes, 51-p. (30139)
Bornmut – Sauthempton 3:1
Evanilson, 17. Uattara, 32. Semenyo, 38 – Harvud-Bellis, 51.
1. Liverpul 6 5 0 1 12-2 15
2. Mançester S. 6 4 2 0 14-6 14
3. Arsenal 6 4 2 0 12-5 14
4. Çelsi 6 4 1 1 15-7 13
5. Aston Villa 6 4 1 1 12-9 13
6. Fulhem 6 3 2 1 8-5 11
7. Nyukasl 6 3 2 1 8-7 11
8. Tottenhem 6 3 1 2 12-5 10
9. Brayton 6 2 3 1 10-8 9
10. Nottingem F. 6 2 3 1 6-5 9
11. Bornmut 6 2 2 2 8-9 8
12. Brentford 6 2 1 3 8-10 7
13. Mançester Y. 6 2 1 3 5-8 7
14. Vest Hem 6 1 2 3 6-10 5
15. İpsviç 6 0 4 2 5-10 4
16. Everton 6 1 1 4 7-15 4
17. Lester 6 0 3 3 8-12 3
17. Kristal Pelas 6 0 3 3 5-9 3
19. Sauthempton 6 0 1 5 3-12 1
20. Vulverhempton 6 0 1 5 6-16 1
Bombardirlər: Holann (MS) – 10, Palmer (Çelsi) – 6, Mbemo (Brentford), Dias (Liverpul) - 5.
Növbəti turun oyunları oktyabrın 5-6-da keçiriləcək: Kristal Pelas – Liverpul, Arsenal – Sauthempton, Brentford – Vulverhempton, Lester – Bornmut, Mançester Siti – Fulhem, Vest Hem – İpsviç, Everton – Nyukasl, Aston Villa – Mançester Yunayted, Çelsi – Nottingem Forest, Brayton – Tottenhem.
Turun rəqəmi
1 – “Brentford” premyer-liqa tarixinə ardıcıl üç oyunun ilk dəqiqəsində fərqlənən 1-ci klub kimi düşdü. Londonlular 4-cü turun MS ilə oyununun 23-cü, 5-ci turun “Tottenhem”lə oyununun 24-ü saniyəsində fərqlənmişdilər. Bu dəfə isə “Vest Hem”lə oyunda 37-ci saniyədə hesabı açdılar.
Turun ulduzu
Koul Palmer (Çelsi) – bir futbolçu artıq ilk yarıda poker edirsə, nə deyəsən?! Bu oyun 22 yaşlı yarımmüdafiəçinin benefisinə çevrildi. Özü də hər zövqdə qol vurdu.
Turun sitatı
Eşli Yanq, MY-nin sabiq müdafiəçisi: “Mançester Yunayted”də nə sürət, nə hansısa cəhd, nə də liderlər var idi. Belə görünürdü ki, meydanda ayrı-ayrı futbolçular var, komanda yoxdu. Heç kim topu götürmək, nəsə yaratmaq istəmirdi. MY üçün hər şey əvvəldən axıra qədər pis keçdi, komanda heç nə etmədi”.
Faktlar
* “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Palmer “Brayton”la oyunun ilk yarısında 4 qol vurdu. O, premyer-liqa tarixinə bir hissə ərzində bunu bacaran ilk futbolçu kimi düşdü.
* Bruno Fernandeş karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Portuqaliyalı yarımmüdafiəçi rəqibin oyunçusu Meddisonun ayağına arxadan zərbə vurmaqla yerə sərdi. Bruno peşəkar karyerasında keçirdiyi 616-cı oyunda ilk dəfə birbaşa “qırmızı” ilə cəzalandırıldı. 2020-ci ildən MY-nin şərəfini qoruyan 30 yaşlı portuqaliyalı əvvəllər də qovulub, sadəcə, iki sarı vərəqədən sonra.
Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: