U-21-lər arasında AÇ-2025-in seçmə oyunu
F qrupu
Azərbaycan – Serbiya 0:2 (0:2)
1. Yusif İmanov
21. İbrahim Ramazanov
4. Cəlal Hüseynov
5. Mahir Həsənov
3. Rüfət Abbasov
(20. Rüfət Əhmədov, 79)
8. Fərid Yusifli (k)
13. Emil Səfərov
(6. Şahin Şahniyarov, 85)
2. Abdulla Rzayev
14. Xəyal Əliyev
(10. Samir Abdullayev, 79)
18. Ağadadaş Salyanski
9. Nəriman Axundzadə
Ehtiyat oyunçular
22. Eldar Tağızadə
11. Samir Məhərrəmli
15. Süleyman Damadayev
16. Qurban Səfərov
17. Murad Vəliyev
19. Rauf Rüstəmli
Baş məşqçi: Samir Əliyev
12. Lazar Kaliçanin
16. Lazar Konstantinov
(2. Oqnen Mimoviç, 62)
3. Mixaylo İliç (k)
6. Voyin Serafimoviç
14. Vukaşin Curceviç
4. Nikola Miliçiç
20. Yovan Şlyiviç
(15. Duşan Pavloviç, 88)
17. Stefan Codiç
22. Marko Veliçkoviç
(18. Aleksey Vukiçeviç, 62)
10. Yovan Miloşeviç
(9. Samed Bazdar, 74)
7. Yovan Miyatoviç
(11. Matiya Qlusçeviç, 74)
Ehtiyat oyunçular
23. Dimitri Stevanoviç
8. Mihaylo Petkoviç
13. Stefan Bukinats
21. Nemanya Trifunoviç
Baş məşqçi: Lübinko Druloviç
Qollar: V.Curceviç, 26 (0:1). Y.Miyatoviç, 40 (0:2).
N.Axundzadə 47-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: S.Codiç, 60. A.Vukiçeviç, 90+2 – sarı.
Hakimlər: BASTİAN DEÇEFİ, Aleksis Aquer, Brays Parinet Le Teller, Florent Batta (hamısı Fransa).
10 sentyabr. Bakı. “Liv Bona Dea Arena”. 180 tamaşaçı.
Birini hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Bu oyunu yığmamızın turnirdəki sonuncu şansı kimi dəyərləndirsək, yanılmarıq. Necə deyərlər, bu dəfə də ipin ucu qaçsa, durumu toparlamaq imkansıza yaxın sayılacaqdı. O başqa məsələ ki, qorxduğumuz başımıza gəldi. Sentyabrın 6-da lüksemburqlu həmyaşıdlarının meydanından məğlub ayrılan komandanın dadına çərşənbə axşamı “doğma divarlar” da çatmadı. Milli evdə serblərə uduzmaqla sonuncu yerdən qurtulmaq şansını minimuma endirdi. Düzdü, qələbəyə ümid onsuz da az idi. Lakin yenə fürsətləri dəyərləndirməmək, hətta penaltini dəqiq yerinə yetirməmək nəticəyə xeyli təsir etdi. Əlbəttə, məğlubiyyətdə qonaqların ilk dəqiqələrdən başlatdığı ciddi təzyiqin də rolu var. Hələ bir ovuc azarkeş yerini isitməmiş Veliçkoviçin qeyri-dəqiq zərbəsi qeydə alındı.
Ardından Emil rəqibin cərimə meydançası daxilində təhlükə yaratsa da, müdafiəçilər ona zərbə imkanı tanımadı. Abdulla isə Xəyalın ötürməsindən yararlanmamaqla komandasını məyus etdi. Bu ərəfədə qonaqların var gücüylə hesabı erkən açmağa çalışdığını qeyd edək. Onların təzyiqi yığmamızı müdafiə olunmağa məcbur edirdi. Digər tərəfdən, gənclərimiz topu saxlamaqda çətinlik çəkirdi ki, belədə serblər ardıcıl hücumlara imkan tapırdı.
Əliyevin komandasının növbəti hücum cəhdi 12-ci dəqiqəyə təsadüf etdi. Ağadadaş iki dəfə qapını nişan aldı ki, biri müdafiəçilər, digəri Kaliçanin üzündən uğursuz oldu. Mahirin yöndəmsiz cəhdi də rəqib üçün təhlükə yaratmadı. Ardından hücuma keçən serblər isə cərimə zərbəsi qazandı. Buna Emilin Miloşeviçi kobud müdaxiləylə dayandırması səbəb oldu. Nəticədə Şlyiviçin qapı önünə ötürməsini İbrahim qarşılasa da, irəli atılan Curceviç 26-cı dəqiqədə “çərçivə”ni dəqiq nişan aldı. Hesabın açılması qonaqları daha da həvəsləndirdi. Belədə Yusif Milişiçin uzaqdan zərbəsini dəf etdi. 40-cı dəqiqədə serblər daha bir qol vurdu. Belə ki, Yusifin oyuna daxil etdiyi topa yiyələnmək istəyən Xəyal Miliçiçlə təkbətək mübarizədən məğlub ayrıldı. Serbin dərhal qapı önünə ötürməsini qarşılayan Miyatoviç isə fərqi ikiyə çatdırdı. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti millimiz yaratdı. Lakin Xəyal Kaliçanini aldada bilmədiyindən hesab dəyişmədi.
