“Sanki mingəçevirli azarkeşləri güclə stadiona gətirmişdilər” – baş məşqçi narazı qaldı

19.09.2024 20:55 183
Aktual / Ölkə futbolu
1-ci liqanın 2-ci tur matçında “Karvan”ı qəbul edən “Mingəçevir” məğlub oldu – 1:3.

“Football-plus.az” dünən keçirilən Aran derbisi haqda fikirlərini öyrənmək üçün hər iki komandanın baş məşqçisi ilə əlaqə saxladı.

Ədəhim Niftəliyev (Mingəçevir):

“Futbolçularım pis təsir bağışlamadı. Əzmkar çıxış etdilər. Rəqibin bizi oyun baxımından üstələdiyini deməzdim. Texniki səhvlərə görə qollar buraxdıq. Xüsusilə birinci qol zamanı müdafiəçilər qonaqlara yaxşı şərait yaratdı. Halbuki əvvəlcədən səhvsiz oynamalı olduğumuzu demişdim. Yenə də komandam döyüşdü. Açıq futbol oynadıq. Aran derbisi ab-havasına gəlincə, bizi Mingəçevirdə sevən, dəstəkləyən çoxdu. Lakin bu matçda həmin qayğını hiss etmədik. Elə bildim ki, Yevlaxda meydana çıxmışıq. Tərəfdarların əksəriyyəti “Karvan”ı dəstəkləyirdi. Sanki mingəçevirli azarkeşləri güclə stadiona gətirmişdilər. Əksəriyyətinin səsi çıxmırdı”.
Kənan Kərimov (Karvan): “Həm futbolçularımı, həm də bütün “Karvan” azarkeşlərini layiqli qələbə münasibətilə təbrik edirəm. Şükür Allaha, xalımızı 6-ya çatdırdıq. Çalışacağıq ki, belə davam edək. Oyun çox maraqlı keçdi. Tamaşaçılar baxımlı matç izlədi. Komandam əzmkar çıxış etdi. Əlbəttə, qüsursuz deyilik. Müəyyən çatışmazlıqlar var. Oyundan-oyuna daha yaxşı performans göstərmək istəyirik. Yanımızda olduqları üçün, ən əsası Mingəçevirdə derbi ab-havası yaratdıqları üçün bütün azarkeşlərimizə təşəkkür edirəm. Daha güclü olmalıyıq”.


KƏNAN BAHADIR