Luka Modriç, Xorvatiya yığmasının yarımmüdafiəçisi:
“Hələ ki beynəlxalq karyeramı başa vurmaq istəmirəm (39 yaşlı Modriç 2006-cı ildən formasını geydiyi milli komandada 180 oyuna 27 qol vurub – R.Y.). Mənim vəziyyətimdə bu suala heç vaxt dəqiq cavab verilə bilməz. Matçdan-matça irəliləyirəm, gələcəyə, çox da uzağa baxmıram. İçimdəki alovun söndüyünü hiss etsəm, karyeramı başa vuracam. Bunu yalnız mən hiss edirəm və bu qərarı yalnız özüm verə bilərəm”.
Maurisio Poçettino, ABŞ yığmasının baş məşqçisi:
“Bu, sadəcə, iş və futbol deyil. Bu, səyahət və macəradı. Yeni komandam ilə tarixi nəticə qazanmaq istəyirəm. Sərəncamımda ölkənin qürurlana biləcəyi yüksək səviyyəli futbolçular olacaq”.
Luis Suares, Uruqvay yığmasının sabiq hücumçusu (milli komandadakı karyerasını başa vurması ilə bağlı sosial şəbəkə hesabı vasitəsilə Uruqvay xalqına müraciəti):
“Bir neçə gündən sonra sizə cümə günü yaşadığım gözəl, bənzərsiz və xüsusi ana görə təşəkkür etmək üçün yaza bilərəm. Çünki bu anı ailəmlə birlikdə yaşaya bildim (Suares 2007-ci ilin fevralında 20 yaşında debüt etdiyi milli komandada 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə edib. O, DÇ-2026-nın seçmə turnirinin sentyabrın 7-də Paraqvay ilə keçirilən oyununda beynəlxalq karyerasını başa vurub – R.Y.). Bu, mənim sevdiklərimin, məni həqiqətən bir insan kimi tanıyanların əhatəsində yaşadığım mükəmməl vida idi. Mənə göstərdiyi sevgi üçün bütün Uruqvay xalqına təşəkkür edirəm. Mən artıq Uruqvay yığmasının oyunçusu deyiləm, amma həmişə bu komandanın azarkeşi olacağam!”
Enrike Sereso, “Atletiko”nun prezidenti:
“Mənə Çempionlar Liqasında “Real”a qarşı daha bir final lazımdı. Tezliklə bu turnirdə həm növbəti mövsüm, həm də bizim sona çatdıra bilmədiyimiz iş başlayacaq. Dördüncü dəfə xoşbəxt sonluğa ümid edirik (“Atletiko” turnirin finalında üç dəfə məğlub olub – R.Y.). İlk növbədə 16 ən yaxşı komandanın sırasına düşməyə çalışmalıyıq. Yeni formatda komandalar müxtəlif rəqiblərlə bir dəfə olmaqla çox sayda oyun keçirəcəklər. Pley-offa çıxmaq üçün mümkün qədər çox qələbə qazanmalıyıq. Bu tələbdi”.
Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu:
“Real” futbol tarixinin ən yaxşı klubudu və mən orada oynayarkən çox xoşbəxt idim (Ronaldo Madrid klubunda 2009-18-ci illərdə çıxış edib - R.Y.). Klub tarixinin yaxşı bombardiri oldum, dörd dəfə Çempionlar Liqasının qalibi olduq, bu, gözəl dövr idi. Deyirlər ki, “Real” Çempionlar Liqasında hər zaman şanslıdı, lakin bu klubun xüsusi aurası var. “Real” həmişə bütün vacib anlara hazırdı. “Santyaqo Bernabeu” da çətin vəziyyətdə dəstək verməyə hazırdı, onların statusu və xarakteri var. “Bernabeuda”kı enerji digər stadionlardan fərqlidi. Bu komanda böyük təzyiq altında olsa da, 85-90-cı dəqiqələrdə qol vurmağa qadirdi. “Mançester Yunayted”? Fikrimcə, bu komanda yenidən qurulmalıdı. Məşqçi (baş məşqçi Erik ten Haqı nəzərdə tutur – R.Y.) deyir ki, komanda ölkə çempionatında və Çempionlar Liqasında qələbə üçün mübarizə apara bilməz. “Yunayted”in baş məşqçisi bunu deyə bilməz. O, düşünə bilər ki, bizim belə potensialımız yoxdu, amma məlum fikrini dilinə gətirməməlidi. O, “biz çalışacağıq. Biz cəhd etməliyik” deməlidi. Məşqçi ola bilərəm? Mənim üçün məşqçilik etmək çətin olar, çünki indiki futbolçu nəslinə rəğbət bəsləmirəm. Bu, çətin peşədi, əsasən də futbolda. Çünki indi əksər futbolçular təcrübə üzərində yaranan məsləhətə qulaq asmırlar. Düşünürlər ki, hər şeyi bilirlər. Elə bilirlər ki, telefonlar, sosial şəbəkələr onlara yaxşı təhsil verəcək. Hələ düşünməli olduğum şeylər var. Mənim həyatımın digər hissəsi bizneslə bağlıdı və mən buna heyranam. Bu, mənim üçün sınaq olacaq. Bilmədiyim sahələri araşdıracağam, öz biznesimə daha çox yönələcəyəm. Düşünürəm ki, bu planda hər şey yaxşı olacaq”.
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“O, deyib ki, “Mançester Yunayted” bu mövsüm premyer-liqanın qalibi ola bilməz. Diqqətlə oxusanız, belə dediyini görmək olur. Ronaldo indi “Yunayted”dən çox uzaqdadı, Səudiyyə Ərəbistandadı. Hamının öz fikri ola bilər, normaldı”.
Lionel Messi, “İnter Mayami”nin hücumçusu:
“Fikrimcə, Maykl Cordan tarixin ən böyük idmançısıdı (indi 61 yaşında olan Cordan ikiqat Olimpiya çempionu və 6 qat MBA çempionudu – R.Y.). “Son Rəqs” serialına baxdıqdan sonra çox ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”.
Daniel Karvaxal, “Real”ın müdafiəçisi:
“Real”a hörmət əlaməti olaraq Avropada başqa klubun formasını geyə bilmərəm. Bütün tərəflər razılığa gələrsə, müqaviləmi məmnuniyyətlə yeniləyərəm. Həmişə bunu arzulamışam”.
Qaret Sautqeyt, İngiltərə yığmasının sabiq baş məşqçisi:
“Karyeramla bağlı vacib qərarı verməyə tələsmirəm. Çox variant var, bundan sonra da ala biləcəyim bütün təkliflərə açığam. Fəaliyyətimi həm futbolda, həm də ondan kənarda davam etdirə bilərəm. Sadəcə, karyeramda fasilə vermək istəyirəm ki, gücümü yenidən toplayıb növbəti macəralara başlayım. Futbol ictiaiyyətinin mənim yeni enerjiyə ehtiyac duyduğumu anladığını düşünürəm. Milli komanda ilə 8 ili əhatə edən inanılmaz macəra yaşadım. Öz ölkənin əsas komandasını çalışdırmağın qeyri-adi üstünlük olduğunu hesab edirəm. Mən möhtəşəm futbolçular və valehedici personal ilə birgə işləmişəm”.
Quti, İspaniya yığmasının sabiq yarımmüdafiəçisi:
“Lamin hazırda dünya futbolunda ən uğurlu oyunçular sırasındadı. Ola bilsin, onlar arasında ən yaxşısıdı. Fikrimcə, yamal indi yalnız “Barselona”nın deyil, həm də İspaniya yığmasının ən yaxşı oyunçusudu”.