Əslində 2-ci hissənin əvvəlində qol vurmaqla durumu dəyişmək mümkün idi. Lakin Nəriman penaltini inamsız yerinə yetirməklə bu yöndə ümidlərə son qoydu. Baxmayaraq ki, millimiz ikinci yarıda birinciyə nisbətən daha fəal oyun sərgilədi. Detallı desək, Konstantinov cərimə meydançasına daxil olan Abdullanın qarşısını kobud qayda pozuntusuyla aldı. Referi dərhal "nöqtə"ni göstərdi ki, topun arxasına keçən Nəriman Kaliçaninlə mübarizədən məğlub ayrıldı. Yenə də yığmamız növbəti hücumları təşkil edə bildi. 56-cı dəqiqədə Abdulla uzaqdan qapı önünə ötürməylə diqqəti çəkdi. Lakin Kaliçanin topa Xəyaldan əvvəl çatdığından təhlükəyə mane oldu. Çox keçmədən Xəyalı yenidən hadisələrin mərkəzində gördük. Bu dəfə o, topu cərimə meydançası daxilinə göndərdi. Amma yenə rəqib qolkiper önə çıxıb topa yiyələnməklə yığmamızı məyus etdi. Belədə Rüfət "çərçivə"ni nişan almağa fürsət tapmadı. Ardından Nəriman qapı önünə ötürməylə yadda qaldı ki, Miyatoviçin başla müdaxiləsi hücum cəhdinin inkişafına imkan vermədi. İbrahimin uzaqdan zərbəsini isə Kaliçanin zərərsizləşdirdi.
Qonaqların 2-ci hissədə ən təhlükəli hücumunu 77-ci dəqiqədə izlədik. Mimoviçin qapı önünə ötürməsini Qlusçeviç qarşıladı. Xoşbəxtlikdən Yusif irəli atıldı və təkbətək mübarizədən qalib ayrılmaqla millimizi 3-cü qoldan xilas etdi. Ardından Kaliçanin əla seyvlə yadda qaldı. O, Samirin "çərçivə"yə tuşlanmış zərbəsini uzaqlaşdırdı. Qolkiper Nərimanın cəhdinə də mane olmaqla azı bir qola olan ümidlərimizi "dəfn etdi". “Qarabağ”ın hücumçusu qapıçı ilə üzbəüz qaldığı epizodda topu onun başı üzərindən atmaq və ya aldadıcı fənd işlətmək əvəzinə ən səhv qərarı verdi ki, bununla da təhlükə sovuşdu. Komandalar son dəqiqələrdə hərəyə bir təhlükəli vəziyyət yaratsa da, hesab dəyişmədi. Yusif Bazdarın, Kaliçanin Samirin qapıya zərbəsini zərərsizləşdirdi. Beləliklə, yığmamız seçmə mərhələdə keçirdiyi 8-ci oyunda 7-ci dəfə uduzdu. Samir Əliyev isə hələ də hansısa bəhanələrin kölgəsinə sığınır.
Qeyd edək ki, qrupun digər matçında Şimali İrlandiya “doğma divarlar” arasında Ukraynaya uduzub – 1:2.
1. Ukrayna 8 8 0 0 19-4 24
2. İngiltərə 8 6 1 1 32-5 19
3. Serbiya 9 4 1 4 12-18 13
4. Lüksemburq 9 2 1 6 6-23 7
5. Ş.İrlandiya 8 2 1 5 5-10 7
6. AZƏRBAYCAN 8 1 0 7 4-18 3
KƏNAN BAHADIR
Gözdən qaçmadı
* “Liv Bona Dea Arena”da keçirilən görüşü işıqlandırmağa 10 jurnalist gəlmişdi. Təkcə media yox, azarkeşlər də bu matça ciddi maraq göstərməmişdi. Protokolda azarkeş sayı 180 göstərilsə də, tribunalarda bundan iki dəfə az adam var idi. İzləyicilər arasında klub nümayəndələri çoxluq təşkil edirdi. Seçmə mərhələdə sonuncu ev oyununu keçirməyimiz də azarkeş marağına təsir göstərməmişdi.
* Qapımıza vurulan ikinci qoldan sonra Samir Əliyev emosionallığını meydanın kənarından da bəlli edirdi. Onun köməkçisi Emin İmaməliyev də diqqət mərkəzində idi.
* Nəriman Axundzadənin U-21-ə məhz əsas yığmanın düşərgəsindən gəldiyinini göstərən əlamətlər çox idi. Təkcə elə penaltini Ramil Şeydayevin üslubunda yerinə yetirməsini xatırlamaq kifayətdi. Eyni küncə, eyni şəkildə inamsız yerinə yetirilən zərbə...
* Adətən, dəyişiklik zamanı meydanı tərk edən futbolçunun nömrəsi qırmızı rənglə göstərilsə də, bu oyunda qəribə hal yaşandı. Belə ki, 62-ci dəqiqədə rəqibin 22 nömrəli oyunçusu Marko Veliçkoviç yaşıl, 18 nömrəli oyunçusu AlekseyVukiçeviç qırmızı rənglə göstərildi. Bu da 4-cü hakimin, yaxud da əlaqələndiricinin səhvi kimi qəbul olundu. Sonrakı dəyişikliklərdə həmin səhvi düzəltdilər.
* Samir Əliyev oyunsonrası mətbuat konfransında qazonun vəziyyətindən də şikayətləndi. Baş məşqçinin ona ünvanlanan bu postda qalıb-qalmayacağı ilə bağlı suala standart cavab versə də, dodaqaltı “onsuz da iki oyunum var” deyib otağı tərk etdi.
RÖYANƏ OĞUZ